17.04.2015

Bakı şəhəri 269 nömrəli tam orta məktəbdə tədbir

Aprelin 16-da Bakı şəhəri 269 nömrəli tam orta məktəbdə Təhsil Nazirliyi, Bakcell şirkəti, Britaniya Şurası və "İnkişaf Naminə İdman" İctimai Birliyinin birgə təşkilatçılığı ilə reallaşdırılan TOPs - Fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının model layihəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə qeyd olunub ki, layihənin əsas məqsədi ümumi təhsil məktəblərində fiziki tərbiyə fənni üzrə təhsilverənləri müasir təhsil texnologiyası ilə təmin etməkdən ibarətdir. Belə bir metodun tətbiqi eyni zamanda, təhsilalanların hərəkət bacarıqlarının inkişafını təmin edən əlverişli mühitin yaradılmasına, təhsil aldıqları müddətdə onların fiziki-psixoloji sağlamlığının qrunmasına yönəlmiş pedaqoji texnologiyaların tətbiqinə nail olmağa imkan verəcəkdir.

Qeyd edək ki, layihə pilot olaraq Bakıdakı 138, 269 və 220 nömrəli tam orta məktəblərdə həyata keçirilir. Layihə çərçivəsində Bakı şəhərində hədəf məktəblərdən seçilmiş 25 nəfər fiziki tərbiyə müəllimi beynəlxalq və yerli mütəxəssislər tərəfindən müasir və innovativ təlim metodu olan TOPs proqramı üzrə beşgünlük təlimlərə cəlb olunub.

269 nömrəli tam orta məktəbdə təşkil olunmuş ilk idman festivalında 100-dən çox şagird iştiak ediblər. Onlar müxtəlif idman növləri üzrə mübarizə aparıb, rəqs və musiqi nömrələri ilə festivala gələn qonaqlar qarşısında çıxış ediblər.

Sonra məktəbin fiziki tərbiyə müəllimlərindən Viktoriya Qarayeva, Cəfər Hüseynov, Sənan Osmanlı, Qalina Deryabina və Azər Əkbərovun V, VI, VIII və X siniflərdə tədris etdikləri "Açıq dərs"ləri izlənilib.