13.04.2015

Mütaliənin insan təfəkküründə rolu

Ümumtəhsil məktəb şagirdlərinin mütaliə qabiliyyətinin inkişaf etdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması  ilə  bağlı Azərbaycan Respublikasının təhsil naziri cənab Mikayıl Cabbarovun əmrinə əsasən 186 №-li tam orta məktəbdə silsilə tədbirlər keçirilir.

Aprelin 11-də məktəbin akt zalında çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi şair – yazıçı Ələmdar Quluzadə və bədii qiraət ustası Ağalar Bayramovla şagirdlər arasında görüş keçirilib. Görüşdə məktəb rəhbərliyi, bir qrup müəllim və şagirdlər, Pirallahı rayon Ağsaqqallar Şurasının sədri Fazil Məmmədov, Pirallahı rayon İcra Hakimiyyətinin nümayəndəsi Rahil Məmmədov və V.Mustafazadə adına Mədəniyyət Mərkəzindən, rayonda fəaliyyət göstərən digər məktəblərdən nümayəndələr iştirak edib. Tədbiri giriş sözü ilə məktəbin direktoru Arif Xankişiyev açaraq qonaqları salamlayıb və tədbirə gəldikləri üçün onlara məktəbin kollektivi adından öz minnətdarlığını bildirib.

Məktəbin tərbiyə işləri üzrə direktor müavini və tədbirin aparıcısı Həcər Ramazanova şairin həyat və yaradıcılığı ilə bağlı şagirdlərlə sual-cavab aparıb, şairin  yaradıcılığından qısa məlumatları şagirdlərin nəzərinə çatdırıb.

 Sonra məktəblilər Ələmdar Quluzadənin vətənə,  Qarabağa həsr olunmuş şeirlərindən parçalar səsləndirib, “Papaqçı” nağılından səhnəcik nümayiş etdiriblər. Tədbirdə məktəbin 6 b sinif şagirdi Elvira “Uzundərə “ rəqsini ifa edib. Bədii qiraət ustası, hər kəsin sevimlisi Ağalar Bayramov Ələmdar Quluzadənin yaradıcılığından bir neçə şeiri ifa etməsi tədbir iştirakçılarında xoş təəssürat yaradıb.

 Ümumi çıxışlardan sonra söz Ələmdar Quluzadəyə verilib, o da şagirdlərə öz tövsiyə və nəsihətlərini bildirdikdən sonra yaradıcılığındakı şeirlərindən bir neçəsini səsləndirib.

Sonda tədbirdə iştirak edən şagirdlərə Ələmdar Quluzadənin “Bulaq suyu “ kitabı hədiyyə olunub, qonaqlarla xatirə şəkli çəkilib.