04.03.2015

5 və 276 №li məktəblər arasında onlayn dəyirmi masa keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə Azərbaycan Respublikası təhsil nazirinin əmrinə əsasən mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər planına uyğun olaraq Bakı şəhəri 5 və 276 nömrəli tam orta məktəblər arasında  Mir Cəlal Paşayevin əsərlərinin müzakirəsi əsasında “online” təşkil olunmuş “Dəyirmi masa” keçirilmişdir.

Dəyirmi masada hər iki məktəbin direktorları - Nərminə Gündüzlü və Bəhram Şiriyev, Binəqədi rayon İcra Hakimiyyətinin humanitar şöbə əməkdaşı Elnur Məmmədov, Nəsimi rayon Gənclər və İdman İdarəsinin əməkdaşı  Şahmar Tağıyev və məktəbin ana dili və ədəbiyyat müəllimləri, kitabxanaçılar iştirak etmişlər.

 Canlı bağlantı şəklində təşkil edilmiş dəyirmi masa zamanı hər iki məktəbin şagirdləri mütaliə haqqında maraqlım mövzular- ”Müasir gənclik niyə kitab oxumur?”, “Kitab oxumaq , “Mütaliə insana nə verir?” , “Mütaliə hafizəni gücləndirirmi?” , “Biz niyə bədii ədəbiyyatlar oxumalıyıq?” əsasında fikir mübadiləsi aparmışlar.

Tədbirdə şagirdlər  ədəbiyyatşünas Mir Cəlal Paşayevin yaradıcılığı, 3 əsərinin filmoqrafiyası haqqında da geniş söhbət etmiş, yazıçının “Həkim Cinayətov”, “Təzə toyun nəzakət qaydaları”, “Kərmətovlar ailəsi”, “Anket Anketov”, “İclas qurusu”, “Bir gəncin manifesti”, “Ərik ağacı”, “Möhür” , “Dirilən adam” və s. hekayə və romanlarından dəyərli fikirlər səsləndirmişlər.

Sonra  5 nömrəli tam orta məktəbin şagirdləri yazıçının “Bir gəncin manifesti” əsərindən “Sona xanımın xalçasının satılması”, 276 nömrəli məktəbin şagirdləri isə “Plovdan sonra” hekayəsindən səhnələşdirilmiş parçalar nümayiş etdirmişlər.

Dəyirmi masanı 276 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Hacızadə Rəşad öz  gözəl nəğməsi  ilə daha da canlandırmışdır.

276 nömrəli məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Həcər xanımın  yazıçı, publisist M.C.Paşayevlə bağlı xatirələri çox şagirdlər tərəfindən maraqla qarşılanmışdır.

Sonda hər iki məktəbin direktoru şagirdlər tərəfindən  M.C.Paşayev yaradıcılığı və mütaliə ilə bağlı səsləndirilən fikirlərə görə onlara təşəkkür bildirmiş, onlara təhsillərində uğurlar arzulamışlar.

 Eyni zamanda, məktəb direktorları Azərbaycan Respublikası təhsil nazirinin mütaliə ilə bağlı əmrindən irəli gələn vəzifələrin məktəblərdə həyata keçirilməsi istiqamətində işlərin davamlı aparılmasına söz vermişlər.