01.01.1970

Xocalı soyqırımının iyirmi dördüncü ildönümünə həsr olunan silsilə tədbirlər keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Xocalı soyqırımının iyirmi dördüncü ildönümünün qeyd edilməsi barədə” əmrinə əsasən ümumtəhsil məktəbləri və məktəbdənkənar təhsil müəssisələrində silsilə tədbirlər keçirilib. Belə ki, Xocalı soyqırımının iyirmi dördüncü ildönümü ilə əlaqədar mühazirələr, bədii qiraət saatları, xatirə gecələri, ədəbi-bədii kompozisiyalar, soyqırımın şahidi olanlarla görüşlər təşkil olunub, foto-stendlər, guşələr, divar qəzetləri hazırlanıb, rəsm sərgiləri təşkil edilib. Eyni zamanda mövzu ilə əlaqəli sənədli və bədii filmlər nümayiş olunub, müəllim və şagird kollektivlərinin "Ana fəryadı" heykəlinə ziyarətləri də təşkil edilib.

Tədbirlərdə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik  sükutla yad edilərək faciənin motivləri, erməni qəsbkarlarının  törətdiyi qətliamlar, insanlığa sığmayan vəhşiliklər, Xocalının tarixi, ərazisi və  şəhidləri  ilə  əlaqədar şagirdlərə ətraflı məlumat verilib. Bundan başqa, tədbirlərdə məktəblilərin ifasında Xocalı faciəsindən bəhs edən səhnəciklər nümayiş edilib, şeirlər səsləndirilib.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən 26 fevral 2016-cı il tarixində ilk dərs və məşğələlər də Xocalı soyqırımına həsr olunub.


Açar sözlər: