30.03.2015

Məktəblilərin Quba Soyqırımı Memorial Kompleksinə ziyarəti

 

Bakı  Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatı  dəstəyi ilə  “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyi, “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin Xocalı rayon şöbəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ və Nərimanov rayon idarələri  tərəfindən Bakı məktəblilərinin bir qrupunun  Quba Soyqırımı Memorial Kompleksinə ziyarəti təşkil olunmuşdur.

Gənclərimiz arasında vətənpərvərlik hissinin artırılması məqsədilə  31 mart - Azərbaycanlıların Soyqırımı günü ərəfəsində  təşkil olunmuş  ziyarətdə  şəhərin  45, 106, 139 və  288 nömrəli tam orta məktəblərindən  80 nəfərə yaxın  məktəbli, valideyn və təhsil işçiləri iştirak etmişdir.

Tədbir iştirakçıları əvvəlcə Quba rayonunun mərkəzi parkında  Ümummilli lider Heydər Əliyevin abidəsini  ziyarət etmiş, abidənin önünə gül dəstələri düzmüşlər.

Daha sonra  məktəblilər  “Soyqırım”  məzarlığına gedərək ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliyi əyani surətdə sübut edən 1918-ci il Quba soyqırımına aid ayrı - ayrı tarixi sənədlərlə, eksponatlarla tanış olmuşlar. Məktəblilərə “Quba Soyqırımı” adlısənədli film nümayiş etdirilmişdir.

Ziyarət zamanı  məktəblilərə  1918-ci ildə  Quba rayonunda yaşayan  azərbaycanlılar və digər millətlərin nümayəndələrinin kütləvi surətdə erməni vəhşiliyinə məruz qaldığı, bu ərazidə ermənilər tərəfindən kütləvi qətliyamların   törədildiyi  barədə məlumat verilmişdir. Qeyd edilmişdir ki, indiyədək iki quyudan kütləvi qətl olunmuş 540 insanın qalığı tapılıb ki, burada kəllə sümüklərindən cavanlarla yanaşı, qoca və uşaqların da öldürüldüyü bəlli olur. Öldürülənlərin baş sümüklərində rast gəlinən küt alət izləri və mismarlar erməni vəhşiliyini bir daha ortaya qoyur.

Kütləvi məzarlıqda 1918-ci ildə ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş azərbaycanlılar və digər millətlərin nümayəndələri basdırılmışdır.

Quba məzarlığı,  Xocalı qətliamı ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı təsdiq edən əyani sübutdur.

Məktəblilərə  Ermənistanın həqiqi xislətinin dünyaya tanıdılması üçün son illərdə  ölkə rəhbərliyi tərəfindən aparılan  çox ciddi işlər barədə də məlumat verilmişdir.

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizin haqq səsinin beynəlxalq müstəvidə eşidilməsi, Ermənistanın işğalçılıq siyasətinin dünya ictimaiyyətinə çatdırılması prosesində öz bəhrələrini verməkdədir. Təbii ki, Azərbaycan gəncləri ermənilərin uydurmalarını dünyada ifşa etmək üçün öz üzərlərinə düşən vəzifələrə çox ciddi yanaşmalı və bu istiqamətdə öz bacarıqlarını nümayiş etdirməlidirlər. Yüksək səviyyədə inkişaf etmiş informasiya texnologiyalarının imkanlarından istifadə edərək Azərbaycan gəncliyi əsl həqiqətləri beynəlxalq aləmə çatdırmaq istiqamətində bütün gücünü səfərbər etməlidir.
Bu məzarlığın canlı şahidi olan gənclərimiz - sabahın əsgərləri zaman-zaman ermənilərin başımıza gətirdikləri faciələri unutmamalı, düşmənə qarşı mübariz olmalı, Vətəni qorumalıdırlar.