23.02.2015

Bilicilər birinci olmağa hazırlaşırlar

Məktəbəqədər təhsil sisteminin inkişafı Azərbaycan Respublikasının Dövlət təhsil siyasətinin strateji istiqamətlərindən biri olaraq uşaqların potensial imkanlarının üzə çıxarılmasında, məktəbə hazırlanmasında, həyatı bacarıqların formalaşmasında mühüm rol oynayır.

Təhsildə əsas dəyər uşaqdır. Məktəbəqədər yaş dövrü isə təkcə məktəb həyatına hazırlıq mərhələsi deyil, eyni zamanda, insan həyatının ən məsuliyyətli, ən mühüm yaş dövrüdür ki, bu dövrdə insanda bütün mənəvi dəyərlərin təməli qoyulur.

Azərbaycan Respublikasında Təhsilin inkşafı üzrə Dövlət Strategiyasında göstərildiyi kimi, təməl bacarıqlar uşaqlıq dövrünün ilk illərindən əldə edilir və uşaqların zehninin erkən yaş dövründən inkşaf etdirilməsi vacibdir. Bu səbəbdən məktəbəqədər təhsilin inkişafı dövlət siyasətində əhəmiyyətli yer tutur.

Bununla bağlı Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmrinə əsasən Bakı şəhərinin bir sıra ümumtəhsil məktəblərində cari tədris ilində pilot məktəbəhazırlıq qrupları təşkil olunmuşdur.

O cümlədən, Bakı şəhər 5 nömrəli tam orta məktəbdə də 96 uşaqdan ibarət 7 hazırlıq qrupu fəaliyyət göstərir. Onlardan da 4-ü Azərbaycan bölməsi, 3-ü isə rus bölməsidir.

Məktəb I sinfə hazırlıq qruplarında məşğələlərin keçirilməsi üçün müasir avadanlıqlarla təchiz olunmuş, geniş və işıqlı sinif otaqları uşaqların ixtiyarına verilmişdir.

Fevralın 17-də Bakı şəhəri 5nömrəli  tam orta məktəbdə məşğələlər zamanı uşaqların əldə etdikləri ümumi dünya görüşünün səviyyəsinin artırılması, nitqin inkişafı, diqqətin və yaddaşın, müqayisə və analogiyanın, məntiqi təfəkkürün əsasının qoyulması, əl matorikasının inkişafının formalaşdırılması kimi vərdişləri  özündə əks etdirən “Bilicilər birinci olmağa hazırlaşırlar” adlı tədbir keçirilmişdir.

Tədbirdə I sinfə hazırlaşan uşaqlar şeir, rəqs və səhnəciklərlə çıxış etmişlər.

Belə ki, müxtəlif nağıl personajlarının kostyumlarında səhnəyə çıxmış bu balacaların  sərbəst nitqi, səhnə mədəniyyətli, istedadları  ilə valideynlərin və tədbirdə iştirak edən qonaqların böyük marağına səbəb olmuşdur. Balacalar ilk dəfə məktəb səhnəsində  ətraf mühit, işiqfor, fiqurlar, ev heyvanları, meyvələr, rənglər əsasında öyrəndikləri ilə bağlı  maraqlı kompozisiyalarla çıxışlar etmiş, rəqslər etmiş və mahnılar  səsləndirmişlər.  

Tədbirdə valideynlərlə yanaşı BŞTİ-nin baş məsləhətçisi Sabir Həmidov, məktəbin ibtidai sinif müəllimləri, Bakı şəhəri 102 və 266 nömrəli  uşaq bağçalarının müdirləri Dilbər Səmədova, İradə İsgəndərli və həmin bagçaların hazırlıq qrupu müəllimləri Ellada Nəbiyeva, Tərifə Vəliyeva da iştirak etmişlər.

Tədbirdə Bəhmənova Samirə çıxış edərək bütün məktəbəqədər hazırlıq qrupunun valideynləri adından təhsil naziri cənab Mikayıl Cabbarova məktəblərdə məktəbəqədər hazırlıq qrupunun təşkili barədə imzaladığı əmrə və səmərəli təşəbbüsə görə təşəkkürünü bildirmişdir.

BŞTİ-nin baş məsləhətçisi də Sabir Həmidov tədbir iştirakçıları qarşısında çıxış edərək məktəbəqədər hazırlıq qruplarının mahiyyəti haqda bir daha valideynlərə geniş məlumat vermiş və onları övladlarının qısa bir zamanda əldə etdikləri bu ugura görə təbrik etmişdir.

Sonda tədbir iştirakçıları uşaqların məşğələ keçdikləri otaqlarla tanış olmuşlar.