“Peşəkarlıq yolunda” layihəsinin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

Müasir dövrdə texnologiyanın inkişafı ilə birlikdə peşə növlərinin sürətlə artması və ixtisaslaşmanın inkişafı peşəyönümü işinə xüsusi diqqət ayrılmasını zərurət kimi qarşıya qoyur. Təhsilalanların peşə və ixtisaslar üzrə tələb olunan bilik, bacarıq və səriştələr barədə məlumatlandırılması, maraq və qabiliyyətlərinə uyğun müvafiq ixtisas və peşə seçiminə yönəldilməsi, həmçinin müəllim və valideynlərin də bu istiqamətdə maarifləndirilməsi məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Bakı şəhəri ümumi təhsil müəssisələrinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Peşəkarlıq yolunda” layihəsi keçirilsin.

2. Layihənin icrası bu əmrə əlavə olunmuş Tədbirlər planına uyğun həyata keçirilsin (Əlavə 1).

3. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrinin rəhbərləri Tədbirlər planının icrasını təmin etsinlər və 2022-ci ilin dekabr və 2023-cü ilin iyun aylarında görülmüş işlər barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyinə məlumat versinlər.

4. İnkişaf layihələri sektoru (Günay Qurbanova) və Ümumi təhsil sektoru (Fuad Babayev) bu əmrdən irəli gələn məsələləri həll etsinlər.

5. Maliyyə və mühasibatlıq sektoru (Elmira Mehdiyeva) layihənin icrasından irəli gələn maliyyə məsələlərini həll etsin.

6. Təminat və təchizat sektoru (Səccət Mahmudov) layihənin icrasından irəli gələn təchizat məsələlərini həll etsin.

7. Ümumi sektor (Sevinc Rəsulova) əmrin əlavələrlə birlikdə surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasını təmin etsin.

8. İctimaiyyətlə əlaqələr sektoru (Bəşarət Məmmədov) əmrin və Tədbirlər planının İdarənin rəsmi internet saytında  yerləşdirilməsini və keçirilən tədbirlərin  kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını  təmin etsin.

9. Əmrin icrasına nəzarət müdir müavini Hüseyn Əsgərova  həvalə edilsin.

 

Əsas: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2022-ci il üzrə Fəaliyyət Planı.

 

Mehriban Vəliyeva,

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri

31 oktyabr 2022-ci il

                                                                                        № F-360