19.03.2015

Yurdumuza Bahar gəlir

Hər fəslin öz gözəlliyi, öz füsunkarlığı var. Qarlı–şaxtalı qışın da, qızılı yarpaqlarla torpağı bəzəyən yağışlı, çiskinli payızın da, al - əlvan meyvələrlə süfrələri bəzəyən yayın da. Amma fəsillərin ən gözəli  bahar fəslidir. Şaxtalı qışdan sonra öz ilıq nəfəsi ilə təbiətə vurduğu min rəngə çalan al-əlvan rənglərlə ürəkləri riqqətə gətirir, nəğmələri ilə ruhumuzu oxşayır.

Yurdumuza Bahar gəlir !

 

Martın 16-da Bakı şəhəri 246 nömrəli məktəb-liseydə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi M.Məmmədovanın təşkilatçılığı ilə tədbir keçirilmişdir. Zal milli adət-ənənələrə əsasən bəzədilmiş, rəngarəng xalılar salınmış, hər tərəfə səmənilər, şamlar düzülmüş, xonçalar novruz atributları ilə bəzədilmişdir.

 

Tədbir “Cəngi “ sədaları ilə milli geyimdə şagirdlərin səhnəyə gəlməsiylə başlamışdır. Əvvəl baharın gəlişi  və adət-ənənələri haqqında məlumat verilmiş, şagirdlər yaz və Novruz bayramına aid şeirlər söyləmişlər. Qızlar  milli geyimdə gözəl rəqs etmiş, şagirdlər növbə ilə səhnəyə çıxaraq Novruz adət-ənənələrinə aid yeni məlumatlar vermişlər. Hər bir çıxışdan sonra bayramın ənənələrini əks etdirən video-rolik  nümayiş etdirilmişdir.

 

Tədbirdə musiqiçilərin müşayəti ilə canlı mahnılar ifa edən 9-cu sinif şagirdi A.Əhmədovanın  məlahətli səsi tamaşaçılara xoş təsir bağışlamışdır.

Şagirdlərin hazırladıqları səhnəcik də böyük marağa səbəb olmuşdur. Belə ki, səhnəcikdə qızlar haxışdalar demiş,  şəkərbura düzəldib bəzəmiş və digər Novruz adətlərini yerinə gətirmişlər. Səhnəcikdə qızlar tərəfindən  “Sarı gəlin” , “Naxçıvani” rəqsləri ifa edilmişdir.

 

Daha sonra Bahar qızı ətrafında çiçəklərlə-nərgiz, yasəmən , bənövşə və lalə “Novruz gəlir” musiqi sədaları altında səhnəyə gəlmişdir. Birlikdə şeirlər deyən və musiqi sədaları altında rəqs edən Bahar və çiçəklər Novruz tədbirini daha da gözəlləşdirmişdir.

Sonra 9-cu sinif şagirdi T.Rzayev və A. Abasəliyeva  “Arşın mal alan” filmindən səhnəcik göstərərək rəqs etmişdir.

 

Tədbirdə Novruzun maraqlı adət-ənənələrindən biri olan yumurta döyüşü keçirilmiş və bayramın əsas bəzəyi olan “Kosa” və “Keçəl”  səhnəyə dəvət edilmişdir. Geyimləri və deyişmələri ilə ilə gülüş doğuran bu obrazlar tədbiri daha da şənləndirmişdir.

 

Sonda məktəb-liseyin direktoru A. Bayramova bütün kollektivi Novruz bayramı münasibətilə təbrik etmişdir. Məktəb rəhbərliyi tərəfindən Azərbaycan dili və ədəbiyyat müəllimi M. Məmmədova və 9-cu sinif şagirdləri məktəbin ictimai işlərində fəal iştirakına, tədbirlərin müvəffəqiyyətlə təşkili və təqdimata  görə təşəkkürnamə və diplomlarla təltif olunmuşlar.

 

 

***

 

Mart ayının 16-da 159 nömrəli tam orta məktəbdə  Novruz şənliyi keçirilmişdir. Tədbiri məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Təravət Məmmədovanın rəhbərliyi ilə VI sinif şagirdləri hazırlamışlar.

 

Tədbirdə VIsinif şagirdləri Firuzə Paşazadə “Bahar qız”, Məhəmməd Orucov “Kosa”, Fərid Qədirov “Keçəl” obrazlarını canlandırmışlar.  Novruz bayramının ayrılmaz atributları olan “Kosa” və  “Keçəl” öz məzəli hərəkətləri və söhbətləri ilə şənliyə xüsusi əhval-ruhiyyə qatmışdır.Novruzun simvolları olan Kosa və Keçəlin məzəli səhnəcikləri, danışdıqları macəralar mərasim iştirakçılarında xoş ovqat yaratmışdır.

 

Tədbirdə Novruzun qarşılanması ilə bağlı uzun əsrlərdən gələn adət - ənənənin də nümayiş etdirildiyi bayram şənliyində xalq oyunları sərgilənmişdir.Bundan başqa, şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar ifa etmiş, haxışdalarsöyləmiş, səməni, kosa və keçələ aid müxtəlif şeirlərlə çıxış etmişlər.

Sonda məktəbin direktoru Vahid Xəlilov Novruz bayramının xalqımızın tarixindəki adətlərdən danışaraq tədbir iştirakçılarını bu münasibətlə təbrik etmişdir.