02.02.2015

5 nömrəli tam orta məktəbdə “Açıq qapı günü” keçirilib

Uzun illərin təcrübəsi göstərir ki, təhsilin keyfiyyətinin yüksəldilməsində məktəb-ailə münasibətlərinin sistemli şəkildə qurulması müsbət nəticə verir. Yeni kurikulumların tətbiqi ilk növbədə müəllim-valideyn əlaqələrinin yeni məzmun alması zərurətini qarşıya qoymuşdur. Valideyn-müəllim əlaqələrinin formalaşmasında məktəbdə keçirilən yığıncaqların təsir imkanları da çox genişdir.

Bu baxımdan Bakı şəhəri 5 nömrəli tam orta məktəbin  “Övladınızın təhsildə uğuru sizin təlim-tərbiyə işinə qoşulmağınızdan asılıdır!” müraciəti valideynlər tərəfindən hər zaman dəstəklənmiş, bu ideyanın gerçəkləşməsi üçün məktəblə valideynlər arasında əməkdaşlıq qurulmuş, müxtəlif təlim-tərbiyə xarakterli tədbirlər keçirilmişdir.

Valideyn-məktəb münasibətlərinin daha da inkişaf etdirilməsi üçün 31 yanvar 2015-ci il tarixdə 5 nömrəli tam orta məktəbdə mütəmadi keçirilən ənənəvi valideyn iclaslarından fərqli olaraq “2014-2015 dərs ilinin I yarım ilinin yekununa dair” “Açıq qapı günü” keçirilmişdir. Saat 11:00-dan 13:00-dək davam edən “Açıq qapı günü”ndə valideynlər məktəbə gələrək müəllimlərlə görüşmüş, siniflərə və bütövlükdə məktəbə baxış keçirmiş, müxtəlif məsələlərlə bağlı direktora və müəllimlərə müraciət etmişdir.

Məktəbin müəllim kollektivi və inzibati heyəti valideynlərin təkliflərini dinləmiş,  valideynlər məktəbdə baş verən dəyişikliklərdən məmnun qaldıqlarını bildirmişlər.

“Açıq qapı” günündə məktəbə  müxtəlif layihə və müraciətlərlə gələnlər də olmuşdur.

Gün ərzində valideynlərlə onların övladlarının təlimdə uğurları müzakirə edilmiş, bu sahədə şagirdin inkişafı ilə bağlı yaranmış və yarana biləcək hər hansı bir problemin aradan götürülməsi istiqamətində “Əməkdaşlıq görüşü” də keçirilmişdir.

“Açıq qapı günü” ndə övladları məktəbdə təhsil alan valideynlərin 85% iştirak etmiş, görüş zamanı valideynlərə məktəb rəhbərliyi tərəfindən şagirdlərin mütaliəsi ilə bağlı tövsiyə bukletləri də paylanmışdır.