17.03.2015

"Bölgələrimizin Novruz adətləri" adlı tədbir keçirilib

Artıq əsrlərin qaynaqlarından süzülüb gələn, bir müddət unudulmuş kimi görünən lakin yaddaşlarda çox gözəl kök salan, küsülüləri barışdıran, fikirləri birləşdirən, könülləri oxşayan Novruz bayramı yaxınlaşır. Baharın təravətli nəfəsini özü ilə gətirən Novruz sevinci artıq hər bir yerdə duyulur.  Bu günlərdə ölkəmizin hər yerində olduğu kimi paytaxt məktəblərində də Novruz şənlikləri keçirilir. Baharın gəlişini şənliklə qarşılayan şagirdlərin iştirakı ilə keçirilən bu tədbirlər milli adət - ənənələrimizin yaşadılması, gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət kəsb edir.  

Suraxanı rayonu 270 saylı tam orta məktəbdə martın 16-da "Bölgələrimizin Novruz adətləri" adı altında tədbir keçirilmişdir. Tədbir 3a sinfinin ibtidai sinif müəlliməsi Behbudova Qənimə və valideyn icmasının sədri Hüseynova İlahənin təşəbbüsü ilə həyata keçirilmişdir. Xalqımızın adət-ənənələrini dolğun əks etdirən bu tədbirdə Bakı Şəhəri Təhsil İdarəsinin nümayəndəsi Rövşən Əliyev və digər dəyərli qonaqlar iştirak etmişlər. Tədbirdə məktəbin fəal şagirdlərindən Mahmudzadə Əli, Mahmudova Rəfiqə, Həsənova Aydan, Tağıyeva Jalə, Adışlı Aytən, Qaflanov Məhəmməd, Kazımov Rauf və Səbuhi iştirak etmiş, şagirdlər şairlərimizin, aşıqlarımızın Novruza, baharın gəlişinə həsr etdikləri şeirlərdən parçalar söyləmiş, Novruz şənliklərini əks etdirən səhnəciklər nümayiş etdirmişlər. Şagirdlər nənə və babalarından eşitdikləri xalq inanclarını, deyimlərini tədbir iştirakçılarına çatdırmışlar.

Tədbirdə çıxış edən qonaqlar iştirakçıları təbiətin oyanışından xəbər verən, insan həyatına yenilik, süfrələrə xeyir - bərəkət bəxş edən bahar, insanların arzu və ümidlərinin, niyyətlərinin pöhrələnməsini təcəssüm edən Novruz bayramı münasibətilə təbrik etmiş, onlara sevincli günlər arzulamışlar.