01.01.1970

“Gənc xilasedici və yanğınsöndürən” yarışlarının Bakı zona birinciliyi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin bazasında FHN İctimaiyyətlə əlaqə idarəsinin rəhbərliyi, Bakı Regional Mərkəzinin təşkilatçılığı, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi və  nazirliyin aidiyyəti qurumlarının  iştirakı ilə  1 iyun 2016-cı il tarixində  “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının Bakı  şəhər zona birinciliyi keçirilmişdir.

Yarışın açılış mərasimində çıxış edən Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi, general-mayor Şahmar Paşayev, İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini, polkovnik Məhbubə Mustafayeva, Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Mürsəl Qurbanov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndəsi Zamin Əhmədov bu yarışların əhəmiyyətindən, yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsindən, məktəblilərin şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətindən, gənc nəslə hərbi vətənpərvərlik ruhunun aşılanması və məktəblilər arasında sağlam həyat tərzinin təbliğindən bəhs etmiş, yarış iştirakçılarına gərgin mübarizədə müvəffəqiyyətlər arzulamışlar.

Sonra yarışlara  start verilmişdir. Yarışlar  “Yanğın estafeti”, “Maneələr zolağı”, “Gənc ekspertlər” üzrə 3 mərhələdə keçirilmişdir.

Yarışda  Bakı şəhərinin rayonları üzrə 1 komanda olmaqla ümumilikdə 12 komanda -  51, 56, 85, 96, 117, 158, 164, 207, 220,  243, 248,  319  nömrəli tam orta  məktəblərin komandaları  iştirak etmişdir.  “Yanğın estafeti” mərhələsində komandalar yanğınsöndürmə dəstlərini geyinərək müxtəlif maneələri bacarıqla dəf etmiş, yüksək təzyiqli su şırnağı ilə qarşıdakı hədəfləri vurmuşlar.

“Maneələr zolağı” mərhələsində komandaların üzvləri müxtəlif maneəli zonaları keçmişlər. “Gənc ekspertlər” mərhələsində komandaların fövqəladə hallarla bağlı bilik səviyyələri sınağa çəkilmişdir. Bu zaman komandalara fövqəladə hallar və həmin hallarda davranış qaydaları barədə suallar verilmiş və cavablandırılmışdır.

Gərgin mübarizə, sağlam rəqabət  əhval-ruhiyyəsi və yüksək obyektivlik şəraitində keçirilmiş yarışlar münsiflər heyəti tərəfindən qiymətləndirilərək müəyyənləşdirilmişdir.

Yarışlarda yüksək fəallıq göstərmiş  220, 56, 225 nömrəli məktəblərin komandaları müvafiq olaraq I, II, III yerləri  tutmuşlar.  Komandalar kubok və diplomlarla mükafatlandırılmış, I  və II  yerləri tutmuş komandalar Bakı şəhərini  “Gənc xilasedici və yanğınsöndürən” yarışları üzrə Respublika birinciliyində təmsil etmək hüququ qazanmışlar.