Noyabrın 18-dən məktəbəqədər təhsil müəssisələrində vakant olan metodist vəzifəsinə işə qəbul müsahibəsinə qeydiyyat başlayıb.
Elektron sənəd qəbulu mərhələsi 18-29 noyabr tarixlərini əhatə edəcək.
Müsahibə zamanı namizədlərin bilik və bacarıqlarının qiymətləndirilməsi aparılacaq. Həmçinin namizədlərin effektiv kommunikasiya qurma bacarığı, münaqişələrin həlli, innovativlik, metodik dəstək, rəhbərlik və pedaqoji səriştələr üzrə də qiymətləndirilməsi həyata keçiriləcək.
Namizədin məktəbəqədər təhsil üzrə ali təhsilli və 10 ildən az olmayaraq pedaqoji təcrübəyə malik olması əsas tələblərdəndir.
Qeyd edək ki, namizədlərin biliklərinin qiymətləndirilməsi Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən hazırlanan “Məktəbəqədər təhsildə metodist vəzifəsi üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsi” sənədində qeyd olunan mövzu və istiqamətlərə əsaslanacaq.
Müsahibədə iştirak etmək istəyən namizədlər 29 noyabr saat 11:00-dək qeydiyyatdan keçə bilərlər.