16.04.2015

Oqtay Rza - 80 (118 məktəbdə şairlə görüş)

Aprelin 8-də Etibar Cəfərov adına 118 nömrəli tam orta məktəbdə tanınmış şair, əməkdar mədəniyyət işçisi, Tusi adına ADPU – nın dosenti, əməkdar müəllim Oqtay Rza ilə görüş keçirilmişdir.

Görüşü giriş sözü ilə açan məktəbin direktoru Nizaməddin Ağcayev şairi 80 illik yubleyi münasibəti ilə təbrik etmiş və dəvəti qəbul edib görüşə gəldiyinə görə məktəbin müəllim və şagird kollektivi adından ona təşəkkürünü bildirmişdir.

Tədbirin aparıcısı məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Çinarə Məhərrəmova şair haqqında qısa məlumat verdikdən sonra şairin həyatı və yaradıcılığı haqqında məruzə etmək üçün sözü məktəbin müəllimi, şairin qələm dostu publisist Akif Məmmədova vermişdir.

Akif müəllim Azərbaycan poeziyasında öz dəsti-xətti ilə seçilən və sevilə-sevilə oxunan şair Oqtay Rzanın çoxşaxəli yaradıcılıq yolundan bəhs etmiş, onun indiyədək müxtəlif mükafatlara, o cümlədən, beynəlxalq  R. Rza, Araz, M. Müşfiq, C. Cabbarlı adına mükafatlara, “Qızıl Qələm” media mükafatına layiq görüldüyünü vurğulamışdır. Şairin elm-təhsil yolunda da yorulmaz fəaliyyətindən danışan Akif müəllim onun bugün də əsl gənclik eşqi ilə gənclərə, sevimli tələbələrinə, “geologiya və minerologiya” fənnini tədris etdiyini qeyd etmişdir. Məruzəçi uzun müddət tanıdığı, dostluq etdiyi şairlə bağlı maraqlı görüşlərindən yaranan xatirələrini tədbir iştirakçıları ilə bölüşmüşdür.

Görüşdə söz şagirdlərə verilmiş,  8c sinif şagirdlərindən Rəhimə və Dürsədəf Almasovalar, 8b sinif şagirdi Ruhəngiz Abıyeva, 7a sinfindən Fidan Vəliyeva şairin şeirlərindən parçalar səsləndirmişlər.

Sonra tədbirdə söz şairə verilmişdir. O, tədbirin təşkilatçılarına dərin və səmimi təşəkkürünü bildirdikdən sonra yeni şeirlərini oxumuş, tədbir iştirakçılarının çoxsaylı suallarını səmimi şəkildə cavablandırmışdır.

Görüşün sonunda məktəbin direktoru N.Ağcayev tədbirdə fəal iştirakına görə bir qrup müəllim və şagirdləri, o cümlədən, ssenari müəllifi Çinarə Məhərrəmovanı, məruzəçi Akif Məmmədovu, müəllimə Aynur Məmmədovanı, şeir ifaçıları Dürsədəf Almasovanı, Ruhəngiz Abıyevanı, Rəhimə Almasovanı, Fidan Vəliyevanı, eləcə də, Oqtay Rzanın yaradıcılığına inşa yazıları həsr etmiş şagirdlərdən Səbinə Minaxanovanı, Fatimə Xurşudovanı, Sevda Məmmədovanı məktəb müdiriyyəti adından Fəxri Fərmanla təltif etmiş və öz təşəkkürünü bildirmişdir.

Şair bir daha belə səmimi, möhtəşəm və maraqlı görüşü təşkil etdiklərinə görə məktəbin müdiriyyətinə, müəllim və şagird kollektivinə öz dərin minnətdarlığını bildirmişdir.