Bakı şəhəri 47 nömrəli Məktəbdənkənar İş Mərkəzinin təşkilatçılığı ilə Sabunçu rayonu ərazisində yerləşən ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında “Sağlam bədəndə sağlam ruh olar” adlı rəsm müsabiqəsi keçirilmişdir.
Cari ilin iyun ayında Bakıda keçiriləcək ilk Avropa Oyunlarına həsr olunmuş müsabiqə məktəblilər arasında sağlam həyat tərzinin təbliğ edilməsi və onların asudə vaxtlarının səmərəli təşkili məqsədini daşıyır.
Müsabiqə bir həftə ərzində (10-17 aprel 2015-ci tarixlərdə) keçirilmiş, Təşkilat Komitəsinə müxtəlif təhsil müəssisələrindən 150-yə yaxın rəsm işi təqdim edilmişdir. Münsiflər heyəti 8 ən yaxşı rəsm işini seçərək yüksək qiymətləndirmişdir.
Qalib rəsmlərin müəllifləri Lamiyə Əliyeva, Arif Əzimov, Roza Ömərova, Bəyaz Baxşəlizadə, Aişə Haqverdiyeva, Aysel İbrahimova, Nuranə Xəlilzadə və Aysel Rüstəmova münsiflər heyətinin qərarına əsasən 47 nömrəli Məktəbdənkənar İş Mərkəzinin diplomları ilə təltif edilmişlər.