26.01.2015

Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi mövzusunda tədbir keçirilib

Bakı Biznes Mərkəzində  23 yanvar  2015-ci  il tarixində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üzrə fəaliyyətə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirin başlıca məqsədi ölkəmizin paytaxtında yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üzrə Bakı şəhər Baş Polis İdarəsinin rəhbərliyinin və şəxsi heyətinin ötən il həyata keçirdiyi fəaliyyətə nəzər salmaq, habelə xidmətdə fərqlənənləri təltif etmək olmuşdur. 

Tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatları, Daxili İşlər Nazirliyinin nümayəndələri, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəhbər nümayəndələri,  KİV təmsilçiləri, həmçinin 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin “Yol Polisinin gənc köməkçiləri” komandası da iştirak etmişdir.

Yol hərəkəti iştirakçılarının maarifləndirilməsi ən zəruri istiqamətlərdən biri olduğuna görə  Bakı Şəhər üzrə Təhsil İdarəsinin 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi və Bakı Şəhər BPİDYP-nın birgə fəaliyyət planına uyğun Mərkəzdə müntəzəm məşğələlər keçirilir. Bu məşğələlərdə uşaqlar müxtəlif forma və metodlardan istifadə edərək yol hərəkəti qaydalarını öyrənirlər. Artıq kiçik yaşlarından onların təfəkkürlərində təhlükədən uzaq olmaq tərbiyəsi aşılanır.

Məhz buna görə də il ərzində xidmətdə fərqlənən, öz vəzifələrinin icrası üzrə ən yaxşı nəticələr göstərən 14 nəfər polis əməkdaşı ilə yanaşı  Bakı Şəhər üzrə Təhsil İdarəsinin 46 nömrəli  Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin şöbə müdiri Fəridə Süleymanova da xüsusi diplom, yol hərəkəti qaydalarının şərhindən ibarət olan kitablarla və  hədiyyələrlə təltif edilmişdir.