05.11.2014

BŞTİ – nin nümayəndələri rəsmi səfərdə

      Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) nümayəndələri rəsmi səfər çərçivəsində Paris Sarbonna Abu Dabi (PSAD) Universitetində olublar.

      Tədbirdə BŞTİ – nin müdir əvəzi Elnur Əliyev Azərbaycan təhsil sisteminə dair təqdimatla çıxış edib. Çıxışı zamanı Elnur Əliyev Azərbaycanda təhsil sahəsində qazanılan uğurları, bu sahədə gedən inkişaf proseslərini, son illərdə ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən böyük işləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Ölkəmizdə həyata keçirilən təhsil islahatlarından geniş bəhs edən Elnur Əliyev Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın əhəmiyyətindən danışıb. Azərbaycan təhsilinin son illər özünün yeni inkişaf dövrünə qədəm qoyduğunu bildirən Elnur Əliyev təhsil sahəsində həyata keçirilən islahat yönümlü tədbirlərdə ilk növbədə milli-mədəni dəyərlərin, tarixən yaranmış ənənələrin qorunub saxlanmış olduğunu bildirsə də qabaqcıl ölkələrin təhsil sistemlərinin müvafiq inkişaf istiqamətlərinin öyrənildiyini və beynəlxalq təcrübənin də nəzərə alındığını qeyd edib.

      Səfər çərçivəsində ADEC (Abu Dhabi Education Council) nümayəndələri ilə müxtəlif mövzularda müzakirələr aparılıb və müəllim hazırlığı və məktəb idarəedicilərinin hazırlanmasında əməkdaşlıq məsələlərinə toxunulub.