15.12.2014

Məktəb idarəetməsi mövzusunda təlim proqramı keçiriləcək

      Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Paris Sorbonna Abu - Dabi Universiteti arasında baş tutan əməkdaşlıq nəticəsində 17 - 21 dekabr tarixlərində intensiv təlim - seminar proqramı fəaliyyətə başlayacaqdır.

      Bakıda təşkil olunacaq dövlət ümumtəhsil müəssisələrinin rəhbərləri üçün intensiv təlim proqramında direktor, direktor müavinləri və digər təhsil işçiləri iştirak edəcəklər.

      Təlim Paris Sorbonna Abu - Dabi Universitetinin müəllimi və təlimçisi kimi fəaliyyət gösətərən Martina Dickson tərəfindən keçiriləcəkdir.

      Bu təlim zamanı məktəb rəhbərləri liderlik qabiliyyətlərini inkişaf etdirmək üçün zəruri olan bilik və bacarıqlara yiyələnəcəklər.

      Seminarın məqsədi təhsil işçlərinə qabaqcıl təlim sistemini tanıtmaq, məktəb rəhbərlərinin liderlik potensialını inkişaf etdirməkdir.

      Eyni zamanda, məktəb işinin planlaşdırılması və həyata keçirilməsi baxımından təhsil işçilərinin davamlı və peşəkar inkişafı sahəsində özünüqiymətləndirmənin formalaşdırılması, şagirdlərin öyrənmə qabiliyyətlərinin inkişaf etdirilməsi, strateji planlaşdırma bacarığının artırılması təlimin əsas meyarlarındandır.

      Qabaqcıl təhsil işçilərinin iştirak etdiyi təlim - seminar proqramı modullar əsasında təşkil ediləcəkdir. Bu modullar təhsilverən və tədris metodları, insan resurslarının inkişafı, maliyyə idarəetməsi, strateji idarəetmə və məktəb idarəetməsindən ibarətdir.

      Sonda yekun qiymətləndirmədən uğurla keçən iştirakçılara Paris Sorbonna Abu - Dabi Universiteti tərəfindən təlimdə müvəffəqiyyət qazandıqlarına dair sertifikatlar veriləcəkdir.