Uşaqların xoşbəxtliyi naminə məsuliyyətimizi bölüşdürək - Mehriban Vəliyeva yazır
Yaşadığımız dünya iqtisadi-siyasi, sosial, milli və digər sistemləri bir-birilə əlaqələndirən nəhəng bir proseslə əhatə olunub. Bu gün Yer kürəsinin istənilən nöqtəsində baş verən hadisə milli sərhədləri aşaraq, qlobal rezonans doğura bilir, hətta ən ucqarlara belə təsir imkanına malik olur. Kiçik bir misalla informasiyanın yayım sürətini daha dolğun aydınlaşdırmaq yerinə düşərdi. Kanadalı uşaq atasından ona it almasını xahiş edir. Atası deyir ki, bu istəyini sosial mediada paylaşaraq 10 min "bəyənmə" (like) qazanacağın halda bu arzunu gerçəkləşdirəcəm. Uşaq atasının dediyi kimi edir və paylaşımdan ötən çox qısa müddət ərzində uşaq artıq 2 min "bəyənmə" toplayır. Göründüyü kimi, texnologiyaların sərhədsizliyi dünyanın istənilən nöqtəsində yaşayan birinin ən kiçik istəyinə belə çevik reaksiya verməyə imkan yaradır. Bu halda azyaşlının istəyi başqalarını arzuolunmaz istiqamətə yönəltmir. Ancaq əksi olsaydı, istək və ideyanın yayım dairəsi yenə eyni ola bilərdi.
Bu gün qloballaşma, onun gətirdiyi yeniliklər cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, uşaq, yeniyetmə və gənclərin həyatında da ciddi dəyişikliklərlə müşayiət olunur. İnteqrasiya proseslərinin sürətlənməsi, informasiya texnologiyalarının dinamik inkişafı, yad mədəniyyətlərin təsirinin genişlənməsi cəmiyyətimizdə dəyərlər sisteminin məzmununa da təsir göstərir, uşaqların, gənc nəslin təlim-tərbiyəsinə yanaşma baxımından müəyyən məsələlərin müzakirəsini zəruri edir.
Bir neçə gün öncə Bakı Şəhəri üzrə Təhsil İdarəsi və BMT-nin Uşaq Fondunun (YUNİSEF) Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən "Uşaq müdafiəsi: dialoq mühiti və qurumlararası əməkdaşlıq" mövzusunda konfrans da bu zərurətdən meydana gəldi. Elm və Təhsil Nazirliyi, Elm və Təhsil Nazirliyi yanında İctimai Şura, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Ombudsman Aparatı, Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Şəhər Baş Polis İdarəsi, TƏBİB, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyası, Mətbuat Şurası və digər bu kimi önəmli qurumların iştirakı ilə geniş müzakirə və təhlillər apardıq. Məqsədimiz uşaqların müdafiəsi istiqamətində əməkdaşlığı genişləndirmək, aidiyyəti qurumlarla mövcud vəziyyəti müzakirə etmək, qarşılıqlı əməkdaşlıq imkanlarına bir daha nəzər salmaq və daha səmərəli işçi platformasının yaradılmasına nail olmaq idi. Cünki bilirik ki, hər bir uşağın təhsili, sağlamlığı, təhlükəsizliyi, ailədə qayğı ilə əhatə olunması, onlara sosial və mənəvi dəstəyin göstərilməsi və hüquqlarının müdafiəsi xoşbəxt uşaqların formalaşması üçün bir təminatdır. Bu mənada cəmiyyət olaraq hər bir uşağın həyat tərzi, təhsilə münasibəti, olduğu mühit bizim üçün aktualdır.
Bugünün nəsilləri yeni dünyanın öz bərabərində gətirdiyi yeni çağırışların, internet və texnologiya əsrinin yetirmələri olan "Z-nəsilləri"dir. Onlar müstəqil və azaddırlar. Onlar smartfonlar dövrünün yetirmələridir. Fikirlərini tez-tez dəyişə bilirlər, fundamental elm sahələrinə maraqları azdır, çünki hər şeyi internetdən alırlar. Alimlərin fikrincə, tarixdə ilk dəfədir ki, insanlar özlərindən əvvəlki nəsillərdən bu dərəcədə köklü şəkildə fərqlənir. Və bu gün biz bəzən gizli, bəzən aşkar şəkildə "rəqəmsal və smart nəslin" nümayəndələri ilə Alfa nəslin, yəni onların valideynlərinin, böyüklərinin mübarizəsinin şahidi oluruq. Əslində, bunu yeni mübarizə də adlandırmaq olmaz. Çünki "atalar və oğullar" arasındakı mübarizə bəşər tarixinin ən uzunömürlü mübarizəsi olub. Hazırda isə bu ziddiyyətlər bəlkə də özünün kuliminasiya mərhələsini yaşayır. Çünki bu mübarizə başqaları tərəfindən idarə olunan uşaqlıq və gənclik illəri yaşamış yaşlı nəsil və daha mütərəqqi, daha sərbəst və daha azad həyat keçirməyə meylli olan gənc nəsil arasındadır. Yaşlı nəsil istəyir ki, gənclər mütləq "böyüklərin" sözü ilə hərəkət etsinlər, gənclər isə, əksinə, fərqli baxışlara sahibdir, onlar bu dünyaya fərqli pəncərələrdən baxırlar. Təbii ki, keçmişlə bugünün mübarizəsində haqlı, haqsız tərəflər axtarmaq niyyətində deyilik, sadəcə olaraq əvvəlki nəsillər özlərindən sonrakı nəsilləri anlamağa çalışmalıdır. Onları anlamaq, anlayaraq istiqamət vermək, nəsillər arasındakı düşüncə uzlaşmasına nail olmaq zəruridir. Dünyada aparılan bir sıra ciddi təhsil tədqiqatları da nəsillər arasındakı fərqlərin uzlaşma və anlaşma müstəvisinə gətirilməsinə xidmət edir. Ancaq bu yolla irəliyə getmək olar.
Təhsil elə bir sahədir ki, cəmiyyətin böyük bir qismini bilavasitə və dolayısı ilə maraqlandırır. Çox az ailə tapılar ki, orda təhsil alan, məktəblə əlaqəsi olan kimsə olmasın. Belə olan halda təhsil hamımızı bu və ya başqa şəkildə maraqlandıran, düşündürən sahə olduğu üçün baş verənlərdən də kənarda qala bilmərik- istər uğurlarımız olsun, istərsə də baş verən hər hansısa xoşagəlməz hadisə. Təəssüflər olsun ki, məktəbdə baş verən arzuolunmaz olayların yayılma arealı hər hansı şagirdin uğuru, məktəbin nailiyyətlərinin yayılmasından daha genişdir. Soruşsam ki, son günlərin yadınızda qalan təhsil uğuru, nailiyyəti hansı olub? Yəqin ki, bir çoxları bunu xatırlamaqda çətinlik çəkər. Lakin təhsildə baş verən hansısa arzuolunmaz hadisə barədə soruşsaq bunu daha yaxşı xatırlayarlar. Gündəmin ümumi mənzərəsi daha çox arzuolunmaz olaylara köklənsə də, təbii ki, uğurlar, yeniliklər daha çoxdur. Sadəcə olaraq "Biz nəyi görmək istəyirik?" sualı ətrafında hər kəsin özünün düşüncəsi də müzakirə mövzusu ola bilər.
Konfransda son zamanlar bəzi ümumi təhsil müəssisələrində ictimai rezonans doğuran hadisələr, onları yaradan səbəblər, problemdən çıxış yolları barədə aidiyyəti qurumların nümayəndələri ilə ətraflı müzakirələr aparıldı. Təhsilin və məktəbin əsas missiyası, ilk növbədə təlim-tərbiyə işidir. Bakı Şəhəri üzrə Təhsil İdarəsi olaraq hazırda fəaliyyət istiqamətlərimizdə ən çox önəm verdiyimiz məsələlərdən biri şagird, müəllim, valideyn münasibətlərində ortaya çıxan boşluqları aradan qaldırmaq və bu əməkdaşılığı lazımi müstəviyə daşımaqdır. Bu gün baş verən hər hansı xoşagəlməz hadisə sırf məktəbdən qaynaqlanır kimi qəbul olunmamalıdır. Təbii ki, məktəblərdə nəzarət tədbirlərinə, məktəbdaxili nizam-intizam qaydalarının qorunmasına diqqət artırılmalıdır. Əgər bir ailənin övladı evdə hansısa xoşagəlməz davranış sərgiləyirsə, valideyn bundan narahat olur və həll yollarını axtarmağa başlayır. Biz də bu gün problemlərin həlli istiqamətində çalışırıq. Xüsusilə də söhbət yeniyetmələrdən gedirsə, bu durumda bir qədər də həssas davranmaq tələb olunur. Sərt cəza üsulları onları tərbiyələndirmək əvəzinə daha böyük problemlərə yol aça bilər. Bu yaşda olan şagirdlər bəzən etdikləri hərəkətlərlə özlərini təsdiq etmək istəyirlər. Yeniyetməlik dövrünün yaş xüsussiyyətlərindən irəli gələn şıltaqlıqdan və ya sosial şəbəkə fenomeni aludəçiliyindən qaynaqlanan bəzi hadisələrə tam nəzarət olunması, təəssüf ki, obyektiv səbəblərdən bir sıra hallarda mümkün olmur. Hər bir halda daha adekvat yollarla problemin həllinə çalışmaq lazımdır.
Bir faktı da nəzərinizə çatdırım ki, xüsusi halların müəyyən olunduğu məktəblərin təhsil göstəriciləri digər məktəblərlə müqayisədə daha aşağıdır. Lakin unutmamalıyıq ki, hansısa bir uşaq təhsildə, yaradıcılıqda və ya idmanda yüksək uğurlar qazanmasa da, o da nümunəvi vətəndaş, yaxşı sənətkar, uğurlu idmançı və ya qəhrəman ola bilər. Ona görə hər bir uşağa diqqətli və həssas yanaşmalıyıq. Heç bir uşaq diqqətdən kənarda qalmamalıdır. Onlar hər birimiz kimi cəmiyyətin bir üzvü, bir hissəsidir. Təbii ki, həssas qruplarla iş, xüsusi hallarla bağlı yanaşma təklikdə bir qurumun və ya təkcə ailənin işi deyil. Uşaqların hərtərəfli və cəmiyyət üçün daha faydalı şəxsiyyətlər kimi yetişməsi üçün hər kəs öz məsuliyyətini düzgün dəyərləndirməlidir. Ailə öz övladının davranışı və ya təhsili ilə bağlı ciddi sualla qarşılaşdıqda bilməlidir ki, hansı halda hansı instansiyaya müraciət etməli və peşəkar dəstək almalıdır.
Konfransda müzakirə olunan önəmli məsələlərdən biri də qızların təhsildən yayındırılması məsələsidir. Təəssüflər olsun ki, elm və texnologiyanın çox sürətlə inkişaf etdiyi, elmi-texniki inqilabların baş verdiyi dünyamızda hələ də qızların təhsil almasına mane olan stereotiplər mövcuddur. Tanınmış xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev deyirdi ki, "Bir oğlana təhsil versən, savadlı insan yetişdirərsən, bir qıza təhsil versən, savadlı bir ailə". O inanırdı ki, təhsilli qız təhsilli ana olacaq və övladlarına daha geniş imkanlar yaradacaq, onları gələcək həyata daha yaxşı hazırlaya biləcək. Əfsuslar olsun ki, bu gün qızların təhsil almasına mane olan sosial, məişət xarakterli maneələr var. Mentalitet, valideynlərin övladlarının gələcəyinə laqeyd münasibəti, onların övladlarını qoruya bilməmə təlaşı, qızların könüllü istəkləri və dini ekstremizm kimi bir sıra amillər, köhnəlmiş, patriarxal təsəvvür və stereotiplər bu gün qızların təhsildən yayındırılmasına səbəb olur. Sözügedən problem ucqarlarda, bəzi bölgələrdə daha qabarıq olsa da, təəssüf ki, bəzi Bakı kəndlərində də belə faktlara rast gəlinir. Ötən tədris ilinin erkən nikah statistikasına görə, paytaxtın ayrı-ayrı rayonları üzrə ümumilikdə 11 fakt qeydə alınıb. Valideyn artıq dərk etməlidir ki, zaman o zaman deyil, XXI əsrdə yaşayırıq. Ailələr övladlarının təhsil taleyini daha aydın düşüncə əsasında həll etməlidirlər.
Digər bir məsələ, məktəblərin ətrafında uyğun olmayan iaşə xidmətlərinin fəaliyyət göstərməsi də ciddi narahatlıq doğurur. Müvafiq qaydalara zidd olaraq tütün məhsulları, alkoqollu içkilərin satışı həyata keçirilir ki, bu əlçatanlıq da şagirdlərin zərərli vərdişlərə meyil göstərməsinə zəmin yaradır. Tütün aludəçiliyinə qarşı paytaxtın ümumi təhsil müəssisələrində aparılan maarifləndirmə işinin nəticəsi olaraq ötən tədris ilində 48 şagird tütündən istifadəyə son qoyub.
Həmçinin, əsrin bəlası sayılan narkomaniya, narkotik vasitələrin satışı ilə məşğul olanların təhsilalanları alıcı kimi hədəfləməsi bizi narahat edən məsələlərdəndir. Məlumdur ki, ailədə valideynlərlə uşaqlar arasında qeyri-normal münasibətlər, düzgün olmayan tərbiyə üsulları, uşaq və yeniyetmələrin problemlərinə etinasız münasibət, onların diqqət və qayğıdan kənarda qalması tədricən psixoloji-mənəvi aşınmalara gətirib çıxarır ki, bu da narkotik vasitələrdən istifadədə risk faktorlarıdır. Digər tərəfdən, narkotik istifadəçisi olan qohumlar və tanışlar, narkotik istifadəçilərinin adətən, təhsil müəssisələrinə yaxın ərazilərdə olması yeniyetmələrin narkotik vasitələrdən istifadəsinə zəmin yaradır. Narkomaniya ilə mübarizədə məktəbin roluna gəlincə, sistemli və davamlı maarifləndirmə, psixoloji dəstək, sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərə cəlbetmə yeniyetmələrin bu bəladan uzaqlaşdırılması, normal təhsilə cəlb olunmasına şərait yaradır. BŞTİ-nin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzi tərəfindən həssas qruplardan olan uşaqlarda özünə inamı artırmaq, özünənəzarəti və özünütərbiyəni gücləndirmək, alkoqollu içkilərə, psixotrop maddələrə aludəçiliyin ağır fəsadları barədə mütəmadi təlimlər keçirilir, tövsiyələr verilir. Valideynlərlə keçirilən seminarlarda uşaqların erkən inkişaf dövründə aldıqları psixoloji travmaların onların gələcəyində müxtəlif pozuntulara səbəb olma riskinin artması ilə bağlı maarifləndirici söhbətlər aparılır.
Təəssüflə qeyd etməliyik ki, dini ekstremizm, sosial şəbəkələr vasitəsilə psixoloji təzyiqlər, cinsi azlıqların və digər qeyri-ənənəvi qrupların təbliği kimi xoşagəlməz hallarla da qarşılaşırıq. Şagirdlərin bu cür ideoloji təsirlərə məruz qalmaması üçün maarifləndirici tədbirlərin gücləndirilməsi olduqca vacibdir. Və bu işdə əlaqədar qurumlarla birgə əməkdaşlıq, məsuliyyətin bölüşdürülməsi, hesab edirik ki, sözügedən problemlərin həllinə öz müsbət təsirlərini göstərəcək.
Bir daha vurğulayım ki, bu gün baş verən hansısa xoşagəlməz hadisədə daha çox məktəb və müəllim günahlandırılır. Məsələnin dərinliyinə gedəndə isə aydın olur ki, hadisədə hər kəsin ayrı-ayrılıqda məsuliyyət payı var- ailənin də, məktəbin də, müvafiq dövlət strukturlarının da. Təhsil cəmiyyətin ümumi işi olduğu üçün təhsildəki arzuolunmaz hallara qarşı mübarizə də cəmiyyətin ümumi məsələsinə çevrilməlidir. Bu mənada xoşbəxt uşaqların formalaşmasına nail olmaq işində qurumlararası əməkdaşlıq olduqca önəmlidir. Konfransda tərəfimizdən qarşılıqlı əməkdaşlıq platformasının yaradılması, preventiv tədbirlərin müəyyənləşdirilməsi, ictimaiyyətə peşəkar cəhətdən əsaslandırılmış məlumat və mesajların verilməsi, şagirdlərin özünüidarə təşkilatlarının yaradılmasının dəstəklənməsi, maarifləndirici sosial çarxların hazırlanması və digər bu kimi təkliflər irəli sürüldü. Konfransın yekunu olaraq əlaqədar dövlət qurumları ilə birgə əməkdaşlığa əsaslanan Koordinasiya Şurasının yaradılması haqqında qərar isə, hesab edirik ki, sözügedən məsələlərin həllinə öz töhfəsini verəcək. Eyni zamanda, konfransın davamı olaraq aidiyyəti qurumlarla "Dəyirmi masa"ların keçirilməsinin nəzərdə tutulması, əməkdaşlığa dair detalların müzakirəsi daha çevik mexanizmlərin tapılması məqsədini daşıyır. Yekdil fikir ondan ibarətdir ki, hər bir məsələ müzakirədə daha aydın müstəviyə çıxa bilir. Odur ki, problemlərə açıq münasibət və yanaşmaların uzlaşdırılması mühüm əhəmiyyət kəsb edir. Konfransın əsas qayəsi də bunlara nail olmaqdan ibarətdir.
Mehriban VƏLİYEVA
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri