İnklüziv təhsilin əhatə dairəsinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin əmri

“2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq  əmr edirəm:

 

1. 2022-2023-cü tədris ilində Bakı şəhəri 39, 84, 265, 300, Gəncə şəhəri 8, Sumqayıt şəhəri 25, Xaçmaz şəhəri 6, Ağcabədi şəhəri 5, Qəbələ şəhəri 3 nömrəli tam orta məktəblərdə və Xırdalan şəhəri 3 nömrəli məktəb-liseydə inklüziv siniflər təşkil edilsin.

2. Yerli təhsili idarəetmə orqanları sağlamlıq imkanları məhdud uşaqların psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı əsasında seçilmiş ümumi təhsil müəssisələrində inklüziv təhsilə cəlb olunmasını təmin etsin.

3. Fəaliyyətin koordinasiyası, qiymətləndirilməsi və hesabatlılığın təmin edilməsi Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinə (V.Yaqublu) tapşırılsın.

4. İnsan resursları şöbəsi (E.Bağırov) inklüziv məktəblərə xüsusi təhsil üzrə ixtisaslı kadrların cəlb olunmasını təmin etsin. Müvafiq ixtisaslı mütəxəssis olmadıqda fəaliyyətin icrası məktəb psixoloquna həvalə edilsin. 

5. Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi (V.Mirzalıyev) müəyyən olunmuş məktəblərin infrastrukturunun sağlamlıq imkanları məhdud uşaqlar üçün müyəssərliyi  ilə bağlı tədbirlər görsün.

6. Müəyyən olunmuş məktəblərlə metodiki işin təşkili və koordinasiyası Azərbaycan Respublikasının Təhsil İnstitutuna ( R.Əzizov) tapşırılsın.

7. İctimaiyyətlə əlaqələr sektoru (C.Valehov) bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet səhifəsində yerdləşdirilməsini təmin etsin. 

8. Əmrin icrasına nəzarət nazir müavini F.Qurbanova həvalə edilsin. 

 

Əsas: Nazir müavini F.Qurbanovun 20.06.2022-ci il tarixli, 1-03-2332 nömrəli xidməti məlumatı. Azərbaycan Respublikası təhsil nazirinin  18.03.2022-ci il tarixli F-135 nömrəli əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2022-ci il üçün Fəaliyyət Planı” 


Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının Təhsil naziri
15 iyul 2022-ci il
F-443