01.01.1970

“Xocalı qan yaddaşımız”

Bakı şəhəri 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində 23 fevral 2016-cı il tarixində Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunan “Xocalı qan yaddaşımız” adlı ədəbi – bədii kompozisiya keçirilib.

Tədbirdə Xocalı İcra Hakimiyyətinin baş məsləhətçisi Xəlil Vəliyev, Qarabağ Həqiqətlərinin Beynəlxalq Aləmə Tanıtma Birliyinin sədri, “Şəhidlər” muzeyinin müdiri Əlövsət Qasımov, Qarabağ Həqiqətlərinin Beynəlxalq Aləmə Tanıtma Birliyinin icraçı direktoru İradə Murquzova, rəssam Nəvai Mətin, Xocalı sakinləri və digər qonaqlar iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə açılandan sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbirin aparıcı Xocalı faciəsi haqqında məlumat verdikdən sonra mərkəzdə fəaliyyət göstərən “Bədii qiraət”, “Məktəb teatrı”, “Dram” və “Ədəbi diyarşünaslıq” dərnəklərinin üzvləri çıxış ediblər. Hadisə zamanı həlak olan yüzlərlə insanın başına gətirilənlər “Xocalıda keçən günlər”, “Xocalı fəryadı”, “Bu günü yaşamaq ağırdır” səhnəcikləri, “Ey vətən”, “Xocalı”, “Sizi qınamıram”, “Laylay Xocalım, laylay”, “Haqq yoludur tutduğumuz yol” ədəbi - bədii kompozisiyaları ilə nümayiş edilib.

Mərkəzin Estetik Tərbiyə Şöbəsinin müdiri Naqiyə Rzayeva Xocalı faciəsini qum üzərində  canlandırıb.  

Tədbirdə çıxış edənlər 24 il bundan əvvəl erməni terrorçularının Xocalıda törətdikləri vəhşilikləri, bu faciə ilə bağlı öz fikirlərini tədbir iştirakçılarının nəzərinə çatdırıb,  XX əsrin Azərbaycan xalqının həyatına, tarixinə ən qanlı fəlakət və faciələrlə, əzab və işgəncələrlə daxil olduğunu vurğulayıblar.