28.04.2015

Sağlam ətraf mühit sağlam həyatdır

 

Bakı Şəhəri 46 №-li Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi 22 aprel Beynəlxalq Yer Günü ilə əlaqədar 266 nömrəli məktəbdə “Sağlam ətraf mühit sağlam həyatdır” mövzusunda dəyirmi masa keçirmişdir. Dəyirmi masada uşaqlara Beynəlxalq Yer Kürəsi  Gününün əvvəllər “Ağac Günü”  adı ilə qeyd olunduğu bildirilmişdir.

Bu bayramın keçirilmə tarixi 19-cu əsrin 70–ci illərinə təsadüf edilir. 21-ci əsrin əvvəllərində başlayaraq Azərbaycanda da Milli parkların şəbəkəsi genişləndirilmiş, yaşıllaşdırmaya xüsusi önəm verilmişdir. 2003-cü ildə Respublika prezidentinin sərəncamı ilə Bakı şəhərinin Qaradağ rayonu, Səlyan və Neftçala rayonlarını əhatə edən Şirvan Milli Parkı, Ağcəbədi və Beyləqan rayonlarını əhatə edən Ağ Göl Milli Parkı yaradılmışdır. Bu barədə də şagirdlərə geniş məlumat verilmişdir.

Dəyirmi masanın məqsədi uşaqların diqqətinə ətraf mühitin çirklənməsi və canlı aləmin qorunub saxlanması problemlərinə cəlb etmək olmuşdur. Tədbirdə Respublika Ekoloji Tərbiyəvi və Təcrübəçilik Mərkəzin şöbə müdiri fəlsəfə elmləri doktoru Lalə Dadaşova, 266 nömrəli məktəbin müəllimləri və 50-yə yaxın şagird iştirak etmişdir.