06.03.2015

ZƏRƏRLİ VƏRDİŞLƏRƏ YOX DEYƏK !

Martın 2-də 27№-li Uşaq Yaradıcılıq Mərkəzi  Respublika QİÇS – lə Mübarizə Mərkəzinin Monitorinq və Qiymətləndirmə şöbəsi ilə birgə Binəqədi rayonun 7 və 8–ci mikrorayonları ərazisində yerləşən məktəblərin yuxarı sinif şagirdləri üçün “Zərərli Vərdişlərə Yox Deyək !” mövzusuna həsr olunmuş maarifləndirici – konfrans keçirmişdir.

Konfransda Respublika QİÇS–lə Mübarizə Mərkəzinin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov şagirdlərə əsrin bəlası olan QİÇS və digər infeksiya xəstəlikləri haqqında məlumat vermiş, eyni zamanda, real hadisələrə əsaslanan görüntülü materiallar slayd şəklində uşaqlara izahlı şəkildə təqdim edilmişdir.

Tədbirdə mərkəzin şöbə müdiri Həqiqət Bayramova və konfrans işrirakçılarından 248 №-li tam orta məktəbin şagirdləri Emin Bağırlı, Nailə Qurbanova və Bahar Rəsulzadə çıxış edərək tədbirin tərbiyəvi əhəmiyyətindən söz açmışlar.

Konfransda qonaq kimi iştirak edən, 26 №-li Uşaq və Gənclərin Yaradıcılıq mərkəzinin direktoru Ziyad Nəbiyev, 42 №- li gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin direktoru Məmmədəli Həsənov məktəblilərə narkotik vasitələrdən istifadə etməməyə, infeksiya xəstəliklərindən yayınma halları haqqında tövsiyələr vermişlər.

Tədbirin sonunda 27№-li Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Hacı Şükürov çıxış edərək konfransa qatılmış məktəblərin şagirdlərinə gələcək genofonumuzu qorumaq üçün   “Zərərli Vərdişlərə Yox Deyək!” devizi ilə sağlam ömür arzulamışdır.