18.03.2015

Azərbaycan Respublikası Mərkəzi Bankı və Təhsil Nazirliyi ümumtəhsil məktəb müəllimləri arasında “Həyat bilgisi və maliyyə savadlılığı” adlı müsabiqə elan edir.

Azərbaycan Respublikası Mərkəzi Bankı və Təhsil Nazirliyinin birgə təşəbbüsü, Azərbaycan Əmanətlərin Sığortalanması Fondu, Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu və AccessBank-ın dəstəyi ilə “Maliyyə savadlılığı” layihəsi çərçivəsində respublika ümumtəhsil məktəb müəllimləri arasında “Həyat bilgisi və maliyyə savadlılığı” adlımüsabiqəyə 18 mart 2015-ci il tarixdən start verilir.

Müsabiqənin keçirilməsində məqsəd ümumtəhsil məktəb müəllimləri arasında Həyat Bilgisi fənninin “Fərd və cəmiyyət” məzmun xəttinin “Cəmiyyətin sosial-iqtisadi həyatı” alt-xətti üzrə elektron təhsil resursları hazırlamaq, müəllimlərin maliyyə savadlılığını artırmaq, eləcə də hazırlanacaq resursların təhsil şəbəkələrində paylaşılaraq müəllimlər arasında yayılmasını təmin etməkdir.

Müsabiqə 30 gün davam etməklə “Maliyyə savadlılığına aid ən yaxşı resurs” nominasiyası üzrə www.musabiqe.edu.azsaytı vasitəsilə keçirilir. Müsabiqənin gedişatı ilə bağlı məlumatlar Təhsil Nazirliyinin (www.edu.gov.az), Azərbaycan Respublikası Mərkəzi Bankının (www.cbar.az) və müsabiqənin (www.musabiqe.edu.az) rəsmi İnternet səhifələrində yerləşdiriləcək.

İştirak etmək istəyənlər hazırladıqları elektron təhsil resurslarını 17 aprel 2015-ci il tarixinədək www.musabiqe.edu.az saytınayükləməlidirlər. Maraqlananlar ətraflı məlumat üçün eyni sayta müraciət edə bilərlər.

Müsabiqədə I, II və III yerləri tutan müəllimlərə noutbuk, printer, skaner təqdim ediləcək. Müsabiqədə fərqlənənlər tədbirin təşkilatçıları və sponsorları tərəfindən müxtəlif hədiyyələrlə mükafatlandırılacaq.