23.10.2014

220 №li məktəb-liseydə “Fərdiləşmiş Tədris” layihəsi çərçivəsində tədris otağının açılış mərasimi keçirilib

Cari ilin oktyabr ayının 23-də Bakı şəhər Ə. Mahmudov adına 220 nömrəli məktəb-liseydə “Fərdiləşmiş Tədris” layihəsi çərçivəsində İKT avadanlıqları ilə təmin olunmuş tədris otağının açılış mərasimi keçirilmişdir. 

 

Açılış mərasimində Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Elnur Əliyev, ASUS şirkətinin Azərbaycan üzrə rəsmi distributoru olan “Aztech” şirkətinin rəhbəri Zülfüqar Babayev və Microsoft Azərbaycan şirkətinin Təhsil Proqramları Meneceri Emin Axundov iştirak etmişdirlər.

Bakı şəhər 220 nömrəli məktəb-liseydə yaradılmış tədris otağı təmənnasız olaraq, 30 ədəd “ASUS T100” şagird planşeti və 1 ədəd “ASUS TX201” müəllim noutbuku ilə təmin olunmuşdur. ASUS Transformer planşetlərinin əsas üstünlüyü klaviaturanın olmasıdır ki, bunun da sayəsində Windows 8.1 əməliyyat sistemilə tədris prosesində daha səmərəli və effektiv nəticələr əldə etmək mümkündür.

Onu da qeyd etmək lazımdır ki, “Microsoft Azərbaycan” şirkəti “Mədəd Azərbaycan” təşkilatı ilə birlikdə “Fərdiləşmiş Tədris” layihəsində dərs deyən müəllimlərə “1 şagird : 1 kompyuter” modeli üzrə təlimlər keçmiş, layihə çərçivəsində təqdim olunan avadanlıqlar müvafiq proqram təminatı və tədris mühiti ilə təmin olunmuşdur.

Elnur Əliyev açılış mərasimində iştirakçıları salamlayaraq Təhsil Nazirliyi adından layihəni reallaşdıran ASUS, “Aztech” və “Microsoft” Azərbaycan şirkətlərinə təşəkkürünü bildirmiş, eyni zamanda ölkədə təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə bu kimi, fəaliyyətlərə üstünlüyün veriləcəyini və təhsilin keyfiyyətinin daha da artırılması istiqamətində davamlı tədbirlərin təşkil olunacağını qeyd etmişdir.

Tədbirdə çıxış edən “Aztech” və “Microsoft” Azərbaycan şirkətlərinin nümayəndələri layihənin əhəmiyyətindən söhbət açmış və qarşılıqlı əməkdaşlığa verdiyi dəstəyə görə Təhsil Nazirliyinə öz minnətdarlıqlarını bildirmişdirlər.   

  Çıxışlardan sonra tədris otağının açılış mərasimi keçirilmişdir.  Açılış mərasimində iştirak edən təhsil işçiləri, media nümayəndələri tərəfindən dərs dinlənilmiş və şagirdlərin dərsdə iştirakı əyani şəkildə izlənilmişdir.