03.11.2026

“Tarixi yaşatmaq üçün onu gələcək nəsillərə ötürmək lazımdır”- Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov

Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Zaur Hüseynov “Məktəbdə...” layihəsinin qonağı olub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki görüşü Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyində keçirilib. 

Görüş zamanı Zaur Hüseynov şagirdlərə məktəb illəri, gələcək peşə seçimi, hərbi xidmət və döyüş yolu barədə danışıb, həyat təcrübəsini məktəblilərlə bölüşüb,  qarşıya qoyulan məqsədlərə çatmaqda təhsilin, intizamın və əzmkarlığın rolundan bəhs edib.

Qonaq, həmçinin Vətən Müharibəsi ilə bağlı yaddaşında silinməz izlər buraxan hadisələr barədə xatirələrini bölüşüb. 30 illik həsrətdən sonra Şuşaya ayaq basmağın, bu qədim şəhərin azadlığı uğrunda döyüşənlərdən biri olmağın yaratdığı hisslərdən söz açıb. Z.Hüseynov zəfərin bir döyüşçü üçün anlamı, müharibə dövründə arxa cəbhədə nümayiş etdirilən həmrəylik, xalq və ordu birliyinin əhəmiyyəti barədə fikirlərini bildirib.

Vətən Müharibəsi Qəhrəmanı məktəblilərlə bu cür görüşlərin keçirilməsinin əhəmiyyətinə də toxunub. Qeyd edib ki, belə görüşlər milli yaddaşın təzələnməsi, tarixin yaşadılması və Vətən Müharibəsində yaşananların gənc nəslə birbaşa şahidlərin dilindən çatdırılması baxımından xüsusi önəm daşımaqla bərabər, həm də onların Vətənə bağlılıq hissinin, milli şüurunun və tarixi məsuliyyət anlayışının formalaşmasına töhfə verir.

Səmimi ünsiyyət şəraitində keçən görüşdə Z.Hüseynov uşaqlara təhsil almağın, daim bilik və bacarıqlarını inkişaf etdirməyin, milli-mənəvi dəyərlərə bağlı olmağın vacibliyi barədə tövsiyələr verib, məktəbliləri maraqlandıran sualları cavablandırıb.

Sonda lisey şagirdlərinin müəllifliyi ilə hazırlanan Vətən şəhidlərinə həsr olunmuş 3 cildlik “Qarabağ sizsiz” kitabı qonağa hədiyyə edilib.  

Qeyd edək ki, “Məktəbdə…” layihəsinin əsas məqsədi şagirdlərdə mənəvi-əxlaqi dəyərlərə hörmət və mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, sosial şəbəkələrə aludəçiliyin aradan qaldırılması və mövcud imkanlardan səmərəli istifadə yollarını təbliğ etməkdən ibarətdir.

Layihənin  informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır.

Görüşü Təhsil TV də işıqlandırır.