31.10.2016

Onu zirvəyə aparan yol

Təhsilimizin inkişafına yüksək səviyyədə göstərilən diqqət və qayğı gələcəyimiz olan gənc nəslin hərtərəfli və peşəkar mütəxəssislər kimi formalaşmasında mühüm əhəmiyyət daşıyır. Bu mənada Təhsil Nazirliyinin istedadlı şagirdlərin üzə çıxarılması, onların bilik və qabiliyyətlərinin inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin nəticələri göz qabağındadır. Nazirlik tərəfindən şagirdlərimizin respublika fənn olimpiadalarında, eləcə də beynəlxalq səviyyəli bilik yarışlarında geniş iştirakının təşkil və təmin olunması öz bəhrələrini verməkdədir. Belə ki, 2015-ci ildə dünyanın müxtəlif ölkələrində keçirilən dünya fənn olimpiadalarında Azərbaycan məktəbliləri öz bilik və bacarıqlarını nümayiş etdirərək 6, 2016-cı ildə isə yüksək nəticələr əldə edərək ölkəmizə 7 medal qazandırmış və Azərbaycan bayrağını daha yüksəkliklərə qaldıraraq təhsil ictimaiyyətimizi sevindirmişlər. 

Əldə olunan ən mühüm nəticə ondan ibarətdir ki, son illər bu sahədə aparılan davamlı siyasət, şagirdlərimizin beynəlxalq miqyaslı olimpiadalarda ölkəmizi layiqincə təmsil etməsi, medallarla vətənə dönmələri həm də Azərbaycanın istedadlar yetişdirən elm ölkəsi kimi beynəlxalq imicini möhkəmləndirmişdir. Məktəblilərimizin əldə etdikləri uğurlara əsasən tam qətiyyətlə deyə bilərik ki, şagirdlərimizin elmi potensialı yüksəkdir və onlar istənilən beynəlxalq olimpiadada dünyanın dörd yanından olan həmyaşıdları arasında yüksək nəticələr əldə etməyə qadirdirlər. Məhz aparılan işlərin nəticəsidir ki, olimpiadalarda yüksək əyarlı medallar qazanan şagirdlərimizin sorağı indi ABŞ, Avropa, Türkiyə, Rusiya və digər ölkələrin nüfuzlu universitetlərindən gəlir. Budəfəki yazımız da belə uğurlu şagirdlərimizdən biri, dəfələrlə beynəlxalq riyaziyyat olimpiadalarından vətənə medallarla qayıtmış, əldə etdiyi nailiyyətləri sayəsində Amerikanın bir sıra universitetlərindən qəbul dəvəti almış və hazırda Bilkənt Universitetinin mühəndislik fakültəsinin I kurs tələbəsi Məhəmməd Mehman oğlu Şirinov barədədir. 

Məhəmməd Şirinov 1999-cu il fevralın 13-də Bakıda anadan olub. İbtidai təhsilini 286 nömrəli tam orta məktəbdə alıb. V-VI sinifləri Bakı Dövlət Universitetinin nəzdindəki “Gənc istedadlar” liseyində oxuyub. 2016-cı ildə akademik Zərifə Əliyeva adına liseyi qızıl medalla bitirib. Bundan əlavə, Məhəmməd 26-31 dekabr 2015-ci il tarixlərində “A-Star Winter Mathematical Kamp 2015”, (Sunnyvale şəhəri, Kaliforniya ştatı, ABŞ), 18-25 fevral 2016-cı il tarixdə Harvard Universitetinin “Harvard - MIT Mathematical Tournament (HMMT) beynəlxalq riyaziyyat olimpiadalarına hazırlıq kurslarında iştirak edib.

İlk medalın sevinci 

Aşağı siniflərdən öz fitri istedadı ilə müəllimlərinin diqqətini cəlb edən Məhəmməd ilk dəfə VII sinifdə oxuyarkən olimpiadalarla maraqlanıb. Beynəlxalq miqyaslı bilik yarışlarında iştirak və ölkəmizi təmsil etmək arzusu ilə riyaziyyat və məntiqdən imtahan verib. İmtahanlarda yaxşı nəticə göstərərək olimpiadalara hazırlaşmaq üçün uşaqlıqdan böyük maraq göstərdiyi riyaziyyat fənnini seçib. Riyaziyyat üzrə bilik yarışlarına hazırlıqlar bir qayda olaraq IX sinifdən başlasa da, müəllimlərinin məsləhəti ilə Məhəmməd artıq VIII sinfin əvvəlində özündən yaşca böyük olan IX sinif şagirdləri ilə bir yerdə imtahan verib yüksək nəticə göstərib və riyaziyyat üzrə Azərbaycan komandasına üzv seçilib. Beləliklə də Məhəmməd onu zirvəyə aparan uğurlu yolunu özü müəyyənləşdirib. 

Artıq bu istedadlı məktəbli VIII sinifdən başlayaraq olimpiada hazırlıqlarına start verib. Hazırlıqlar öz nəticəsini verib. O, ilk dəfə 2013-cü ilin iyun ayında Türkiyədə keçirilən yeniyetmələr arasında 17-ci Balkan Riyaziyyat Olimpiadasında iştirak edərək vətənə gümüş medalla qayıdıb. Bu qələbə Məhəmmədin sonrakı illərdə əldə edəcəyi medallar üçün yaxşı bir başlanğıc, stimul olub. İlk medalın sevinci Məhəmmədi ruhlandırıb. O, respublika fənn olimpiadalarında da uğurlar qazanıb. Bir il sonra, 2014-cü ildə IX sinifdə də olimpiada hazırlıqlarını davam etdirən Məhəmməd respublika riyaziyyat Olimpiadasında I yeri tutaraq qızıl medala layiq görülüb. 

Uğurun ünvanı 

Əlbəttə ki, Məhəmməd və beynəlxalq səviyyəli bilik müsabiqələrində ölkəmizə medallar qazandıran şagirdlərimizin formalaşmasında məktəblərimizin rolu çox yüksəkdir. Bütün dünyada olduğu kimi, orta məktəblərimizin innovativ təlim texnologiyaları ilə təmin edilməsi, tədrisin keyfiyyətinin artırılması, respublika və beynəlxalq olimpiadaların məktəb təhsilinin ayrılmaz hissəsinə çevrilməsi öz müsbət bəhrələrini verməkdədir. Şagirdlərimizin əldə etdiyi uğurların ünvanı kimi nümunəvi məktəblərimizdən Məhəmmədin də məzunu olduğu akademik Zərifə Əliyeva adına liseyin, Bakıdakı “İstək” liseyi və onun filiallarının, digər məktəblərimizin şagirdləri ötən tədris ilində beynəlxalq olimpiadalarda yüksək nailiyyətlər əldə edərək 22 medal qazanıblar. Ölkəmiz ötən il Cənubi Koreyada keçirilən XII Beynəlxalq Elm Olimpiadasında fərqlənərək MDB ölkələri arasında 2-ci, Avropa ölkələri arasında 3-cü yerə çıxıb. Şagirdlərimizin “Sabahın alimləri”nin Amerikada keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində əldə etdiyi uğurlar da sevindiricidir. Məhz aparılmış məqsədyönlü işlərin nəticəsidir ki, ötən tədris ilində Koreya, Albaniya, Rusiya və Çində keçirilən 5 müxtəlif beynəlxalq fənn olimpiadasında Azərbaycan məktəbliləri 5 gümüş və 11 bürünc medal qazanıblar. 

Qeyd edək ki, bütün dünyada beynəlxalq səviyyəli fənn olimpiadaları gənclər arasında prestijli yarış növü hesab edilir ki, burada əsas məqsəd yaradıcı qabiliyyətə və istedada malik, yüksək düşüncə və məntiq, kreativlik, qarşıya qoyulan və çox vaxt məktəb proqramından kənara çıxan problemin qeyri-standart həllini tapmaq bacarığına malik gənclərin üzə çıxarılmasına xidmət edir. Olimpiadalar həmçinin yeniyetmələrdə elmə marağın artmasına, elmin sirlərinə daha dərindən yiyələnmələrinə xidmət edir və bu prosesi stimullaşdırır. Hazırda respublikamızda bütün orta ümumtəhsil məktəblərini əhatə edən beynəlxalq olimpiadalara hazırlıq mərkəzləri yaradılıb, dövlətimizin təhsil siyasətində bu məsələlərə xüsusi diqqət yetiməsi isə təqdirəlayiqdir. 

Beynəlxalq fənn olimpiadaları şagirdlərimizin istedad və qabiliyyətlərini aşkar etməklə yanaşı, həm də onların gələcək təhsil həyatları üçün uğurlu şansdır. Dünyanın ən nüfuzlu bilik yarışmalarında medal qazanan yetirmələrimiz Azərbaycan təhsilinin layiqli təmsilçiləri kimi dünyanın ən reytinqli universitetlərinin tələbəsi olmaq imkanı qazanır. Belə ki, Moskvada keçirilən Beynəlxalq Mendeleyev Olimpiadasının qalibləri M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə, Balkan Riyaziyyat Olimpiadasında medal alan şagirdlər isə Türkiyənin Bilkənt və Orta Doğu Texniki universitetlərinə dəvət ediliblər. Məhəmməd də onlardan biri olaraq mühəndislik ixtisası üzrə dünyanın ən reytinqli universitetlərindən qəbul təklifi alıb. Onlardan Amerikanın Nyu-York, Honkonqun Elm və Texnologiya, Türkiyənin Bilkənt və Orta Doğu Texnik universitetlərini, Sinqapurun Nanyanq Texnologiya İnstitutunu göstərmək olar. 

“Mənim uğurlarım riyaziyyatdan əvvəl məhz şahmat ilə başlamışdı”

Məhəmməd Şirinov: Çox adam inanır ki, yaxşı şahmat oynamaq qabiliyyəti ilə riyaziyyat biliyi sıx əlaqəlidir. Mənim uğurlarım riyaziyyatdan əvvəl məhz şahmat ilə başlamışdı. 5 yaşım olanda valideynlərim şahmata olan marağımı görüb məni şahmat məktəbinə göndərdilər. Şahmat ilə məşğul olduğum vaxt ərzində 1-ci dərəcəyə çatmış və bu zaman ərzində dərslərimdə riyaziyyat fənni ilə bağlı heç bir çətinlik yaşamamışdım. 7-ci sinifdən etibarən “İstək” liseyində oxumağa başladım. Məhz burada beynəlxalq dərəcədə təşkil olunan riyaziyyat yarışları haqda öyrəndim. Riyaziyyatı yaxşı bildiyim və sevdiyim üçün beynəlxalq riyaziyyat olimpiadalarına hazırlaşmağa başladım.

Valideynlərim olimpiada ilə məşğul olmağımı həmişə dəstəkləyiblər. Atam hətta hərdən mənim xəbərim olmadığı olimpiada nəşrləri və mənbələrini tapıb mənimlə bölüşürdü. Müəllimlərim də məni həvəsləndirib, mənə mümkün qədər çox kömək etməyə çalışıblar. Olimpiada uğurlarımda həm valideynlərimin, həm də müəllimlərimin çox böyük rolu var.

2012-ci ildə məktəbimizin riyaziyyat olimpiadalarına hazırlıq sinfinə seçildim və 2013-cü ilin iyun ayında ilk dəfə beynəlxalq olimpiadada iştirak etdim. O vaxtdan bəri 8 fərqli ölkədə 9 beynəlxalq olimpiadada iştirak etmişəm. Təhsil Nazirliyinin dəstəyi ilə olimpiada hazırlığımın 6 ayını Amerikada keçirmiş, həmçinin il ərzində və yay aylarında yerli və xarici olimpiada müəllimlərindən dərslər almışam. 

Riyaziyyatı öyrənmək istəyənlər əmin olmalıdırlar ki, bu fənni həqiqətən başa düşərək və eyni zamanda ondan zövq alaraq öyrənirlər. Beynəlxalq olimpiadalara hazırlıq da insana, əslində bunları qazandırır. Çoxlu miqdarda teorem və texnikalar öyrənmək və daha çox məsələ həll etmək. 

Məhəmməd Şirinov beynəlxalq olimpiadalara hazırlıq mərhələsində özündən əvvəl Azərbaycanı beynəlxalq bilik yarışlarında layiqincə təmsil edərək medallar qazanmış və hazırda Amerikanın Stanford Universitetində oxuyan Cəfər Cəfərov, Türkiyənin Yaşar Universitetindən professor Rafail Əlizadə, ABŞ-ın Karneqi Mellon Universitetindən İlqar Ramazanlı ilə tanış olub, onların dəyərli məsləhət və tövsiyələrindən yararlanıb. Müəllimləri də Məhəmmədin uğurlarını yüksək qiymətləndirir və onun məsuliyyətli, çalışqanlığını xüsusi qeyd edirlər. 

“Bütün olimpiadalarda ölkəmizin adını uca tutmuşdur”

Elvin Məmmədov, “İstək” liseyinin riyaziyyat müəllimi: - Məhəmmədlə ilk dəfə 2013 -cü ildə Türkiyənin Antalya şəhərində azyaşlı məktəblilər arasında keçirilən Balkan Riyaziyyat Olimpiadasında (JBMO) iştirak etmişik. Həmin olimpiadada Məhəmməd gümüş medal alaraq olimpiada heyətində ilk uğura imza atıb. O, iştirak etdiyi bütün olimpiadalarda yüksək nailiyyətlər göstərərək ölkəmizin adını uca tutmuşdur. Məlum olduğu kimi, fənn olimpiadalarında medal təqdim olunan qalib səhnəyə çıxarkən əlində və ya çiynində öz ölkəsinin bayrağı ilə ölkəsini təmsil edir. Məhəmməd də hər dəfə medalını almaq üçün ölkəmizin bayrağı ilə səhnəyə çıxanda onun sevinci, qələbəsi ilə fəxr etməsi gözlərindən oxunurdu. Məhəmməd özündən sonra gələn olimpiadaçılara tez-tez öz tövsiyələrini verir, necə çalışmalı, uğuru necə qazanmaq olar kimi təcrübələrini onlarla paylaşırdı. Hətta o, riyaziyyat müəllimi kimi, olimpiadaçı sagirdlərə dərslər təskil edib onları gələcək olimpiadalara hazırlaşdırırdı. Onun riyaziyyata olan marağı məni valeh edirdi. Hər dəfə sualları həll edərkən Məhəmmədin məsələnin həllinə özünəməxsus tərzdə yanaşması və fərqli metodlardan istifadə etməsi onun gələcəkdə riyaziyyat sahəsində yeniliklərə imza atacağına əminlik yaradır. 
İstedadlı gənc hazırda Bilkənt Universitetində biliklərini zənginləşdirir. Onun gələcəklə bağlı planları var. O, Bilkənt Universitetində təhsilini başa vurduqdan sonra hara gedəcəyinə qərar vermək üçün hələ çox tez olduğunu deyir. Amma məqsədi dünyanın ən yüksək reytinqli universitetlərindən birinin tələbəsi olmaqdır.

“Olimpiadaya hazırlıq sinfində hamıdan fərqlənirdi” 

Cəfər Cəfərov, ABŞ-ın Stanford Universitetinin doktorantı: - Məhəmmədlə ilk dəfə 56-cı Beynəlxalq Riyaziyyat Olimpiadasına hazırlıq mərkəzində dərs deyərkən tanış olmuşam. X sinifdə oxumasına baxmayaraq, olimpiadaya hazırlıq sinfində hamıdan fərqlənirdi. Suallara fərqli baxışı, dərsə marağı, sual və tapşırıqları həll edərkən təcrübəsi əvvəlki olimpiadalarda göstərdiyi nəticələrin təsadüfi olmadığını sübut edirdi.

Hər bir tələbənin beynəlxalq olimpiada kimi çətin bir imtahanda yaxşı nəticə əldə etməsi üçün riyaziyyatı, qarşılaşdığı sualları yalnız dərsdə deyil, həyatının hər anında durmadan düşünməsinin lazım olduğu qənaətindəyəm. Məhəmməd özündə bu xüsusiyyəti daşıyan, mənim tanıdığım nadir insanlardan biridir. Birlikdə olduğumuz müddətdə Məhəmməd həm dərsdə, həm də dərsdən sonra müxtəlif teoremlər və suallar haqqında mənimlə və tələbə yoldaşları ilə müzakirələr aparır, yenicə öyrəndiyi bir fikri başqa suallara necə tətbiq edəcəyini düşünür və ya bu fikirlə başqa suallar qurmağa çalışırdı. Məhəmmədi beynəlxalq olimpiadalara hazırlaşan digər həmyaşıdlarından fərqləndirən başqa amil isə onun riyaziyyatın hər sahəsinə dərindən maraq göstərməsidir. Adətən tələbələr olimpiadalarda verilən 4 ana mövzudan bir və ya ikisini yaxşı mənimsəyirlər. Məhəmmədin isə bu dörd mövzunun hər birində kifayət qədər güclü olduğunu demək olar. Bu, onun intellektual səviyyəsinin çox yüksək olmasından və olimpiadalara ciddi və planlı şəkildə hazırlaşmasından irəli gəlir. 

Sonda biz də Məhəmmədə ali təhsil həyatında və elmi fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayır və ümid edirik ki, o, riyaziyyat sahəsinin görkəmli mütəxəssisi kimi yetişərək öz uğurları ilə ölkəmizi dünya elm səhnəsində bundan sonra da layiqincə təmsil edəcək.

 

Oruc MUSTAFAYEV, 
“Azərbaycan müəllimi”