Təlim-tərbiyə işləri üzrə direktor müavini vakansiyası haqqında məlumat

Ümumi

Biz çox şadıq ki, siz rəhbər  vakansiya üzrə öz namizədliyinizi irəli sürmək qərarına gəlmisiniz.

Siz ümumi təhsil müəssisəsində rəhbər vəzifədə çalışmaq üçün təşəbbüs göstərirsiniz.  Əminik ki, siz bu təşəbbüsün şəxsi və karyera inkişafı baxımından təqdirəlayiq olduğunu anladığınız kimi məsuliyyətli olduğunu da hiss edirsiniz.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində daxili mühiti və icma baxımından  fərqlənən üç yüzdən artıq ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrin hər birinin qarşısında duran ən ümdə vəzifə keyfiyyətli təhsil verməklə gələcəyin vətəndaşının yetişdirilməsi üçün münbit şərait yaratmaqdan ibarətdir.

 

Namizədə olan tələblər

Təlim-tərbiyə işləri üzrə direktor müavini müvafiq qanunvericiliyi bilməli, təhsil strategiyası ilə yaxından tanış olmalı, təlim prosesinin təşkil olunmasını idarə edə bilməli, həmçinin  istənilən  şəraitdə operativ qərarları qəbul edə bilməli və dünyanın aparıcı təhsil trendləri ilə ayaqlaşmağa hazır olmalıdır.

Müasir Azərbaycan məktəblərinin idarə edilməsi, ilk növbədə fərqli xüsusiyyətlərə malik komanda üzvləri ilə çalışma və diqqətini daim ümumi məqsədlər üzərində cəmləmə kimi  keyfiyyətlər tələb edir. Siz Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəbində rəhbər vəzifəni tutmaq arzusunu ifadə etməklə paytaxta xas olan situasiya, fərqli mühit və insanlarla, habelə tez-tez dəyişən şəraitdə çalışmağa hazır olduğunuzu iddia etmiş olursunuz.

Müasir təhsil ocaqlarının qarşısında duran əsas vəzifələrdən biri də olduqca maraqlı və dəyişkən işgüzar mühitdə hər bir şagirdə öz potensialının reallaşdırılması baxımından dəstək olmaq, Azərbaycanda və dünyanın fərqli məkanlarında xoşbəxt yaşama bacarığını formalaşdırmaqdan ibarətdir.

 

 

Mütləq

Arzu olunan

Təhsil:

Ali pedaqoji və ya idarəetmə ixtisası üzrə

 

Təcrübə:

Təhsil sahəsində minimum 3 il pedaqoji staj (son 3 il olmaq şərtilə)

 

Sistem üzrə:

  • Təhsilin təşkili və idarəedilməsində müvafiq səriştələr və yüksək məlumatlılıq dərəcəsi
  • Dövlət təhsil standartları haqqında müvafiq biliklər
  • Vakant vəzifə üzrə əmək funksiyaları
  • Fənn üzrə sertifikasiya balı minimum 40, sertifikasiya imtahanları keçirilməyən ixtisaslar üzrə diaqnostika balı minimum 42
  • Plan və hesabat əsaslı çalışma

 

Xarici dil biliyi:

  •  

İngilis və ya rus dillərindən biri

İKT səriştələri:

Sərbəst çalışma səriştələri:

  • Word
  • Excel
  • Power point
  • İnternet
  • Smart board
  • Digər proqramlar

Sosial–emosional səriştələr

  • Fərqli xüsusiyyətli şagirdlərlə işləmə bacarığı
  • Emosional, qeyri-stabil vəziyyətlərdə çalışma
  • Sərbəst nitq qabiliyyəti
  • Müxtəlif mədəniyyətlərə qarşı tolerantlıq və fərqli komanda üzvləri ilə çalışa bilmək
  • Analitik qabiliyyətlər
  •  

 

 

İş şəraiti

  • Məktəbin müəyyən edilmiş iş rejimi;
  • Pedaqoji kollektivdə iş;
  • Dəyişən dövrün tələblərinə xas olan idarəçilik proseslərində yaxından iştirak və bununla da inkişaf etmək imkanları;
  • Bir sıra fəaliyyətlərdə muxtariyyət imkanları:
    • Pedaqoji heyətlə görüşlər təşkil etmək;
    • Dərs proseslərini və tədris səviyyəsini təhlil etmək;
    • Mövcud problemlərin həlli üzrə təkliflərlə çıxış etmək;
  • Özünü fərdi və komanda üzvü kimi ifadə etmək imkanları;
  • Məktəbin rəhbəri ilə birbaşa çalışmaq imkanı.

 

Təlim-tərbiyə işləri üzrə direktor müavinindən gözləntilər

  • Komanda işi təşkil etməklə yüksək produktivlik nümayiş etdirmək;
  • Məktəbin inkişaf etdirilməsi mütləq olan sahələrini müəyyən etməklə nəticəyönümlü fəaliyyət təşkil etmək;
  • Metodiki işlərin təşkili, idarə edilməsi, nəzarəti və hesabatlılığı üzrə fəaliyyət qurmaq;
  • Müəllim, sinif rəhbərləri və psixoloqla sıx əməkdaşlıq qurmaq;
  • Mütəmadi olaraq valideynlərlə görüşlərdə iştirak etmək;
  • Rəhbərliyin qərarı əsasında məktəbi müxtəlif tədbirlərdə təmsil etmək;
  • Şagird nəticələrinin sistemli diaqnostikasını aparmaq, bu sahədə hesabatlılığa nəzarət etmək;
  • Müxtəlif plan, proqramların tərtibatında iştirak və prosesə rəhbərlik etmək;
  • Müəllimlərin peşəkar inkişafının təmin edilməsi imkanlarını müəyyən etmək;
  • Şagirdlərin fəal olaraq tədris prosesinə qoşulmasını təmin etmək;
  • Daim yerli və beynəlxalq təcrübələri araşdırmaq.

 

Tabelilik

Çalışdığı ümumi təhsil müəssisəsinin direktorunun birbaşa tabeliyindədir.

 

Kimlərə tövsiyə olunur

  1. Məktəb həyatının çətinliklərini yaxından mənimsəyəcək qədər təcrübəyə malik olan şəxslər;
  2. Sinifdə şagirdlərlə yaxından iş aparan və ya dərs deyən şəxslər;
  3. Ümumi təhsil məktəblərində rəhbər vəzifənin məsuliyyətini öz üzərinə götürməyə hazır olan şəxslər.

 

Kimlərə tövsiyə olunmur

  1. Rəhbər vəzifənin yalnız səlahiyyət mənbəyi hesab edən şəxslər;
  2. Komanda şəklində deyil, fərdi idarəçiliyə meyil edən şəxslər;
  3. Yetərli təcrübəyə malik olmayan şəxslər.

 

İmtahan prosesi

1.İmtahan prosesi iki - test və müsahibə mərhələsindən ibarətdir:

1.1.Test mərhələsi: Bu mərhələ vakansiya verilmiş vəzifə, İKT səriştələri və məntiq üzrə test suallarının cavablandırılmasından ibarət olacaq. Test 100 bal təşkil edən 40 sualdan ibarətdir. Vəzifə üzrə hər biri 3 bal olmaqla 20 sual, İKT səriştələri üzrə hər biri 2 bal olmaqla 10 sual və məntiq üzrə hər biri 2 bal olmaqla 10 sualdan ibarətdir. Keçid həddi (ixtisas üzrə minimum 30 bal, İKT üzrə minimum 10 bal, məntiq üzrə minimum 10 bal olmaq şərtilə) 50 bala bərabərdir. 50 və 50 baldan çox toplamış namizədlər müsahibə mərhələsinə dəvət ediləcəklər.

1.2.Müsahibə mərhələsində namizədə 5-15 dəqiqə ərzində ixtisas üzrə açıq və praktik suallar veriləcək.

1.3.Müsahibəni uğurla keçən namizədlər müsahibə nəticələrinə görə müvafiq vakant yerlərə yerləşdiriləcəklər. Uğurla keçib yerləşdirilməyən şəxslər isə ehtiyat kadr bazası siyahısına daxil ediləcəklər. Ehtiyat kadrlar bazasına daxil olan şəxslərin vakant vəzifəyə yerləşdirilməsi iki il ərzində həyata keçirilə bilər.

 

2.İmtahan və müsahibəyə necə hazırlaşmaq olar?

2.1.Vəzifə üzrə: Məlumdur ki, rəhbər vəzifədə çalışmaq müxtəlif vəziyyətlərdə adekvat və operativ addımların atılmasını tələb edən bir məsuliyyətdir. Odur ki, ixtisas üzrə test sualları və müsahibə mərhələsinə hazır olmaq üçün dövlət təhsil standartları, əmək qanunvericiliyi, yetkinlik yaşına çatmayan uşaqlarla iş prinsipləri, pedaqogika, psixologiyanın əsasları, məktəbdaxili mühitin idarə olunması, Pedaqoji Şuranın fəaliyyəti, digər təlim və tədris istiqamətləri haqqında müvafiq məlumatlarla yaxından tanış olmaq tələb olunur.

2.2.Məntiq üzrə test suallarının cavablandırılması məntiqi təfəkkürün və analitik düşüncənin tətbiqini tələb edir.

2.3.İKT səriştələrinin ölçülməsinə dair test sualları praktiki xarakterli sual və tapşırıqlardan ibarətdir.

 

Müsahibədə iştirak edən namizədlərə uğurlar arzulayırıq!

 

Qeydiyyat

       İmtahanda iştirak etmək üçün qeydiyyat linki