"Oxu günü” tədbirinin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Şəxsiyyət olaraq insanın formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, cəmiyyət hadisələrinə çevik, həssas və obyektiv münasibət bəsləməsində, bədii təxəyyü­lünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında, bir çox hallarda isə həyat yolunun müəyyənləşməsində və vətəndaşlıq tərbiyəsində mütaliənin rolu müstəsna əhəmiyyət kəsb edir. Qloballaşmanın qarşısıalınmaz prosesə çevrildiyi hazırkı dövrdə milli dəyərlərin, xalqımızın mənəvi simasını əks etdirən mədəni irsinin və adət-ənənələrinin qorunub saxlanılaraq nəsildən-nəslə ötürülməsində və onların digər mədəniyyətlərlə müqayisə olunub müvafiq nəticələr çıxarılmasında mütaliə əvəzsiz təsir gücünə malikdir.

Bu səbəbdən “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası təhsil nazirinin 16 dekabr 2014-cü il tarixli 1279 nömrəli əmrini əsas götürərək şagirdlərə mütaliə vərdişlərinin aşılanması və kitabın təbliği istiqamətində “Oxu Günü” tədbirinin keçirilməsi məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. 21 aprel 2018-ci il tarixində keçirilməsi nəzərdə tutulan “Oxu günü” tədbiri üzrə 2018-ci ilin mart ayından başlayaraq aparılan hazırlıq işləri aprel ayında davam etdirilsin.

2. Tədbirin təşkilat komitəsinin tərkibi təsdiq edilsin (əlavə olunur).

3. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrinin rəhbərləri 19-20 aprel 2018-ci il tarixlərində “Oxu günü” çərçivəsində məktəbdaxili tədbirlərin keçirilməsini təmin etsinlər.

4. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektoruna (A.Qədiməliyevə), Məktəbdənkənar fəaliyyətin təşkili sektoruna (A.Əzizov), Təlimə Dəstək Mərkəzinə (S.Bektaşiyə) tapşırılsın: 

4.1. “Oxu günü” tədbirinin keçirilməsi ilə bağlı məktəbləri təlimatlandırsın.

4.2. Ümumtəhsil məktəblərinin tədbirdə yüksək səviyyədə iştirakını təmin etsin.                

5. Maliyyə və mühasibatlıq sektoru (E.Mehdiyeva) layihənin icrasından irəli gələn maliyyə məsələlərini həll etsin.

6. Təminat və təchizat sektoru (Ş.İsgəndərov) layihənin  icrasından irəli gələn təchizat məsələlərini həll etsin.

7. Ümumi sektor (S.Rəsulova) əmrin əlavələrlə birlikdə çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.

8. İctimaiyyətlə əlaqələr sektoru (B.Məmmədov) əmrin və əmrin icrası ilə əlaqədar keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını və İdarənin internet saytında yerləşdirilməsini təmin etsin.

9. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Əsas: “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası təhsil nazirinin 16 dekabr 2014-cü il tarixli 1279 nömrəli əmri.                      

 

 

Məhəbbət Vəliyeva,

Bakı  Şəhəri  üzrə Təhsil İdarəsinin müdiri 

4 aprel  2018-ci il

 F-148