31.10.2016

Müasir təhsil sisteminə doğru

Azərbaycanda təhsil islahatlarının başlanmasından 15 ildən çox vaxt keçir. Bu gün də davam etməkdə olan islahatların əsas qayəsi dünyanın təhsil meridianına çıxmaq; ən inkişaf etmiş ölkələrin təhsil ənənələri fonunda daha mükəmməl bir sistemin yaradılmasına nail olmaqdan ibarətdir. Xüsusən ümumi təhsil sahəsində daha uğurlu nəticələrə gəlmək üçün səyləri birləşdirməkdir. XXI əsrin ikinci onilliyində məktəb inkişaf edərək əvvəlki səviyyəsini keçmişdir. Onun hazırkı missiyası tam mənasında özünün fəaliyyətində ifadə olunur. Bu mövqe həm humanist, həm humanitar, həm də demokratik pozisiyalardan müsbət aura yaradır. Təbii ki, özünün müsbət və nöqsanlı cəhətləri ilə birgə bu, belədir. Lakin unutmaq olmaz ki, bütün sahələrdə çatışan və çatışmayan paradokslar bir-birini tamamlamaqla həm inkişafımızı tənzimləyir, həm də bizi səfərbər olmağa, fəaliyyətlərimizin fonunda tənqidi xarakterdə yanaşmaları həyata keçirməyə sövq edir. Azərbaycan təhsili müasir zamanın inkişaf meyillərini özündə cəmləməklə inkişaf edir. Qlobal dünyanın tələbləri ölkəmizin təhsil sisteminin dəyişərək daha modern bir məzmun və forma kəsb etməsini qarşıya qoyur. Bu, müasir zamanda inkişafımızın əsasını təşkil edir. Çünki “Ölkəmizin qarşıdakı illərdə əsas inkişaf yollarını müəyyənləşdirən Azərbaycanın İnkişaf Konsepsiyasında ənənəvi iqtisadiyyatdan “bilik iqtisadiyyatı”na keçidin əsasının qoyulması, bunun üçün həlledici amil insan kapitalının adekvat inkişafının ön plana çəkilməsi nəzərdə tutulmuşdur. Bu, təhsil sisteminin də kökündən dəyişilməsini, müasir təhsil sisteminin qurulmasını tələb edir” (M.Cabbarov. Ön söz. Azərbaycan Respublikası Təhsil Nazirliyi. İllik hesabat, 2015, Bakı, 2015).

 

Niyə məhz 12 illik təhsil?

 

Təhsilin müddətinin müəyyənləşdirilməsi pedaqogikanın zəruri problemlərindən biridir. Elə bu səbəbdən də ümumi təhsilin optimal müddətinin müəyyən olunması həmişə müzakirə obyekinə çevrilmişdir. Bu gün də ətrafında müzakirələr davam edən ümumi təhsilin müddəti məsələsində hələ də yekdil fikir yoxdur. Dünya ölkələrində 10, 11, 12, 13, hətta 14 illik ümumi təhsil müəssisələri mövcuddur. Aparılmış araşdırmalar hazırda isə 12 illik sistemdən daha çox istifadə olunduğunu göstərir. Azərbaycanda xeyli müddət ümumi təhsilin 10 illik sistemindən istifadə edilmişdir. Hazırda isə 11 illik sistem tətbiq olunmaqdadır və 12 illik təhsilə keçilməsi planlaşdırılmışdır. Bu müddəanın əhəmiyyətliliyini aşağıdakı şərtlərlə əsaslandırmaq olar.

Əvvəla, Dövlət Strategiyasında göstərildiyi kimi, “İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına görə, hər hansı ölkədə istənilən təhsil pilləsi üzrə təhsil müddətinin bir il artırılması ölkədə ümumi daxili məhsulun 3-6 faiz artmasına gətirib çıxarır”.

İkinci, 12 illik ümumi təhsil sisteminə keçid dünyanın bu standartlarla işləyən çox sayda ölkələri ilə müəyyən təhsil mübadilələrinin səmərəli qurulmasına imkan yaradır.

Üçüncü, ümumi təhsilin dəyəryönümlü məqsəd daşıması, şəxsiyyətin, vətəndaşın formalaşmasına xidmət etməsi missiyası özlüyündə təhsil müddətinin az və ya çox dərəcədə uzun olmasını tələb edir. Başqa sözlə, dəyərlərin mənimsənilməsinin keyfiyyəti xarakter etibarı ilə ümumi təhsilin müddətindən daha çox asılıdır. Belə olduğu təqdirdə davamlı təhsilin daha möhkəm bünövrəsinin yaradılması üçün imkan yaranmış olur.

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında, ölkənin bütün sahələrində olduğu kimi, təhsilin də inkişaf istiqamətləri müəyyənləşdirilir. Başlıca olaraq yeni təhsil sisteminin formalaşdırılması mühüm strateji addım kimi qeyd edilir və ümumi təhsillə bağlı siyasətin mahiyyəti açıqlanır. Qeyd olunur ki, “12 illik ümumi təhsil sisteminə keçid təmin ediləcək, bununla əlaqədar təhsil proqramları və dərsliklər müasir tələblər baxımından yeniləşdiriləcəkdir. Şagirdlərin idrak fəallığını, ümumi inkişafını ləngidən mövcud “yaddaş məktəbi”ndən “təfəkkür və düşüncə məktəbi”nə keçidin təmin olunması məqsədi ilə sistemli tədbirlər görüləcəkdir. Tam orta təhsil səviyyəsində təhsil təmayüllər üzrə təşkil olunacaq, istedadlı uşaqlar üçün inkişafetdirici fərdi proqramlar yaradılacaqdır. Eyni zamanda, xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud uşaqlar üçün də müxtəlif inkişafetdirici, korreksiyaedici və inklüziv təhsil proqramları tətbiq ediləcəkdir”. 

Göründüyü kimi, ölkəmizin təhsil siyasətində 12 illik təhsil xüsusi bir strateji xətt kimi dayanır. Onun reallaşdırılması təhsilin yenidən qurulmasına aid hissədə xüsusi olaraq ifadə edilmişdir. Açıq şəkildə göstərilmişdir ki, 12 illik təhsil sisteminə keçiləcəkdir. Yaddaş məktəbindən təfəkkür məktəbinə keçid təmin olunacaqdır. Bunlar əslində Azərbaycan məktəbi barədə müasir dövrün tələbinə uyğun zəruri mesajlardır ki, onun təbii olaraq yaranması bizi daha da irəliyə doğru addımlamağa sövq edir. Bu zərurət birdən-birə yaranmamışdır. Onu zaman özü Azərbaycana bəxş etmişdir. Odur ki, hələ XX əsrin sonlarında bu məsələlər mütəxəssislərimizi narahat etmişdir. Mərhum professor Əbdül Əlizadə ötən əsrin- XX əsrin son illərində bu günü düşünərək yazırdı ki, “Görəsən, XXI yüzillikdə Azərbaycan məktəbi necə inkişaf edəcəkdir? Məktəblərimizdə hansı fənlər öyrəniləcək? Tədris planları və proqramlar necə, hansı prinsip və meyarlarla müasirləşdirilməlidir. Təhsilin humanitarlaşdırılması və ya fənlərin inteqrasiyası kimi köklü məsələlər hansı yollarla həll olunmalıdır..?” (Ə.Əlizadə. Yeni pedaqoji təfəkkür. Bakı, “Adiloğlu” nəşriyyatı, 2001.). Doğrudan da, islahatın başlanğıc illərində belə proqnozların verilməsi daha çox məktəbin gələcəkdə daha yaxşı, ümumi siyasətə uyğun fəaliyyətinə təsir göstərməkdən ibarət idi.

Məktəb təcrübəsi göstərir ki, ümumi təhsildə uğurlu fəaliyyət onun optimal modelindən çox asılıdır. Təbii ki, belə təhsil modelləri yaradılarkən məqsəd və vəzifələrin düzgün müəyyənləşdirilməsi vacib şərt kimi nəzərə alınır. Ona görə də, ilk növbədə, məqsədin müəyyən olunmasına xüsusi önəm verilir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda ümumi təhsilin məqsədi xüsusi olaraq göstərilmişdir: “Ümumi təhsil təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını tələb edir.

Ümumi təhsil təhsilalanların fiziki və intellektual inkişafına, zəruri biliklərə yiyələnməsinə, onlarda sağlam həyat tərzinə və sivil dəyərlərə əsaslanan vətəndaş təfəkkürünün formalaşmasına, milli və dünyəvi dəyərlərə hörmət hissinin aşılanmasına, ailə, cəmiyyət, dövlət və ətraf mühit qarşısında hüquq və vəzifələrinin müəyyən edilməsinə imkan yaradır” (“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı, “Öyrətmən” nəşriyyatı”, 2009).

Bu məqsədə nail olmaq üçün optimal modelin işlənməsi xüsusi didaktik vəzifə kimi araşdırmaların aparılmasını tələb edir. Odur ki, Təhsil Problemləri İnstitutunda bu istiqamətdə araşdırmalar aparılmışdır. Belə qənaətə gəlinmişdir ki, dünyanın ümumi təhsil modellərində çox müxtəliflik vardır. Xüsusilə ibtidai təhsil səviyyəsində bu müxtəlifliklər çox nəzərə çarpır. Konkret olaraq təcrübəsi öyrənilən 59 ölkədə ibtidai təhsil səviyyəsi müddəti müxtəlifdir: 14 ölkədə 4, 7 ölkədə 5, 23 ölkədə 6, 1 ölkədə 7, 5 ölkədə 8, 5 ölkədə 9, 4 ölkədə ştat və regionlardan asılı olaraq 4 (5) və ya (6) il müəyyən olunur.

Azərbaycanda isə hazırda 4 illik ibtidai təhsil tətbiq olunmaqdadır. 12 illik təhsil modelinə keçdikdə bu, necə olmalıdır?

Azərbaycanda təhsil islahatlarının əsasını təşkil edən humanist və humanitar prinsiplərin nəzərə alınması istər-istəməz ümumi təhsilin dəyəryönümlü xarakterə malik yaradılmasını tələb edir. Ümumi təhsilin dəyəryönümlü olmasında isə onun daha çox inteqrativ məzmun daşıması, fənlərin birləşdirilməsi, standartların dəyərləri ifadə etməsi, onların mənimsənilməsi üçün ilkin səviyyənin - ibtidai təhsilin müddətinin nisbətən çox olması əsas şərtlər kimi çıxış edir. İndiki halda Azərbaycan mühitində ibtidai təhsilin səviyyəsinin ən azı 5-6 il olması inkişafyönümlülük baxımından faydalı bilinir.

Nəzərə almaq lazımdır ki, ümumi təhsilin səviyyələrinin neçə illik olması bu vaxta qədər ciddi tədqiqat obyektinə çevrilməmişdir. Ola bilsin ki, ənənəvi təcrübələr və klassik fikirlər daha çox diqqəti cəlb etmiş və əhəmiyyət daşımışdır. Lakin yaradıcılıq təcrübəsi onu göstərir ki, fikirlərdə müxtəliflik və ziddiyyət olan məqamlarda tədqiqatların aparılmasına ehtiyac yaranır. 12 illik təhsilin astanasında belə pedaqoji araşdırmalar əhəmiyyətli rol oynaya bilər.

 

12 illik təhsilin məzmunu necə olmalıdır?

 

12 illik təhsil barəsində danışarkən ilkin olaraq onun məzmunu götür-qoy olunmalı, bu barədə konkret qənaətlərə gəlinməlidir. Çünki təhsilin məzmunu bir nüvə kimi onu stimullaşdırır, uyğun strategiyalardan istifadə edilməsini diqtə edir.

Ənənəvi olaraq ümumi təhsilin səviyyələri arasında əlaqələr sadədən mürəkkəbə prinsipi əsasında qurulur. Bu, əslində 12 illik ümumi təhsilin səviyyələri arasında əlaqələr üçün də xarakterikdir. Lakin zəruri olan bir neçə məsələ vardır ki, onlar daha fərqli yanaşma tərzi kimi diqqətdə saxlanılmalıdır.

Onlardan birincisi, ümumi təhsilin məzmununu artıq hesab edilən təlim yükündən təmizləməkdən ibarətdir. Yeni konsepsiyaya uyğun hazırlanmış standart və kurikulumlar buna imkan verir. Sadəcə nəticələri əhatə etməklə müvafiq qabiliyyət və dəyərlərin mənimsənilməsini tələb edir. Bu qabiliyyət və dəyərlərin formalaşdırılması üçün zəruri hesab edilən bilikləri müəyyənləşdirmək və ondan istifadə etmək müəllimin ixtiyarına verilir. Müəllimlər təqdim olunan nümunələr əsasında tədris fəaliyyətini planlaşdırır və təşkil edir.

İkinci isə uyğun, bir-birinə daha yaxın olan fənlərin birləşdirilməsidir. Dünyanın qabaqcıl təhsil təcrübələrində bir-biri ilə bağlı olan fənlərin birləşdirilməsi qaydasından istifadə olunur. Ona görə də dil və ədəbiyyatı, təbiət elmləri ilə, eləcə də incəsənətlə əlaqədar fənləri ayrı-ayrılıqda birləşdirməklə xüsusi praktik yönlü fənlər yaratmaq və onlardan istifadə etmək olar. Bununla icbari təhsil pilləsində fənlərin sayını xeyli azaltmaq mümkündür.

Yuxarı siniflərdə isə təhsil prosesini təmayüllər üzrə təşkil etmək üçün yenə də yalnız aidiyyəti təmayül fənlərini müəyyən etməklə fənlərin sayını azaltmaq və lazımi biliklərin öyrədilməsinə şərait yaratmaq olar. Bütün bunlar isə mövcud olan təkrarların, praktik əhəmiyyəti olmayan anlayış və qaydaların aradan qaldırılması ilə nəticələnə bilər.

Məktəb həm də 12 illik təhsil sisteminə keçməsi ilə inteqrativ xarakter daşımalı, bütün fəaliyyətlərin qurulmasında ona xüsusi önəm verilməlidir. İnteqrasiya ilkin olaraq təhsilin məzmun komponenti kimi təhsil səviyyələri üzrə səriştələrin (kompetensiyaların) müəyyən olunmasında, sonra həmin səriştələrə təminat verə biləcək fənlərin, yaxud fənn bloklarının yaradılmasında özünü büruzə verəcəkdir. 

İlkin müzakirədən belə nəticə çıxarmaq olur ki, xüsusən icbari təhsil pilləsində daha çox inteqrasiyaların aparılmasına imkan vardır. Müəllimlər vaxt imkansızlığından şikayət etməklə şagirdlərin izafi vaxt itkisinə yol verdiklərini qeyd edirlər. Bu, məsələnin zəruriliyini əsaslandıran vacib şərtdir. Lakin digər tərəfdən fənlərə elm sahəsi kimi yanaşaraq onun öyrədilməsini də təşkil edənlər vardır. İkili yanaşmaların olduğu belə məqamlarda araşdırmalara, qazanılmış təcrübələrə istinad etmək daha düzgün nəticələrə gəlməyə imkan verir.

 

12 illik təhsilin düşüncə müstəvisində yaradılması

 

12 illik ümumi təhsilin düşüncə müstəvisində qurulması dünyanın sınaqdan keçirdiyi bir təcrübə olsa da, bunu bizim üçün tamamilə yeni bir yanaşma kimi qəbul etmək olar. Uzun illər yaddaş məktəbi kimi özünü təsdiqləmiş ümumtəhsil məktəbinə düşüncəni fəallaşdıran, ona rəvac verən müasir intellektual məzmun, eyni zamanda demokratik və humanist prinsiplərə söykənən texnologiyalar, strategiyalar gəlməlidir.

Belə məzmun və texnologiyaların hazırlanmasında iki mühüm şərtin nəzərə alınması zəruridir. Onlardan birincisi, cəmiyyətin arzu və istəkləri, ehtiyaclarıdır. Bu gün informasiyaların sürətlə artdığı və yeni texnologiyaların meydana gəldiyi bir zamanda yaşayırıq. Belə bir məqamda fəaliyyətlərini qura bilmək, bilik cəmiyyətinin fəal üzvünə çevrilmək hər kəsin ümdə vəzifəsinə çevrilir. Hər kəs həyati bacarıq və qabiliyyətlərə yiyələnməklə öz gələcəyinin astanasında dayanır. Müasir məktəb isə bu vəziyyəti nəzərə almaqla özünün məzmununu həyata keçirir.

İkincisi, hazırkı şəraitdə dünyanın təhsil məkanında zəruri şərtlər vahid ölçülər və tələbatlarla müəyyən olunur. Onları bilmədən, bacarmadan daha geniş miqyasda əlaqələr qurmaq, fəal bir cəmiyyət üzvünə çevrilmək çətinləşir. 

Bu iki şərtin yerinə yetirilməsi üçün çoxlu miqdarda kompleks tədbirlər, müxtəlif metodlar və texnoloji fəaliyyətlərin hazırlanaraq həyata keçirilməsi tələb olunur. 

Düşüncə məktəbinin məzmunu da, texnologiyalar sistemi də ənənəvi məktəbdən fərqlənir. Bu məktəbdə təfəkkür fəallığını təmin edən mexanizmlərin yaradılmasına və onlardan istifadə olunmasına üstünlük verilir. Eyni zamanda şagirdlərin uğuru da onların kreativ bacarıqlarının səviyyəsi ilə ölçülür.

 

İnfrastruktur və təhsilin təşkili məsələləri

 

12 illik təhsilin qurulmasında başlıca cəhətlərdən biri onun infrastruktur məsələsidir. Bu barədə Dövlət Strategiyasında açıq şəkildə qeydlər verilir, yuxarı siniflərin təmayüllər üzrə qurulacağı göstərilir. Lakin ibtidai və ümumi orta təhsil səviyyələrinin hansı sinifləri əhatə etməsi açıq saxlanılır. Əslində bu vəziyyətin yaranması təbiidir. Çünki qəbul olunacaq qərar barədə götür-qoy olunmalı, daha optimal bir təklif meydana çıxarılmalıdır.

12 illik təhsilin bir mühüm xarakterik cəhəti də onun humanitar prinsiplər əsasında qurulmaqla humanitarlaşdırılmasıdır. Təhsilşünas alimlərin bəziləri humanitarlaşdırmanı humanitar fənlərin sayının, ona ayrılan saatların çoxaldılması ilə izah edirlər. Bu yanaşma tərzi müəyyən şərtlərdən biri olsa da, məsələnin mahiyyətini ifadə etmir.

Humanitarlaşdırma elitar tələblərin ödənilməsinə rəvac verməklə ümumi təhsildə hər hansı fənnin bu məqsədə xidmət göstərməsini tələb edir. Məsələn, fizika fənni üzrə məqsədlər zəruri biliklər əsasında səriştələrin formalaşdırılmasına yönəldilir. Yekunda təlimin keyfiyyət göstəricisi də bu ölçülərlə müəyyən olunur. Yaxud Azərbaycan dili fənninin nailiyyətləri nitq mədəniyyətinin formalaşdırılması ilə meydana çıxır.

12 illik təhsilin xarakterik cəhətlərindən biri də vaxt bölgüsü məsələsidir. Məlumdur ki, yeni konsepsiya ilə işləyənlərin və bu gün ibtidai siniflərdə dərs aparanların xeyli hissəsi qarşıya qoyduqları məqsədin həyata keçirilməsində çətinlik çəkdiklərini və bunun bilavasitə vaxt bölgüsü ilə əlaqəli olmasını bildirirlər. Doğrudan da, bu gün 45 dəqiqəlik akademik dərs saatının yetərli olmaması, bəzən müasir məqsədlərin reallaşmasına imkan verməməsi müşahidə olunur. Bütün bunlar isə 12 illik təhsil sistemində təlim məşğələlərinə ayrılan vaxtla bağlı yeni müstəvidə düşünməyi tələb edir.

Ümumtəhsil məktəbinin 12 illik sistemə keçməsi, ilk növbədə, müəllimlərin, valideynlərin, eləcə də şagirdlərin düşünməsi üçün imkan yaradır. Bu məsələ ilə maraqlananlar daha real təkliflərlə çıxış etmək imkanına malikdirlər. Araşdırmalarda yeganə yol daha real uyğunlaşma tapmaqdan ibarətdir. Məktəbin infrastrukturunun, tədris-metodik və maddi-texniki bazasının, eləcə də kadr potensialının hansı müstəvidə qurulması barədə mülahizələr irəli sürməklə əlaqədardır. 

Nəhayət, 12 illik məktəbin müəllim probleminin mövcud olması da sadaladığımız xarakterik cəhətlər içərisində xüsusi yer tutur. Belə ki, bu gün müəllim sayının keyfiyyət baxımından qədərincə olmaması ölkədə təhsilin inkişafına mənfi təsir göstərir.
Bugünkü müəllim müasir texnologiyaları mənimsəməklə ondan yeri gəldikcə istifadə edə bildiyi kimi həmin texnologiyaları yaratmağı, hazırlamağı da bacarmalıdır. Bu mənada müəllim həm adi, həm də elektron resurslardan, onların mahiyyət və məzmunundan xəbərdar olmalıdır. 

Bütün bunları şərh etməklə 12 illik təhsilin bəzi paradiqmalarını nəzərdən keçirdik. Əlbəttə, onlar barəsində daha geniş və əhatəli müzakirələr aparılması günümüzün zəruri tələbidir. Şübhə etmirik ki, bu fikirlər maraq doğuracaq və mütəxəssislər tərəfindən müzakirə obyektinə çevriləcəkdir.

 

Ənvər ABBASOV,

Təhsil Problemləri İnstitutunun direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, əməkdar müəllim


Açar sözlər: ,  ,  ,