18.12.2015

Məktəbdənkənar təhsilin tədrisin keyfiyyətinə təsiri

 

       Məktəbdənkənar təhsil uşaq, yeniyetmə və gənclərin maraq, meyl və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcılıq qabiliyyətlərinin inkişafı, fiziki cəhətdən sağlam böyümələri üçün əlverişlidir. Bu təhsil könüllülük əsasında qurulur, ailə, təhsil müəssisələri, ictimai təşkilatlar, yaradıcılıq birlikləri, cəmiyyətlər, fondlar, əmək kollektivləri ilə birlikdə, həmçinin ayrı-ayrı vətəndaşların köməyi ilə aparılır. Məktəbdənkənar təhsil müəssisələrinə bunlar daxildir: uşaq-gənc yaradıcılıq sarayları, evləri, klublar, bədii, estetik, texniki, ekoloji, turizm və diyarşünaslıq yönümlü mərkəzlər, uşaq-gənclər idman və şahmat məktəbləri.       

      Ümumtəhsil müəssisələri şagirdlərinin belə mərkəzlərə getməsinə maraqlıdırlar. Çünki şagirdlərinin qazandığı uğurlar onların məktəbinin də imicinə müsbət təsir göstərir.

       Məktəbdənkənar təhsil barədə söhbət etmək üçün Bakının qabaqcıl təhsil müəssisələrindən biri olan 291 nömrəli “Araz” Ekologiya liseyinin tərbiyə işləri üzrə direktor müavini  Zeynəb Qasımova müsahibimiz oldu. 

 

       Zeynəb xanım, bildiyiniz kimi bir neçə gündür Bakının 12 rayonunu əhatə edən və təcrübə mübadiləsini əsas tutan “Açıq qapı”günü  layihəsi həyata keçirilir. Layihəyə ev sahibliyi etmiş məktəblərdən biri də sizsiniz. Layihə çərçəvəsində hazırlanan təqdimatların bir istiqaməti də “Məktəbdənkənar fəaliyyətin tədrisin keyfiyyətinə təsiri” olub. Məsələ ilə bağlı təqdimatı siz etmisiniz. Sizcə məktəbdənkənar təhsil nə üçün lazımdır?

 

      Bildiyimiz kimi tərbiyə  işlər üzrə direktor müavininin  işi çoxşaxəlidir. O, Azərbaycan Respublikasının qanunları, Təhsil Nazirliyinin normativ sənədləri və məktəbin əsasnaməsinə uyğun olaraq məktəbdə tərbiyə işinə rəhbərlik edir, müəllim, psixoloq, uşaq birliyi təşkilatı, sinif, dərnək rəhbərlərinin, valideynlərin, ictimai təşkilat və şagird özünüidarə orqanlarının  köməyi ilə şagirdlərin tərbiyə işini təşkil edir. Gənclərin milli adət -  ənənələr, vətənpərvərlik ruhunda tərbiyə olunmasında, onların fiziki cəhətdən inkişafında  məktəbdənkənar təhsilin rolu böyükdür. Buraya cəlb olunmuş  şagirdlərdə özünəinam artır,  sərbəst fikir söyləmək  qabiliyyəti təkmilləşir, onların intellektual  səviyyəsi yüksəlir. Məktəbdənkənar  keçirilən  tədbirlərin hər biri  (ekskursiyalar, rəsm və inşa müsabiqələri,  idman və bilik yarışmaları və s.) tədrisin keyfiyyətinin yüksəldilməsinə  müsbət təsir edir.

 

        Məktəbdənkənar  fəaliyyətin  qarşısında  duran   əsas vəzifələr nədir?   Bu təhsil şagirdlərə nə verir?

 

    Məktəbdənkənar  fəaliyyətin  qarşısında  duran   məqsədlərdən bəziləri bunlardır:   Uşaqlarda    müqayisə  etmək,   pisi  yaxşıdan  ayırmaq  bacarığının formalaşdırılması,  zəif  oxuyan  şagirdlərdə   irəliyə  getmək  istəyinin,  istedadlı  şagirdlərdə  öz  bilik  və  bacarıqları  ilə  bölüşmək  həvəsinin  yaradılması. Bu uşaqları  təsir  altına salmaq çətin olur, onlar daha inamlı və özlərinə əmin olurlar. Digər tərəfdən ətrafındakı insanlara da  müsbət  təsir  göstərə  bilirlər. Şagirdlər  sağlam rəqabət aparmağı  öyrənir,  lider olmaq kimi müsbət  keyfiyyətə sahiblənirlər. Ən əsası isə şagirdlərin istedad və bacarığı üzə çıxır. Uşaqların  məktəbdənkənar  işlərdə  müntəzəm  iştirakı onların  hətta psixoloji  cəhətdən  özünütənzimləmə  bacarığının  formalaşmasında  da böyük  rol  oynayır.  İstedadlı  uşaqlar  üçün  əlverişli  psixoloji  şərait  yaradılarsa,  onların  intellektual  cəhətdən bir şəxsiyyət  kimi   formalaşmasında  uyğunsuzluğun  dəf  edilməsi  asanlaşır  və  inkişafı  təmin  olunur.

 

        Liseyinizdə  şagirdlərin  asudə  vaxtlarını  səmərəli  keçirməsi  üçün  hansı  şərait  yaradılıb? 

 

      Şagirdlərin  asudə  vaxtlarının   səmərəli  keçirilməsi  üçün  məktəbdənkənar  fəaliyyət vacibdir. Tədqiqatçılar  müşahidə  etmişlər  ki,  “ailə”  adlanan  yanaşma  valideynlərin  məktəbdə  təşkil  olunan  tədbirlərdə  iştirakı  və  digər  bu  kimi  məqamlara  əsaslanır. Müəllimlərin  valideynlər  tərəfindən  qiymətləndirilməsi,  şagirdlərin  əxlaq    qaydalarına  riayət  etməsi, idman  yarışlarında  və  dərsdənkənar  tədbirlərdə  iştirak,  valideyn  və  məktəb  arasında  əlaqələrin  müntəzəmliliyi diqqətdə  saxlanılır,  habelə  dərsə  gəlməmək, dərsdən  qaçmaq,  cəzalandırılmaq  kimi  problemlər  də  olmur.  Dərsdən  sonra  rəsm,  rəqs,  musiqi  dərnəklərinin,  fənlər  üzrə  isə  müxtəlif  kursların  təşkilinin  həyata  keçirilməsi  şagirdlərin  istədikləri  istiqamətdə  bilik  və  bacarıqlara yiyələnməsində  öz  əksini  tapır.  Həmçinin   tarixi  yerlərə,  muzeylərə  ekskursiyaların  təşkili  də  gündəmdə olan  məsələlərdəndir.  Bu  işlərin  uşaqların  dünyagörüşlərinin  genişləndirilməsində      bilavasitə  böyük  rolu  var.

 

        Şagirdlərin  məktəbdənkənar  fəaliyyətə  marağını  artırmaq  üçün sizcə nə  etmək  lazımdır?

 

      Bu gün məktəb  qarşısında  duran  mühüm  məsələ  sosial  cəhətdən  fəal  insan  yetişdirməkdir. Bu  isə  cəmiyyətdə  gedən  pozitiv  dəyişikliklərin  ölçüsüdür: uyğunlaşma   bacarığı və  fəallıq,  yenilikləri  asanlıqla  öyrənmə,  problem  həll etmə  müasir  insanın  kompetensiyasıdır.

        Liseydə  şagirdlərin  məktəbdənkənar  fəaliyyətə  marağını  artırmaq  üçün  bir  çox  işlər  nəzərdə  tutulur. Məsələn,  intellektual  müsabiqələrin, müxtəlif   tədbirlərin,  ekskursiyaların təşkili; idmana  həvəsin, xeyriyyə  işlərinə  marağın artırılması;  rəqs,  rəsm  dərnəklərinə  yönləndirilmə; iməcilik  və  ağac əkmə  aksiyalarının  həyata  keçirilməsi  və  s.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                    

        “Açıq qapı” günləri layihəsini necə dəyərləndirisiz? Bir direktor müavini olaraq siz nə öyrəndiniz?

 

       Mən  “Açıq qapı” günü haqqında onu deyə bilərəm ki,  zamanında keçirilən və təqdirəlayiq bir tədbirdir. Artıq nəzəriyyədən təcrübəyə keçməyin vaxtı çatıb. Təbii ki, uğurlu nəticə əldə  etmiş məktəblərin təcrübələri öyrənilməli və tətbiq edilməlidir. Layihə əsnasında 200-ə yaxın təhsil işçisi açıq dərslərimizdə iştirak etdi. Əlbəttə,  qabacıl  təcrübənin öyrənilməsi üçün  bu, çox yaxşıdır. Mən belə hesab edirəm ki, hər bir məktəb  qabaqcıl  olmaq istər və yaxşı nəticə göstərə bilər. Bunun üçün çox çalışmaq  və  qabaqcıl məktəblərin  təcrübəsindən yararlanmaq  lazımdır.  “Açıq qapı” günündə  tərbiyə  işləri  üzrə  direktor müavini kimi  mən də yeni  layihələrlə tanış oldum, mənim də öyrəndiklərim oldu.  Təhsil Nazirliyinin nümayəndəsi İlahə Rəsulovanın  “Ənənəvi məktəbdənkənar fəaliyyətlərə yeni yanaşma”   və İcma layihəsinin icraçı təşkilat nümayəndəsi Ülvi  Ağayevin “Məktəb icması” adlı  təqdimatlarından  sonra məktəbdənkənar  fəaliyyəti  daha   innovativ  metodla davam etdirməyin mümkünlüyünə əmin oldum.