Nərminə Arif qızı Hüseynova

Hüseynova Nərminə Arif qızı 1988-ci ildə Bakı şəhərində anadan olub.

2005-2009-cu illərdə Bakı Dövlət Universitetini Beynəlxalq münasibətlər ixtisası üzrə bitirərək bakalavr, 2010-2011-ci illərdə Böyük Britaniyanın Nottinqem Universitetini Dövlət idarəçiliyi ixtisası üzrə bitirərək magistr elmi dərəcəsini alıb.

N.Hüseynova 2009-2010-cu illərdə Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsində, 2012-2014-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunda Strateji planlaşdırma və beynəlxalq əlaqələr şöbəsində, 2014-2016-cı illərdə Dünya Bankının təhsil sektorunun inkişafı üzrə layihəsində çalışıb.

N.Hüseynova 2016-cı ildən Təhsil İnstitutunda Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsinin, daha sonra Elm və Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri işlədiyi dövrlərdə beynəlxalq qiymətləndirmələr, ümumi təhsil müəssisələrində təhsilin keyfiyyətinin yüksəldilməsi və məzmun islahatları sahələrində çalışıb.   

2020-2023-cü illərdə Elm və Təhsil Nazirliyində Aparat rəhbərinin müavini vəzifəsində çalışan N.Hüseynova 2023-cü ilin oktyabr ayından Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini kimi fəaliyyət göstərir.

Elm və təhsil naziri Emin Əmrullayevin 23 fevral 2024-cü il tarixli əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinin müvəqqəti icrası MÜTDA-nın direktor müavini N.Hüseynovaya həvalə edilib. 

Ailəlidir, 2 övladı var.