2023-2024-cü tədris ilinin başlanması haqqında Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri

2022-2023-cü tədris ilində ümumi təhsil sahəsində görülmüş işlərin davam etdirilməsi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin 11 sentyabr 2023-cü il tarixli, 3-29/3-2-548F/2023 nömrəli əmrinin icrasının təmin edilməsi məqsədilə“Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında Əsasnamə” nin 15.6-cı bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM

 

1.Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 11 sentyabr 2023-cü il tarixli, 3-29/3-2-548F/2023 nömrəli əmri icra və rəhbərlik üçün qəbul edilsin.

2. 2023-2024-cü tədris ili Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (bundan sonra – İdarə) tabeliyində olan ümumi təhsil müəssisələrində 15 sentyabr 2023-cü il tarixdə başlasın, 14 iyun 2024-cü il tarixdə başa çatsın.

3. 2023/2024-cü tədris ilində ümumi təhsil müəssisələrində ilk dərs “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunsun.

4. İdarənin aidiyyəti struktur bölmə rəhbərləri 2022-2023-cü tədris ilinin yekunları ilə bağlı yerlərdən daxil olan problem və təklifləri ümumiləşdirib İdarə rəhbərliyinə təqdim olunmasını təmin etsinlər.

5. İdarənin tabeliyində olan ümumi təhsil müəssisələrinin rəhbərlərinə tapşırılsın ki, aşağıda qeyd olunan əlavə tədbirlər əhatə olunmaqla fəaliyyət planı təsdiq edib icrasını ciddi nəzarətdə saxlasınlar:

5.1. 2022-2023-cü tədris ilində ayrı-ayrı fənlər üzrə proqram materiallarının mənimsənilməsindəki çatışmazlıqların aradan qaldırılması məqsədilə müvafiq tədbirlərin görülməsi;

5.2. Azərbaycan dilinin dövlət dili kimi tədrisinə nəzarətin gücləndirilməsi;

5.3. Ümumi təhsil müəssisələrində təhsilalanların illik qiymətləndirmələrinin, buraxılış imtahanlarının, fənn olimpiadalarının nəticələrinin məktəb pedaqoji şuralarında ətraflı müzakirəsinin aparılması, nəticəyə uyğun qərarların qəbul edilməsi;

5.4. Şagirdlərin sağlamlığının, təhlükəsizliyinin qorunması, bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində valideynlərlə sıx əməkdaşlığın təmin edilməsi;

5.5. Şagirdlərin dərslərə müntəzəm davam etmələrini nəzarətdə saxlamaqla şagird davamiyyətinin qeydiyyat və hesabatlılığının vaxtında düzgün aparılmasının təmin edilməsi;

5.6. Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş layihələrin (STEAM, Rəqəmsal bacarıqlar və başqa) icrasına, “Ortaq türk tarixi”, “Zəfər tarixi” kurslarının təşkilinə, ümumtəhsil məktəblərində icbari təhsildən kənarda qalan şagirdlərlə işə, təhsilin keyfiyyətinin yüksəldilməsinə, ibtidai təhsil səviyyəsində tədris dili və riyaziyyat fənlərinin tədrisinə nəzarətin gücləndirilməsi;

5.7. Əmrin icrası ilə bağlı görülmüş işlər barədə 2023-cü ilin dekabr və 2024-cü ilin iyun ayında təsdiqedici sənədlər (protokollar, fotoşəkillər, cədvəllər və s.) əlavə olunmaqla İdarəyə hesabat təqdim edilməsi.

6. Hüquq, kargüzarlıq və vətəndaşlarla iş sektoru (Kamran Əliyev) bu əmrin surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasını təmin etsin.

7. Media və ictimaiyyətlə əlaqələr sektoru (Bəşarət Məmmədov) bu əmrin İdarənin rəsmi internet saytında yerləşdirilməsini və 2023-2024-cü tədris ilinin ilk dərs gününün kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını təmin etsin. 

8. Əmrin icrasına nəzarət müdir müavini Xəyalə Əhmədzadəyəhəvalə edilsin.

 

            Əsas: Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin 11 sentyabr 2023-cü il tarixli, 3-29/3-2-548F/2023 nömrəli əmri.

 

 

Mehriban Vəliyeva,

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri

13 sentyabr 2023-cü il

                                                                                        № 3-29-59/3-2-305F/2023