30.01.2015

“Qlobal problemlər və iqlim dəyişiklikləri” mövzusunda dəyirmi masa keçirilib

46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində 29 yanvar 2015-ci il tarixində “Qlobal problemlər və iqlim dəyişiklikləri” mövzusunda dəyirmi masa keçirilmişdir. Dəyirmi masada 100-dən çox uşaq iştirak etmişdir.

Tədbirin keçirilməsində məqsəd uşaqları qlobal problemlərlə tanış etmək, bu problemlərin həllində onların rolunun nədən ibarət olduğunu aşılamaqdır. Dəyirmi masada Hidrometrologiya İnstitunun rektoru, professor Rza Mahmudov, “Yaşıl paket”in Azərbaycan proyektinin əlaqələndiricisi, “Davamlı İnkişaf Cəmiyyəti” İctimai Birliyinin sədri Fikrət Cəfərov, Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktor əvəzi Lalə Dadaşova, şair-publisist Şəhla Gündüz  və 44 nömrəli Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru İradə İsmayılova iştirak etmişdir.

Tədbirdə uşaqlarla iqlim dəyişməsi, ozon qatının dağılması, turşulaşma, dəniz və okeanlar haqqında sual-cavab aparılmışdır. Eyni zamanda, Mərkəzin şagirdləri tərəfindən təbiət mövzusunda səhnəciklər göstərilmiş, şeir parçaları səsləndirilmiş, ekologiya ilə bağlı maarifləndirici videoçarx nümayiş etdirilmişdir.

Tədbirdə iştirak edən qonaqlar mövzu haqqında ətraflı məlumatlar vermişlər. Maarifləndirici çıxışlarla yadda qalan dəyirmi masada ictimai quruluşundan asılı olmayaraq, bütün ölkələrin ekoloji böhranla qarşılaşdığı vurğulanmış, bəşəriyyətin insanlıq vəzifəsi olaraq ətraf mühiti mühafizə etməli olduğu qeyd edilmişdir.

Sonda tədbirdə çıxışları ilə fərqlənən uşaqlara diplomlar  təqdim edilmişdir.