08.12.2014

İstedadlı rəssamın fərdi sərgisi keçirilib

      Fitri istedad insan doğulanda onunla birlikdə dünyaya gəlir. Bu istedad çox vaxt kiçik yaşlardan üzə çıxmağa başlayır. Hər bir istedadlı insanın özünün görmək istədiyi tam fərqli bir dünyası olur. 287 nömrəli “Zəkalar” liseyinin VI sinif şagirdi Məmmədova Mədinə Qadir qızının da balaca, ancaq zəngin, sehrli dünyası var. Bunu istedadlı rəssamın çəkdiyi şəkillərdə də görmək olar.

      Dekabrın 6 – da Bakı şəhəri Yeniyetmələrin 22 №-li Yaradıcılıq Mərkəzində Məmmədova Mədinənin fərdi sərgisi keçirilib. Sərgidə Mədinənin 78 rəsm əsəri nümayiş etdirilib, onun yaradıcılıq dünyasına nəzər salınıb.

      Qeyd edək ki, Mədinə Yeniyetmələrin 22 №-li Yaradıcılıq Mərkəzində “Təsviri incəsənət” dərnəyində 3 ilə yaxındır ki, məşğul olur. Onun dərnək rəhbəri Rəhilə Qaçayevadır. Mədinə çox bacarıqlıdır, güclü rəng duyumu var. Rəngləri seçməyi bacarır. Yaşının az olmasına baxmayaraq o, müxtəlif janrlarda sərbəst işləyir. Onun rəsm əsərləri məzmun etibarı ilə tamaşaçıları düşünməyə vadar edir.

      Sərgini giriş sözü ilə açan mərkəzin direktoru Könül Mustafayeva qonaqları və sərgi iştirakçılarını salamladıqdan sonra gözəl gələcəyi olan Mədinəyə  yaradıcılıq uğurları arzulayıb.

      Tədbirdə çıxış edən qonaqlar - Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Rövşən Əliyev, Yeniyetmələrin 23 №-li Yaradıcılıq Mərkəzinin direktoru Könül Hüseynova və 260 saylı məktəbin direktoru Qiyas Quliyev Mədinə Məmmədovanın istedadından söhbət açıb, onun fitri istedada malik olduğunu, əsərlərinin rəngarəngliyi ilə diqqəti cəlb etdiyini bildiriblər.

      Çıxışlardan sonra mərkəzin “Bədii qiraət” dərnəyinin üzvlərinin ifasında şeirlər səsləndirilib. “Rəqs” dərnəyinin üzvlərinin çıxışları isə tədbirə daha da rəngarənglik qatıb.

      Qeyd edək ki, istedadlı rəssamın əsərləri tədbir iştirakçılarının böyük marağına səbəb olub.