30.12.2016

Bakı təhsili son 1 ildə…

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) 2016-cı ildə tədrisin keyfiyyətinin, şagirdlərin təhsilə marağının və bilik səviyyəsinin yüksəldilməsi, istedadlı şagirdlərin aşkara çıxarılması və təhsilverənlərlə işin təşkili istiqamətində səmərəli fəaliyyət göstərib, çoxsaylı müsabiqələr, tədbirlər təşkil edib, təlimlər keçirib və layihələr reallaşdırıb.

 

  • BŞTİ-nin tabeliyində 307 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 7 əyani-qiyabi axşam məktəbi olmaqla cəmi 317 məktəb fəaliyyət göstərir.
  • BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə 27 681 müəllim fəaliyyət göstərir.
  • BŞTİ-nin tabeliyində olan ümumi təhsil məktəblərində 387 417, xüsusi ümumi orta məktəblərdə (xüsusi siniflərdə) 3 128, əyani-qiyabi axşam məktəblərində (qruplarında) isə 2479 şagird olmaqla, ümumilikdə 393 024 şagird təhsil alır.
  • Bakı şəhərinin ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə şagird qəbulu 2016-cı ildə də elektron sistem vasitəsilə həyata keçirilib.

Paytaxtın ümumi təhsil məktəbləri üzrə I sinfə 44 965 nəfər qəbul edilib. Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I siniflərinə isə 2 106 nəfər qəbul olunub.

  • BŞTİ-nin tabeliyində olan məktəblərdə 6 yaşı cari ilin sentyabrın 16-dan dekabrın 31-dək tamam olan uşaqların I sinfə qəbulu məqsədilə müsahibələr təşkil edilib. Azərbaycan Respublikası təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”nın təsdiqi barədə əmrinin tələblərinə uyğun olaraq, keçirilən müsahibələr nəticəsində 6 yaşı tamam olmayan 1 545 uşaq vaxtından əvvəl I sinfə qəbul edilib.
  • BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərini IX sinif üzrə 26 178, XI sinif 19 766 nəfər bitirib. Paytaxt məzunlarının əksər hissəsi Azərbaycanın və xarici ölkələrin   nüfuzlu ali təhsil müəssisələrinə qəbul olunublar.
  • Bakı şəhərindəki dövlət ümumi təhsil məktəblərində ilk dəfə olaraq dövlət hesabına məktəbəhazırlıq qrupları fəaliyyətə başlayıb. Məktəbəhazırlıq qruplarına 5 yaşı tamam olmuş uşaqlar qəbul olunublar. BŞTİ-nin tabeliyindəki 261 məktəbdə fəaliyyət göstərən 838 məktəbəhazırlıq qrupunda 23 103 uşaq təhsil alır. Həftədə 4 gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və onlarda müəyyən bilik, bacarıq  vərdişlərin formalaşdırılmasıdır. Qeyd edək ki, məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqlar tədris vəsaitləri ilə dövlət hesabına təmin edilib.
  • Məktəbəhazırlıq müəllimləri üçün təlimlər keçirilib. Məktəbəhazırlıq qruplarında dərs demək üçün əsasən təcrübəli,  intellektual, peşəkar ibtidai sinif müəllimləri seçilib və onlar üçün iki təlim kursu təşkil olunub. Bakının ümumi təhsil məktəblərinin məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlər üçün  təsdiq olunmuş tədris planı və proqrama uyğun olaraq, keçirilən öyrədici təlimlərə 850 müəllim cəlb edilib. Təhsil nazirinin müvafiq əmrinə əsasən, keçirilən təlim-məşğələlər məktəbəqədər təhsil üzrə ekspertlər və səriştəli psixoloqlar tərəfindən aparılıb.
  • 2016-cı ildə ölkə Prezidentinin sərəncamlarına əsasən, paytaxt ümumi təhsil müəssisələrində çalışan müəllimlər təhsilin inkişafında xüsusi xidmətlərinə görə, dövlət təltiflərinə layiq görülüblər. Belə ki,  Bakı məktəblərində çalışan 10 müəllim “Tərəqqi” medalına, 12 müəllim “Əməkdar müəllim” fəxri adına layiq görülüb.
  • Bu il təhsilin inkişafındakı xidmətlərinə və gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə, Bakı məktəblərində fəaliyyət göstərən 14 müəllim “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı, 17 müəllim “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunub.
  • Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində Təlimə Dəstək Mərkəzi yaradılıb. Təlimə Dəstək Mərkəzinin yaradılmasında məqsəd ümumi təhsil müəssisələrində pedaqoji prosesin sistemli idarə olunmasının dəstəklənməsi, yeni yanaşmaların məktəblərdə çevik tətbiqinin təmin olunması, məktəbdaxili və məktəblərarası öyrədici mühitin zənginləşdirilməsi, təlimin keyfiyyətinin artırılması və fənn metodbirləşmələrinin fəaliyyətinin düzgün istiqamətləndirilməsindən ibarətdir. Təlimə Dəstək Mərkəzinə işə qəbul müsabiqə əsasında həyata keçirilir.
  • Bakı Şəhəri üzrə Təhsil İdarəsində Hüquq sektoru fəaliyyətə başlayıb. Sektor BŞTİ-nin fəaliyyətinin hüquqi təminatının həyata keçirilməsi, idarənin hüquq və qanuni maraqlarının müdafiə edilməsi məqsədilə yaradılıb.
  • Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqəyə BŞTİ tərəfindən ümumilikdə, 877 vakant yer çıxarılıb. “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na uyğun olaraq, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə (daimi əsaslarla) işləyən müəllimlərin yerdəyişməsi üzrə 2016-cı ilin may ayında 3 (üç) mərhələli müsabiqə keçirilib. Müsabiqəyə 628 vakant yer çıxarılıb. Müsabiqənin yekunlarına əsasən, 151 müəllimin iş yerinin dəyişdirilməsi məqsədəuyğun hesab edilib.
  • Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu və ölkədaxili yerdəyişməsi müsabiqəsinə isə BŞTİ tərəfindən 726 vakansiya təqdim edilib. Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin I turu üzrə 240 nəfər, II turu üzrə 122 nəfər müəllim vəzifəsinə işə qəbul edilib. Ölkədaxili yerdəyişmə müsabiqəsi nəticəsində digər rayonlardan (şəhərlərdən) 72 nəfər müəllimin iş yeri Bakı şəhərinə dəyişdirilib.
  • Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqədə tutulmayan və sonradan yeni yaranan vakansiyalar üzrə müəllimlərin müddətli müqavilə ilə (sosial məzuniyyət yerinə, əvəzçilik və saathesabı qaydasında) işə qəbulu zamanı namizədlərin mərkəzləşdirilmiş müsabiqədə göstərdiyi nəticələrə istinad edilib. Cari tədris ili çərçivəsində müddətli müqavilə ilə 429 müəllim işə qəbul üçün göndərilib.
  • Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində əmək münasibətlərinin tənzimlənməsi və müvafiq sənədləşdirmə işlərinin qanunvericiliyin tələblərinə uyğun şəkildə qurulması və həyata keçirilməsi üçün müəssisə rəhbərlərinə kömək məqsədilə əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı hüquq normalarının ayrı-ayrı istiqamətlər üzrə sistemləşdirilmiş toplusu hazırlanıb. Sənədlər toplusu  təhsil nazirinin əmri ilə təsdiq edilib.
  • BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinə gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsinə işə qəbul olunmaq üçün müsabiqə keçirilib. Müsabiqə nəticəsində 22 nəfər GÇQH rəhbəri işə qəbul edilib.
  • BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq, uşaq birliyi təşkilatı rəhbəri və laborant vəzifələrində çalışmaq istəyən şəxslər üçün müsabiqə keçirilib. İşə qəbulun daha səmərəli və şəffaf həyata keçirilməsi, ümumi təhsil müəssisələrinin yüksək səviyyəli kadrlarla təmin edilməsinə nail olmaq məqsədilə təşkil olunan müsabiqənin birinci mərhələsində  289 nəfər laborant, 45 nəfər psixoloq, 57 nəfər uşaq birliyi təşkilatı rəhbəri vəzifəsinə işə qəbul üçün müraciət etmiş şəxslər müvafiq test suallarını cavablandırıb. Onlardan 143 nəfər laborant, 29 nəfər psixoloq, 28 nəfər uşaq birliyi təşkilatı rəhbəri vəzifələrində çalışmaq istəyən şəxslər ikinci mərhələyə - müsahibə mərhələsinə vəsiqə qazanıb.
  • Bakı şəhəri üzrə fənn kurikulumlarının tətbiqi üzrə təlimlərdə iştirak etmiş müəllimlərin qiymətləndirilməsi keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən keçirilən qiymətləndirmədə 1 400-dən artıq müəllim iştirak edib.
  • Məktəbəhazırlıq qruplarında çalışan 800-dən artıq müəllim imtahan verib. BŞTİ-nin təşkilatçılığı ilə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən məktəbəhazırlıq təlimlərində iştirak etmiş və hazırda məktəbəhazırlıq qruplarında məşğələ aparan müəllimlər üçün sertifikatlaşdırma imtahanı keçirilib.  İmtahanın nəticələrinə görə, hər bir müəllimə müvafiq sertifikat verilib.
  • Ümumi təhsil müəssisələrində strateji idarəetmənin dəstəklənməsi istiqamətində BŞTİ  davamlı iş aparır. Bu istiqamətdə direktorlar üçün 5 günlük “Strateji Planlaşdırma” adlı təlim keçirilib.
  • Məktəb psixoloqları üçün “Klinik Psixologiya” mövzusunda təlim keçirilib. Təlimlərə 223 nəfər məktəb psixoloqu cəlb olunub. Eyni zamanda 37 məktəbdə 2 500 valideyn və şagirdə Yeniyetməlik böhranı dövründə valideyn-övlad münasibətləri” mövzusunda təlimlər keçirilib.
  • Təhsilverənlərlə işin təşkili ilə bağlı işlər davam etdirilib. Belə ki, Türkiyə Cümhuriyyəti İzmir Şəhər Təhsil İdarəsi ilə birlikdə 30 riyaziyyat müəllimi üçün “Riyaziyyat təlimi-Qardaşlıq körpüsü” adlı təlim təşkil edilib.
  • İlk dəfə olaraq Lütfi-Zadə adına Bakı I Məntiq Olimpiadası təşkil edilib. BŞTİ və “İstək” liseyinin birgə təşkilatçılığı ilə keçirilən olimpiada V-VI sinif şagirdləri arasında məntiqi biliklərin artmasına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalarda iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş məktəbliləri aşkara çıxarmaq məqsədlərinə xidmət edir. Məntiq olimpiadasında paytaxtın 292 məktəbindən 23 834 nəfər şagird iştirak edib. Onlardan 2 375 nəfəri finalda iştirak hüququ qazanıb. Yekun mərhələdə ən yüksək nəticə göstərmiş 83 şagird mükafatçılar sırasına daxil olub.
  • Bakı şəhəri məktəblərinin VII-VIII sinif şagirdləri arasında fizika, kimya, biologiya və informatika fənləri üzrə fənn müsabiqələri keçirilib. Təhsil nazirinin “Beynəlxalq fənn olimpiadalarına hazırlıq işlərinin təşkili barədə” əmrinə əsasən, keçirilən müsabiqələrdə Bakı şəhəri üzrə 315 məktəbdən 2 212 şagird iştirak edib. Müsabiqənin respublika mərhələsində 59 paytaxt məktəblisi qalib olub.
  • VIII-XI sinif şagirdlərinin iştirakı ilə  “Ədəbiyyat biliciləri” müsabiqəsi keçirilib. Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb rəğbətləndirməkdən ibarətdir.
  • Əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub ümumi orta və tam orta təhsilini başa vura bilməyən şəxslər üçün eksternat qaydasında imtahanlar keçirilib. Eksternat qaydasında keçirilən imtahanlarda iştirak etmiş 535 şəxsdən ümumi orta təhsil səviyyəsi üzrə 67 nəfər, tam orta təhsil səviyyəsi üzrə 263 nəfər müvəffəq olub.
  • Bakı Şəhəri üzrə Təhsil İdarəsi 2016-2017-ci tədris ili üzrə fəaliyyətini “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırır. Bu məqsədlə il ərzində həyata keçiriləcək 25 yeni layihəni əhatə edən 9 fəaliyyət istiqaməti müəyyənləşdirilib.

Artıq “Məktəb Seminarları”, “75 Məktəb”, “Uğur üçün tədris” və “Gələcəyini Qur” Gəncliyə Dəstək layihələrinə start verilib. Layihələrin məqsədi keyfiyyətli tədris, birgə rəhbərlik, məktəblərin təşkilati mədəniyyətinin inkişafı, təhsil sahəsindəki yeniliklərin uğurla icra olunması kimi dəyərləri təbliğ etməkdən ibarətdir.

  • “Məktəb seminarları” layihəsi çərçivəsində Bakının hər bir rayonu üzrə keçirilmiş təlim-seminarlarda bütün ümumi təhsil məktəblərinin direktorları, direktor müavinləri, fənn müəllimləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, valideyn icmaları və şagirdlər əvvəlcədən müəyyən olunmuş mövzular üzrə ayrı-ayrı sessiyalarda iştirak ediblər. 4 000 nəfərə yaxın iştirakçının qatıldığı təlim-seminarlarda mövzular ətrafında fikir mübadiləsi aparılıb, məktəb rəhbəri, müəllim, valideyn və şagirdləri maraqlandıran məsələlərə aydınlıq gətirilib.
  • 25 yeni  layihədən biri olan “75 məktəb” layihəsinin məqsədi keyfiyyətli tədris, birgə rəhbərlik, məktəblərin təşkilati mədəniyyətinin inkişaf etdirilməsindən ibarətdir. 75 məktəb” layihəsi çərçivəsində keçirilən “Dəyirmi masa”lara paytaxtın bütün rayonları üzrə 600-dən çox iştirakçı qatılıb.

Hazırda layihə çərçivəsində IX sinif şagirdləri üçün seminarlara start verilib. Vaxtın idarə olunması, peşə seçimi, imtahana effektiv hazırlaşmaq kimi mövzuları əhatə edən “Müvəffəq məktəbli” adlı seminarların keçirilməsində məqsəd IX sinif şagirdlərinin imtahana hazırlıq prosesinə və düzgün peşə seçminə dəstək olmaqdır.

  • “Uğur üçün tədris” layihəsi BŞTİ, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu və “British Council”un birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir. “Uğur üçün tədris” (SPEX) layihəsinə 56 pilot məktəb cəlb olunub.

Layihənin ilkin mərhələsində paytaxt məktəbliləri və ingilis dili müəllimləri üçün Beynəlxalq Aptis İmtahanları keçirilib. İmtahanlarda ümumilikdə 400 nəfər VII-VIII sinif şagirdi  və 600 nəfər ingilis dili müəllimi iştirak edib.

  • “Gələcəyini qur” Gəncliyə Dəstək Layihəsi vasitəsilə məktəblilərin ali məktəblərə qəbul olunmasına və şəxsi inkişafına dəstək verilir. Aztəminatlı ailələrdən seçilən potensiallı gənclərin hərtərəfli fərdi inkişafına dəstək vermək məqsədilə “Gələcəyini qur” Gəncliyə Dəstək Layihəsi əsasında bu il 80 nəfər ali məktəblərə qəbul olunub. Onlardan 64 nəfəri yüksək nəticə göstərmiş, dövlət hesabına təhsil alan tələbələrdir. Artıq 3-cü ilinə start verilən layihəyə 2016-cı ildə 2800-dən çox şagird müraciət edib. Onların arasından 155 məktəbli layihənin iştirakçısı adını qazanıb.
  • Bakı şəhərinin 12 rayonu üzrə təhsildə uğurlu nəticələr əldə etmiş qabaqcıl müəllimlərin təcrübələrini digər həmkarları ilə bölüşməsi məqsədi ilə “Açıq dərs” layihəsi həyata keçirilib. “Açıq dərs” layihəsi zamanı riyaziyyat, fizika, kimya, biologiya, informatika fənlərinin tədrisi üzrə təcrübə mübadiləsində 111 “Açıq dərs” keçirilib, “Açıq dərs”lərə 755 müəllim cəlb edilib.
  • Təhsil Nazirliyi və AMEA arasında əldə olunmuş razılaşmaya əsasən, “Elmdən təhsilə” adlı məqsədli proqram çərçivəsində Bakı məktəblərində nümunəvi dərslər təşkil edilib.  Nümunəvi dərsləri AMEA-da çalışan tanınmış alimlər tədris edib.
  • Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə paytaxtdakı ümumi təhsil məktəblərində “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərə start verilib.

“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərin təşkilində əsas məqsəd ulu öndərin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, onun zəngin irsinin tədqiqi və təbliği, şagirdlərin müvafiq biliklərinin zənginləşdirilməsi, ölkəmizin dövlət quruculuğu prosesində ümummilli liderin rolunun və xidmətlərinin gənc nəslə çatdırılmasından ibarətdir. Dərslərdə BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 305, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki 18 və paytaxtda yerləşən məcburi köçkün məktəblərində təhsil alan 20 741 nəfər XI sinif şagirdinin iştirakı nəzərdə tutulub. 

  • VI və IX siniflərdə təhsil alan şagirdlər qiymətləndirilib. Təhsilin keyfiyyəti barədə məlumat əldə etmək, müqayisəli təhlil aparmaq və çatışmazlıqların müəyyənləşdirilməsi istiqamətində Bakı şəhəri üzrə 320 təhsil müəssisəsində mərkəzləşdirilmiş qaydada VI sinifdə təhsil alan şagirdlərin qiymətləndirilməsi keçirilib. Qiymətləndirmədə Azərbaycan dili fənni üzrə 26 891 nəfər, riyaziyyat fənni üzrə isə 31 697 nəfər şagird iştirak edib.

Eyni zamanda Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin IX sinfində təhsil alan şagirdlərin Ana dili və riyaziyyat fənləri üzrə məktəbdaxili qiymətləndirilməsi təşkil edilib.

  • Təhsil müəssisələrində çalışan direktor, müəllim, valideyn və şagirdlər arasında sıx əməkdaşlıq yaratmaq, şagirdlərin dərsdən kənar səmərəli vaxt keçirməsinə istiqamət vermək məqsədilə 2015-ci ildə Təhsil Nazirliyi tərəfindən “Məktəb icmaları” layihəsinə start verilib. Layihəyə ilkin olaraq 54 pilot məktəb cəlb olunub. “Məktəb icmaları” layihəsi hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 150 məktəbdə həyata keçirilir. Bu il paytaxt məktəblərində “Məktəb icmaları” layihəsi çərçivəsində müxtəlif müsabiqələr və seminarlar təşkil edilib:
  • Məktəb icmalarının bütün iştirakçıları üçün Təhsil Nazirliyi və Community.az portalı  ilə birlikdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərinin iştirakı ilə  “Məktəbini tanıt” adlı videoçarx müsabiqəsi keçirilib.
  • “Məktəb icmaları” layihəsi çərçivəsində məktəblilər arasında “Mənim ailə hekayəmdən” adlı inşa yazı müsabiqəsi təşkil olunub.
  • “Mənim vətənim” fotoşəkil müsabiqəsi keçirilib. Şagirdlər tərəfindən çəkilən şəkillər arasından ən yaxşıları münsiflər heyəti (təcrübəli fotoqraflar) tərəfindən qiymətləndirilib. 
  • “Kitab Kvest-i” adlı ilk onlayn müsabiqə təşkil edilib. Onlayn formatda keçirilən müsabiqədə uşaqlar, valideynlər və müəllimlər “Məktəb icmasının ən geniş oxu bilgisinə malik iştirakçısı” adı uğrunda mübarizə aparıblar.
  • “Məktəb icmaları” layihəsi çərçivəsində “İdeya-2017” müsabiqəsi keçirilib. Valideynlərin məktəblilərin həyatında daha fəal iştirakının təmin edilməsi məqsədilə keçirilən müsabiqədə valideynlər müxtəlif layihələr təqdim ediblər. Təqdim olunan layihələr içərisindən 10 qalib seçilib.
  • Təhsil Nazirliyinin “ASAN xidmət”lə birgə reallaşdırdığı ”Məktəblinin dostu” layihəsi çərçivəsində Bakı şəhərindəki 30 ümumi təhsil müəssisəsində ilkin olaraq 110 nəfər “Məktəblinin dostu” fəaliyyət göstərir. Layihə təhsilin idarəedilməsinin təkmilləşdirilməsi, valideynlərin ümumi təhsil müəssisələrinin həyatında daha yaxından iştirakı məqsədilə həyata keçirilir. “Məktəblinin dostu”nun əsas vəzifələri müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə və diaqnostik işlərin aparılmasıdır. Gələcəkdə layihənin  əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.
  • 2016-cı ildə paytaxt məktəblərindəki “Kiçik akademiya”lar fəaliyyətini uğurla davam etdirib. “Kiçik akademiya” üzvləri il ərzində müxtəlif layihə və müsabiqələrdə müvəffəqiyyətlə iştirak edib.

“Kiçik akademiya”ların təşkilində əsas məqsəd yuxarı sinif şagirdlərinin elmi axtarışlara sövq edilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsi, elmi-tədqiqat fəaliyyətinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkara çıxarılması və onların fəaliyyətlərinin stimullaşdırılmasıdır. Hazırda BŞTİ tabeliyindəki 103 məktəbdə fəaliyyət göstərən “Kiçik akademiya”ların əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulub.

  • BŞTİ və “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə  təhsil müəssisələrində “Vətənpərvərliyin təbliğində ictimai dəstəyin artırılması” layihəsi həyata keçirilib. Gənc nəsildə  vətənpərvərlik  ruhunun  yüksəldilməsi, gənclərimizdə  müstəqil dövlətçilik ənənələrinə  hörmət və sədaqət  hissinin gücləndirilməsi məqsədilə reallaşdırılan layihədə məktəblilərə Azərbaycanın  milli-mədəni  irsi və tarixi haqqında  geniş məlumat verilib, qəhrəmanlıq  nümunələri təbliğ edilib.
  • BŞTİ-nin tabeliyindəki 100 məktəbdə “Milli Qəhrəmanlar guşəsi”nin yaradılmasına başlanılıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı, Azərbaycan Respublikası  Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin təşəbbüsü ilə reallaşdırılan layihə Milli Qəhrəmanlıq zirvəsinə yüksəlmiş vətən övladları haqqında  məktəblilərdə  daha geniş təəssürat yaratmaq  məqsədilə  həyata keçirilir.
  • Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin əməkdaşları tərəfindən şəhərin  təhsil müəssisələrində “Dövlət bayrağının  tarixi” mövzusunda mühazirələr keçirilib. Mühazirələrdə məktəblilərə Azərbaycan bayrağı haqqında məlumat verilib, dövlət bayrağının  milli birliyin nişanəsi, mənəvi, siyasi, ideoloji baxımdan bir dövlətin və millətin simvolu olduğu  qeyd  edilib.
  • Məktəblilər arasında “Şahin”  hərbi-idman oyunları keçirilib.  Hərbi-idman oyunlarının keçirilməsində məqsəd gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına köməklik göstərməkdir.  “Şahin”  hərbi-idman oyunlarında paytaxtın Xətai rayon komandası I yerə, Nizami rayon komandası II yerə layiq görülüb.
  • Məktəblilər arasında “Cəsurlar” hərbi-idman və turizm oyunları keçirilib. Yarışda ümumi təhsil məktəblərinin VII-VIII sinif şagirdləri iştirak ediblər. Respublika final yarışında Xətai rayonunun komandası II yerə layiq görülüb.
  • Bakı Şəhəri  üzrə Təhsil İdarəsi  və Azərbaycan Respublikasının  İnsan Hüquqları üzrə Müvəkkili Aparatının birgə təşkilatçılığı ilə təhsil müəssisələrində “Uşaq hüquqlarının pilləli tədrisi” proqramı çərçivəsində “Açıq dərs”lər  təşkil olunub.

“Açıq dərs”lərdə şagirdlərə “Uşaq Hüquqları Konvensiyası”, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları izah edilib, uşaqlara onların hüquqları, vəzifələri, eyni zamanda uşaq hüquqlarını müdafiə edən dövlət qurumlarının səlahiyyətləri barədə məlumat verilib.

  • Bakı Şəhəri üzrə Təhsil İdarəsi artıq 3 ildir ki, Könüllülük Proqramı həyata keçirir. 2016-cı ildə 2 dəfə elan olunan Könüllülük Proqramına qoşulmaq üçün 450 müraciət daxil olub.

BŞTİ  tərəfindən həyata keçirilmiş birinci Könüllülük Proqramında 15, ikinci Könüllülük Proqramında 25 nəfər gənc seçilib. Hazırda davam edən üçüncü proqrama isə 35 könüllü qoşulub. BŞTİ-nin müxtəlif sektorlarında 3 ay təcrübə keçmək imkanı qazanan gənclərdən 11 nəfəri hazırda BŞTİ-nin əməkdaşı kimi fəaliyyət göstərir.

  • Bakı şəhərindəki ümumi təhsil məktəblərində Təhsil Nazirliyinin və “ASAN xidmət”in təşkilatçılığı, Daxili İşlər Nazirliyinin dəstəyi ilə “Sənədsiz məktəbli qalmasın” sosial aksiyası keçirilib. Aksiya çərçivəsində 6 172 şagirdin “ASAN xidmət” mərkəzlərinə getmədən, məktəblərdə şəxsiyyət vəsiqəsi alması təmin olunub.
  • Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə “Əsgərə məktub” layihəsi həyata keçirilir. Layihənin əsas məqsədi əsgərlərimizə mənəvi dayaq olmaq, ictimaiyyətin ordu ilə birliyini daha da gücləndirmək və məktəblilərin vətənpərvərlik ruhunda tərbiyəsi işinə töhfə verməkdən ibarətdir. Şagird məktublarında Azərbaycan əsgərinə göstərdiyi qəhrəmanlıq və möhkəm iradəyə görə minnətdarlıq edilir, xalqımızın hər bir nümayəndəsinin döyüşə hazır olduğu bildirilir və ərazi bütövlüyümüzün bərpasına sonsuz inam ifadə olunur.
  • Məktəblilərin və pedaqoji kollektivlərin Heydər Əliyev Mərkəzinə ekskursiyaları 2016-cı ildə də davam etdirilib. Heydər Əliyev Mərkəzində  müəllim və şagirdlər Azərbaycan tarixinin və ümummilli liderin həyat və  fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən maraqlı faktlar, foto, video materiallar və digər unikal eksponatlarla tanış olublar.
  • Paytaxt məktəbliləri “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici aksiya çərçivəsində ölkənin müxtəlif bölgələrinə səfər ediblər.

Şagirdlər səfər zamanı qədim tarixi abidələr, rayonlardakı tarix-diyarşünaslıq muzeyləri, Gənclər mərkəzləri, Bayraq meydanları, rəsm qalereyaları və digər mədəni mərkəzlərlə tanış olublar.

  • BŞTİ-nin təşkilatçılığı ilə məktəblilərin paytaxtdakı tarixi abidə və muzeylərə ekskursiyaları təşkil edilib. Şagirdlərin dünyagörüşünün hərtərəfli formalaşmasında mühüm əhəmiyyəti olan bu tədbirlərin davam etdirilməsi və gələcək illərdə daha da genişləndirilməsi nəzərdə tutulur.
  • BŞTİ-nin Vətəndaşların Qəbulu Mərkəzində 100 000-dən çox vətəndaşa xidmət göstərilib. Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. 1 482 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.
  • Bakı Şəhəri üzrə Təhsil İdarəsinə vətəndaşlar tərəfindən və müxtəlif qurumlardan 19 252 məktub və 1 516 elektron müraciət (05.01.2016-22.12.2016) daxil olub.
  • 2016-cı təqvim ili ərzində hər həftə Bakının 12 inzibati rayonu üzrə keçirilmiş səyyar qəbullar vasitəsilə müəllim və valideynlərin müraciətləri dinlənilib. Vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədilə təşkil edilən səyyar qəbullarda vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.
  • BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin həyatında baş ve­rən yeni­lik­lər və idarənin fəaliyyəti haqqında məlumatların operativ şəkildə icti­maiyyətə çatdırılması istiqamətində işlər 2016-cı il ərzində də uğurla yerinə yetirilib. Azərbaycanda təşəkkül tapan açıq informasiya siyasətinin tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi BŞTİ-nin fəaliyyətinin prioritet istiqamətlərini təşkil edir. Bu baxımdan BŞTİ-nin fəaliyyəti ilə bağlı dəqiq və dolğun məlumatların mətbuatda dərc olunması, media ilə əməkdaşlığın genişləndirilməsi məqsədilə KİV-dən daxil olan sorğular operativ şəkildə cavablandırılıb.
  • Televiziya kanallarına və digər KİV-lərə reportajların hazırlanması üçün şərait yaradılıb. Müvafiq hüquqi-normativ sənədlər ictimaiyyət üçün şərh edilib, BŞTİ rəhbərliyinin və əməkdaşlarının telekanallarda çıxışları və müsahibələri təşkil edilib. Məktəb saytlarının fəaliyyətinin müvafiq tələblərə uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlər görülüb.
  • Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 5 təhsil müəssisəsi əsaslı təmir edilib. Bununla yanaşı, 8 məktəb üçün əlavə sinif otaqlarının, 2 məktəb üçün yeməkxananın, 1 məktəb üçün isə yeni binanın tikintisi başa çatdırılıb. Təmir-tikinti işləri yekunlaşan təhsil müəssisələrində ölkə Prezidentinin iştirakı ilə təntənəli açılış mərasimləri keçirilib. Hazırda 1 məktəb üçün  əlavə sinif otaqlarının tikintisi və 1 məktəb üçün müasir tipli binanın inşası davam etməkdədir. Əlavə olaraq, məktəblərin təmirə ehtiyacı araşdırılıb, 57 müəssisədə cari təmir və mühəndis kommunikasiya işləri görülüb, 11 məktəbin bufetində təmir işləri başa çatdırılıb.

Təhsil müəssisələri 2015-2016-cı tədris ilində 700 ədəd kompüter və noutbuk, 7 200 dəst parta, 300 ədəd printer və surətçıxaranla təmin olunub. Eyni zamanda, 50 məktəbdə yeni müasir tipli gənclərin çağırışaqədərki hazırlığı kabineti və 100 məktəbdə linqafon kabinet quraşdırılıb.

  • Paytaxtdakı təhsil müəssisələri dərsliklərlə tam təmin olunub. Təhsil nazirinin müvafiq əmrinə əsasən, sentyabrın 5-dək 2016-2017-ci tədris ili üçün çap edilmiş yeni dərslik və müəllim üçün metodiki vəsaitlərin yerlərə çatdırılması təmin edilib. Bunun üçün müvafiq baza məntəqələr yaradılıb və əsas tədris vəsaitlərinin yerlərə çatdırılması operativ şəkildə həyata keçirilib.
  • Ümumi təhsil məktəblərində birgə fəaliyyətin təşkil edilməsi Nazirlər Kabinetinin “Təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, həyata keçirilir.

Artıq bu məqsədlə Bakı məktəblərində əlavə dərnəklər, kurslar təşkil etmək üçün üçtərəfli birgə fəaliyyət müqavilələrinin imzalanmasına başlanılıb. Təhsil müəssisələrinin maddi-texniki bazasından dərsdənkənar və təhsilalanların istifadəsində olmadığı vaxtlardan istifadə edilməklə, məktəblərdə müxtəlif idman növləri, rəqs və digər yaradıcılıq kursları təşkil ediləcək.

  • Azərbaycanda 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi ilə əlaqədar ənənələrin qorunub saxlanması və daha da inkişaf etdirilməsi məqsədilə paytaxtın ümumi təhsil müəssisələrində çoxsaylı tədbirlər və “Dəyirmi masa”lar təşkil olunub:
  • Paytaxt məktəbləri arasında “Multikulturalizm ili”nə həsr olunmuş respublika  rəsm müsabiqəsi keçirilib. Müsabiqə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq, gənc istedadları üzə çıxarmaq, uşaqlara milli və dini dözümlülük hissi aşılamaq, uşaqların təhlükəsiz, azad və xoşbəxt yaşamasına dəstək vermək məqsədilə təşkil olunub.
  • Təhsil müəssisələrində “Multikulturalizm sözdə və əməldə” mövzusunda tədbirlər keçirilib. Mühazirələrdə 2 583  şagird, 335  pedaqoji işçi iştirak edib.
  • 2016-cı ildə Bakı məktəbliləri idman sahəsində ciddi nailiyyətlərə imza atıblar. Məktəblilərin idmana olan marağının artırılması, bu sahədə kütləviliyin təmin edilməsi məqsədilə gənc idmançıların şəhər, respublika və beynəlxalq miqyaslı tədbirlərdə iştirakına əlverişli şərait yaradılıb. Məktəblilər XXVIII Spartakiadanın proqramına  daxil olan idman oyunlarında, qılıncoynatma, triatlon, atletika, xokkey, karate, üzgüçülük, həndbol və bu kimi digər turnir, yarış, festival və olimpiadalarda, “Mini futbol üzrə Bakı Şəhər Çempionatı”, “Respublika Şahmat Festivalı”, “Formula 1” Avropa Qran-Pri  yarışlarının təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri, “17 yaşadək yeniyetmələr arasında 15-ci UEFA Avropa Çempionatı”, “2000-ci il təvəllüdlü və daha kiçik yaşlı qızlar arasında voleybol idman növü üzrə festival”da iştirak ediblər.
  • Bakı məktəbliləri müxtəlif idman növləri, texniki və bədii yaradıcılıq üzrə beynəlxalq və respublika yarışlarında ümumilikdə 272 qızıl,  187 gümüş, 223  bürünc  olmaqla  682 medal əldə edib.
  • “Fövqəladə  hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq  müsabiqəsi keçirilib. Müsabiqənin keçirilməsində məqsəd uşaqlara təhlükəsiz həyat fəaliyyətinin əsaslarının öyrədilməsi, istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsi, yetişməkdə olan gənc nəslə vətənpərvərlik ruhunun aşılanması, fövqəladə hallara ictimaiyyətin diqqətinin yönəldilməsindən ibarətdir. Bakı şəhəri ilə yanaşı, respublikanın bütün şəhər və rayonlarının ümumi təhsil məktəblərini də əhatə edən müsabiqənin Təşkilat Komitəsinə 498 rəsm, 250 plakat, 222 əl işi, 215 yanğın və qəza-xilasetmə texnikasının modeli və 149 yumşaq oyuncaq təqdim olunub. Müsabiqədə ümumilikdə 144 qalib müəyyən edilib.  Qaliblərə Təhsil və Fövqəladə Hallar nazirliklərinin diplom və qiymətli hədiyyələri təqdim olunub.
  • Bakı məktəbliləri arasında “Səni tərənnüm edirəm, Azərbaycan!” adlı mahnı və şeir müsabiqəsi, “Hüquqlarımızı tanıyaq və qoruyaq!”, “Milli-mənəvi dəyərlər haqqında düşüncələrim”, “Azərbaycan Respublikasının  Konstitusiyasının  qəbul olunmasının 20 illiyi”nə həsr olunmuş inşa və rəsm  müsabiqələri, “Ekoerudit”  məktəblilərin ekoloji breyn-rinq və “Ekolab” yarışları  təşkil olunub.
  • Məktəblilərin bir sıra fənlərə olan marağının  artırılması, onların həmin fənlər üzrə bilik səviyyələrinin  yüksəldilməsi məqsədilə il ərzində gənc texniklərin, fiziklərin, kimyaçıların, bioloqların yaradıcılıq müsabiqələri keçirilib.
  • “Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri” respublika müsabiqəsinin Bakı şəhər mərhələsi keçirilib. Müsabiqə yaradıcılıq sahəsində xüsusi istedada malik uşaq və gənclərin üzə çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi məqsədilə təşkil olunub.
  • Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün  Dövlət Proqramı” üzrə Tədbirlər Planının icrası çərçivəsində paytaxtın ümumi təhsil müəssisələrində müvafiq tədbirlər keçirilib.
  • Bakı  Şəhəri üzrə Təhsil  İdarəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü  ildönümünə həsr olunmuş Bakı şəhər məktəblilərinin əl işlərindən ibarət yaradıcılıq sərgisi keçirilib. Sərgidə istedadlı şagirdlərin təsviri incəsənət, dekorativ  tətbiqi sənət, floristika, fauna, elmi texniki və dizayn sahələrində əl işləri, kompozisiyalar nümayiş etdirilib. Bakı şəhərinin ümumi təhsil məktəbləri və məktəbdənkənar təhsil müəssisələri şagirdlərinin 1 334 əl işinin nümayiş olunduğu  sərgidə ümummilli lider Heydər Əliyevin həyatını və ictimai-siyasi fəaliyyətini özündə əks etdirən əl işləri üstünlük təşkil edib.
  • Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev adına Sarayda “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” və “Multikulturalizm ili” münasibətilə “Dostluq dünyamız” adlı ümumşəhər mahnı və rəqs festivalı keçirilib. Festival yaradıcılığın müxtəlif sahələrində xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq, onların bacarıqlarını inkişaf etdirmək məqsədilə təşkil edilib.
  • Paytaxt məktəblərində “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirlər təşkil edilib. Tədbirlər uşaq və gənclərin diqqətini cəlb etmək, onlarda vətənpərvərlik, insanpərvərlik, sülhsevərlik, humanistlik ideyalarını gücləndirmək, onları milli adət-ənənələrə hörmət ruhunda tərbiyə etmək məqsədilə keçirilib.
  • BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində “Uşaq hüquqları aylığı” çərçivəsində silsilə tədbirlər təşkil edilib. Tədbirlər uşaqlara diqqətin artırılması, uşaq  hüquqlarının həyata keçirilməsi mexanizminin daha da yaxşılaşdırılması, onların müdafiəsinin daha effektiv təmin olunması və məktəblilər arasında hüquqi maarifləndirmənin genişləndirilməsi məqsədilə keçirilib.
  • Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri və ictimai xadimlərin yubileylərinə həsr olunmuş silsilə tədbirlər  keçirilib.
  • Bakı məktəblərində sağlam həyat tərzini təbliğ edən profilaktik tədbirlər keçirilib. Tədbirlər siqaret, narkomaniya kimi zərərli vərdişlər,  İİV-QİÇS və digər  yolxucu xəstəliklərə qarşı  mübarizə sahəsində məktəblilərin məlumatlılıq səviyyəsini artırmaq,  yeniyetmə və gənclərdə sağlam həyat tərzinə maraq formalaşdırmaq məqsədilə təşkil edilib.

Narkomaniyaya və yoluxucu xəstəliklərə qarşı keçirilən tədbirlərdə şagirdlərə narkotiklərin insan orqanizminə məhvedici təsiri, onun törətdiyi sosial bəlalar, erkən müalicənin labüdlüyü, həmçinin, narkomanlığın  cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə ətraflı məlumat verilib.

  • 2016-cı ildə Bakı məktəblilərinin iştirakı ilə müxtəlif ekoloji aksiyalar keçirilib:
  • IDEA İctimai Birliyinin təşəbbüsü, Təhsil Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilati dəstəyi ilə kağız tullantıların toplanmasına həsr olunmuş “Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində “Yaşıl dağ” aksiyası təşkil edilib.
  • Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsi, “ASAN xidmət” və “Azərsun Holdinq”in birgə təşkilatçılığı ilə keçirilən ekoloji maarifləndirici layihə davam edir. Layihənin məqsədi məktəblilər arasında ekoloji maarifləndirməyə diqqət çəkmək, yaşıl təfəkkürü formalaşdırmaq, kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır.