05.01.2017

Beynəlxalq konfrans-seminar iştirakçılarının təəssüratları

Xəbər verildiyi kimi, ötən həftə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU), ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin və Respublika Humanist Pedaqogika Mərkəzinin birgə təşkilatçılığı ilə Bakıda “Təhsildə mənəvi-əxlaqi dəyərlər: harmonik şəxsiyyətin inkişafı” mövzusunda II beynəlxalq konfrans-seminar keçirilib. Ölkənin pedaqoji ali məktəb rəhbərlərinin, millət vəkillərinin, təhsil ekspertlərinin, respublikanın müxtəlif bölgələrindən olan müəllimlərin, məktəb direktorlarının, məktəbəqədər təhsil müəssisə müdirlərinin, tərbiyəçilərin, bu sahənin tanınmış mütəxəssislərinin iştirak etdiyi beynəlxalq konfrans-seminarda müasir dərsin təşkili, pedaqoji təhsilin yeni forma və metodları müzakirə edilib. Seminar və humanist pedaqogika üzrə oxuların müəllifi müasir pedaqogikanın banisi, psixologiya elmləri doktoru, professor, Rusiya Təhsil Akademiyasının akademiki, Beynəlxalq Humanist Pedaqogika Assosiasiyasının prezidenti, yazıçı Şalva Aleksandroviç Amonaşvili olub. Tədbirdə həmçinin Latviya, Litva, Rusiya, Qazaxıstan və Gürcüstanın görkəmli pedaqoq alimləri iştirak ediblər. Konfrans zamanı novator pedaqoq Şalva Amonaşvili öz təcrübəsini, uşaqlara olan dərin, təkrarolunmaz sevgisini, biliyini cəlbedici və virtuoz formada dinləyicilərlə bölüşüb. II beynəlxalq konfrans-seminar çərçivəsində Gürcüstan Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin prezidenti, psixoloq Paata Amonaşvilinin və digər pedaqoq alimlərin də təqdimatları olub. Qeyd edək ki, beynəlxalq konfrans-seminar iştirakçılar tərəfindən razılıqla qarşılanıb. Onlardan aldığımız eksklüziv müsahibələri oxuculara təqdim edirik. 

 

“Mən bu konfransları pedaqoji simfoniya adlandırardım”

 

Asif Cahangirov, təhsil eksperti, əməkdar müəllim: - Mən Şalva Amonaşvili ilə ilk dəfə 1985-ci ildə Rusiyanın indiki Yekaterinburq şəhərində təşkil olunmuş pedaqoji mühazirələrdə tanış olmuşam. Bizim pedaqoji görüşlərimiz üst-üstə düşdüyündən aramızda çox məzmunlu söhbətlərimiz olub. 1987-ci ildə onu bizim pedaqoji ictimaiyyət qarşısında çıxış etmək üçün Bakıdakı seminarlara dəvət etdim. O, Bakıda 3 günlük seminar keçirdi. Ondan sonra da bizim əlaqələrimiz davam etdi. Rusiya Təhsil Akademiyası çərçivəsində keçirilən pedaqoji mühazirələrdə də Ş.Amonaşvili ilə ünsiyyətimiz olurdu. Təhsil Problemləri İnstitutunun (Təhsil İnstitutu) və sonra isə ADPU nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin təşəbbüsü ilə Ş.Amonaşvilinin 2014-2016-cı illərdə görüşləri təşkil olunub. 

Mən bu konfransları pedaqoji simfoniya adlandırardım. Çünki Ş.Amonaşvilinin seminarları müəllimlər üçün əsl pedaqoji həzdir. Onun çıxışları, söhbətləri əsl müəllimin hansı keyfiyyətlərə malik olması haqqındadır. Mən öz pedaqoji çıxışlarımda qeyd edirəm ki, müəllimləri pedaqoji universitetlərə qəbul edərkən onların riyaziyyat, kimya, fizikanı bilmələri vacib deyil, ən başlıcası onların pedaqoji uyarlığıdır. Müəllimin pedaqoji uyarlığı müəyyən olunmalıdır. Sonra biz deyirik ki, unversitetlər zəif müəllimlər buraxır. Çünki qəbul prosesi onun əsl müəllim olub-olmadığını müəyyənləşdirmir. Riyaziyyatı çox adam bilə bilər. Riyaziyyatı yalnız mükəmməl bilənlər müəllim ola bilərlər. Mən bunları Finlandiya, Almaniya, Sinqapurda görmüşəm. Onlar bu məsələnin vacibliyini dərk edirlər. Orada ilk növbədə müəllimin pedaqoji uyarlığı müəyyən olunur. Fənlər onlar üçün bir vasitədir. Onlar deyirlər ki, universitetə sənəd verənin biliyi vacib deyil, əsas odur ki, o, müəllim olsun. Yalnız uyarlıq müəyyən olunduqdan sonra fənlərə uyğun olaraq onlara biliklər, vərdişlər aşılanır. Bu bizim üçün də problem deyil. Ş.Amonaşvilinin dedikləri əsl müəllim haqqındadır. Bu gün burada Amonaşvilinin 56 cilddən ibarət “Humanist pedaqogikanın antologiyası” nümayiş olunur. Onların 100 cildə çatdırılması nəzərdə tutulub. Onun nəşr etdirdiyi kitablardan biri də Məhəmməd peyğəmbərin (s.ə.s) təhsilə, təlimə, inkişafa aid olan fikirlərindən, müqəddəs “Qurani-Kərim”dən olan ayələrdən ibarətdir. O, bundan əlavə, Ruminin, Sədinin, Nəsiminin və digər mütəfəkkirlərimizin əsərlərini nəşr etdirib. Bu o deməkdir ki, humanist pedaqogikanın kökündə Şərq təfəkküru, Şərq mütəfəkkirlərinin fikirləri durur. Ş.Amonaşvili onların fikirlərinə nə qədər diqqət göstərib. Onun üçün sən müsəlmansan və yaxud xristiansan, fərqi yoxdur, sən insansan, səni müəllim bir insan kimi inkişaf etdirməlidir. Mən pedaqoji seminarın təşkilatçılarına çox minnətdaram. Bu 5 günlük konfrans elə maraqlı idi ki, insan sanki başqa aləmdə yaşayırdı. Buraya ölkəmizin müxtəlif bölgələrindən 300-400 müəllim gəlib. Onları buraya gəlməyə heç kim məcbur etməyib, onlar öz istəkləri ilə buradadırlar. Bəzən deyirlər ki, Azərbaycanda istedadlı müəllimlər azdır, əksinə Azərbaycanda istedadlı müəllimlər çoxdur. Buraya gələnlər bir nümunədir ki, müəllimlərimiz müasirləşmək arzusundadırlar. Onların qəlbində inkişaf etmək meyili var. 

Ş.Amonaşvilinin 85 yaşı var, bu yaşda gözəl nitqə sahibdir. Bu qədər səmimi olan alim müəllimə, uşağa, şagirdə sevgi bəsləyir və müəllim-şagird münasibətlərini ideal surətdə qurmağın vacibliyini dəfələrlə vurğulayır. Hesab edirəm ki, onun seminarları müəllimlərimizə çox kömək göstərəcək.

 

“Bu cür sistemli pedaqoji mühazirələr eşitməmişdim”

Şahlar Əsgərov, təhsil eksperti, professor: - Əlbəttə ki, bu gün bizim pedaqoji həyatımızda çox dəyərli bir hadisə baş verir. Biz çox pedaqoqlarımızın əsərlərini, kitablarını öyrənmişik, ancaq canlı, klassik pedaqoqa az rast gəlmişik. Mən bu seminarda səslənən fikirlərə diqqətlə qulaq asıram. Ancaq qeyd edim ki, bu cür sistemli pedaqoji mühazirələr eşitməmişdim. Mən burada çox dəyərli fikirlərə rast gəldim. Humanist pedaqogika çox vacib pedaqogikadır. Bu, mənin ürəyimcə olan pedaqogikadır. Niyə? Nədir bunun üstünlüyü? İnsanı anadan olandan 2 növə bölmək olar; özünü sevənlər və cəmiyyəti sevənlər, eqoistlər və ya altruistlər. Altruistlər cəmiyyətdən heç nə gözləməyərək bütün işini cəmiyyətə xidmətdə görür. Eqoistlər isə həmişə çalışırlar ki, cəmiyyətdən nəsə götürsünlər. Humanist pedaqogika əsasən alturist insanları əhatə edir. Bu, “özünü sevmə, cəmiyyəti sev” kimi xüsusiyyəti əhatə edir. Bəşəriyyətin tarixi ictimai mənafelərin inkişaf tarixidir. Yəni, biz əgər 10 min ildən bir ictimai və şəxsi mənafe arasında müqayisə apara bilsək, görə bilərik ki, həmişə ictimai mənafe şəxsi mənafedən arta-arta gedir. Bir çox ölkələr var ki, ictimai mənafelər şəxsi mənafeləri üstələyir. Burada “mən” sözündən daha çox “bizim” sözü, “mənim həyətim” əvəzinə “bizim küçə”, “bizim şəhər” sözü işlədilir. Fərdin firavanlığından çox cəmiyyətin firavanlığına çalışırlar. Bütün bunlar humanist pedaqogikanın bünövrəsində durur. Buna görə də bu pedaqogika məsləhət verir ki, orta məktəblərdə uşaqlara tərbiyə verəndə dayaq nöqtələrdən biri də humanist pedaqogikadır. Əslində, islam mədəniyyətində humanist dəyərlər çox yüksəkdir. Qonşusu əziyyət çəkən, özü isə bolluqda yaşayanın yeri cənnət deyil, cəhənnəmdir. Əgər bir kənddə bir insan yoxsulluqdan ölürsə, bütün kənd camaatı onun qarşısında qüsurludur. Bütün bunlar humanist hisslərdən irəli gəlir. Humanist pedaqogika çox əhəmiyyətli sahədir. İnanıram ki, bu seminarların müəllimlərimiz üçün əhəmiyyəti çox olacaq, burada səslənən humanist ideyalar məktəblərə yayılacaq. Onların xeyrini isə sabah, o biri gün yox, 5-10 il sonra görəcəyik.

 

“Azərbaycan təhsilində yeni bir hadisənin şahidi oluruq”

Fərrux Rüstəmov, ADPU-nun ibtidai təhsil fakültəsinin dekanı, professor: - Bu gün Azərbaycan təhsilində yeni bir hadisənin şahidi oluruq. Ümumiyyətlə, təhsilə, müəllimə, şagirdə yeni bir münasibət ötən əsrin 90-cı illərindən sonra dönməz xarakter alıb. Memarı ulu öndər Heydər Əliyev olan təhsil islahatlarının bir qismi, normativ-hüquqi sənədlərdə göstərildiyi kimi, təhsilin humanistləşməsi ilə bağlıdır. Humanistləşmə, prinsip etibarı ilə hər zaman olub. Bu gün bəhs etdiyimiz humanist pedaqogika XIX əsrin 60-70-ci illərində başlamış olan bir hərəkatdır. Daha sonra Rusiyaya və müttəfiq respublikalara yayılıb. Ş.Amonaşvili bunları ilk dəfə XX əsrin 70-ci illərində Gürcüstanda təcrübədən keçirib və müəyyən uğurlar qazanıb. 2014-cü ildə Ş.Amonaşvili Azərbaycana gəlib və seminarlar verib. 1-ci və artıq 2-ci konfrans keçirilib. Hesab edirəm ki, bu konfransların böyük əhəmiyyəti var. Söhbət nədən gedir? Bu vaxta qədər pedaqogika insanların formalaşmasının müxtəlif parametrlərini verib. İnsanın ruhi inkişafı, daxili potensialı ilə bağlı müddəalarda isə müəyyən çatışmazlıqlar var. Ona görə də bugünkü tədbir çox aktuallılq kəsb edir. Biz bu vaxta qədər elə düşünmüşük ki, uşağı necə istəyirik elə də böyüdə, tərbiyə verə bilərik. Lakin xoşbəxtlik bazarda satılımır ki, onu alıb uşağa verəsən. Ona yalnız təhsil verə bilərsən. Uşaq isə öz təhsili ilə öz həyatını xoşbəxt qura bilər. Biz onlara elə təhsil verməliyik ki, onlar öz həyatlarını qura bilsinlər. Bu gün şagirdlərimiz 600-700 bal toplayır, lakin onlar düşünmək qabiliyyətinə malikdirlərmi, öz həyatlarını qura bilirlərmi? Humanist pedaqogikanın isə ən mühüm vəzifəsi uşaqlara düzgün düşünmək biliklərini verməkdir. Bu isə kəşf qədər əhəmiyyətlidir. Bu, bütün dünyada məktəbin ən böyük problemidir. Əgər məktəb cəmiyyət üçün vacib olan şəxsiyyəti yetişdirməyəcəksə, onda gələcəkdə öz funksiyalarını itirəcək. 

Bugünkü konfransdan doğan ən mühüm nəticələrdən biri odur ki, uşaqları həyata hazırlamaq lazımdır. Onlara xoşbəxt olmağın yolunu göstərmək lazımdır. Məktəbin əzəli funksiyası var: o, şəxsiyyət yetişdirməlidir. Biz uşaqlara xeyirxah fikir, xeyirxah əməl aşılamalıyıq. Bu bizim humanist pedaqogikanın əsas və ən mühüm prinsipidir.

 

“Belə seminarlara bizim çox ehtiyacımız var”

Ələddin Məmmədli, akademik Zərifə Əliyeva adına liseyin riyaziyyat müəllimi, əməkdar müəllim: - Mən çox təəssüf edirəm ki, seminarların hamısında iştirak edə bilməmişəm. Bir müəllim olaraq hesab edirəm ki, belə seminarlara bizim çox ehtiyacımız var. Ş.Amonaşvilinin humanist pedaqogikanın əsasları, məktəb mühiti, məktəb təhsili, uşaqlarla bağlı çoxsaylı kitabları var. Onlardan bəzilərini oxumuşam. Onlar mənim üçün çox maraqlıdır. Hesab edirəm ki, belə beynəlxalq konfransların, seminarların çox olması bizim üçün vacibdir. Bu tədbirlərə yaxşı mütəxəssisləri cəlb etmək və onları dinləmək lazımdır. Seminarlarda məktəblərimizdə uşaqlarla ünsiyyət necə qurulmalıdır kimi məsələlər qaldırılır. Bir sıra nəzəri məsələlər praktik olaraq müəllimlərə nümayiş olunur. Bu, həqiqətən də çox maraqlı və vacibdir. İnsan nə xristian, nə də müsəlman olaraq doğulmur. Dünyanın müxtəlif ölkələrində müxtəlif dinlərə, irqlərə məxsus insanlar yaşayır, onların psixologiyası bu faktorlardan asılı deyil. İnsan psixologiyası insan psixologiyası kimi qalır. Uşaq psixologiyasını, yaş psixologiyasını bilmək, ünsiyyət qurmaq çox vacibdir. Etiraf etməliyik ki, biz bunu edə bilmirik. Ancaq nəsə etmək lazımdır. Bu çox ciddi bir problemdir. Bizdə uşaqlarla heç bir elmi əsası olmadan hərə öz bildiyi kimi ünsiyyət qurmağa çalışır. Kiminsə ünsiyyət qurması yaxşı alınanda, deyirlər ki, o yaxşı müəllimdir. Bir müəllim kimi uşaqların daxili dünyasına daxil olmağa çalışıram. Mənə elə gəlir ki, uşaqlar çox maraqlı varlıqlardır. Böyüklərdən fərqli olaraq çox təmizdirlər, riyakar deyillər. Böyük insanlar həyatın çətinliyinə düşən kimi riyakarlıq etməyə başlayırlar. Uşaqlar isə ağappaq təmiz varlıqlardır. Sadəcə biz onların dünyasına girə bilmirik. Öz istəyimizi onlara təzyiqlə, zor gücünə qəbul etdirməyə çalışırıq. Bu isə uşaqların xoşuna gəlmir, ciddi problemlər yaradır. Təhsilimizdə olan ən böyük problemlərdən biri ünsiyyət məsələsidir. Bir məqama da toxunum, bizim adlı-sanlı pedaqoqlarımız var, onlar niyə bu cür seminarlar aparmasınlar? Biz bu seminarlarda iştirak edə bilərik. Ş.Amonaşvili və onunla gələn mütəxəssislər uşaqlarla ünsiyyətin elmi əsaslarını bilirlər. O, fikir adamıdır, alimdir, onun daxili ideyalarla doludur. Mən özümdə ondan nəsə öyrənməyə ehtiyac hiss edirəm. Arzu edərdim ki, Azərbaycanda da yaxşı pedaqoqlar, psixoloqlar ortaya çıxsınlar, onların bu cür seminarlarında iştirak edək. Lakin bizə onun-bunun köçürmə fikirlərini söyləməsinlər. Mətbuatda, televiziyada uşaqlarla ünsiyyəti necə qurmaq olar məsələsindən danışsınlar. Bu, bizim üçün çox maraqlı olardı, buna böyük ehtiyac var.

 

“Biz humanist pedaqogikanın əsaslarını öyrəndik”

Fərqanə Əliyeva, ADPU nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tədris-metodika kabinetinin müdiri, filologiya üzrə fəlsəfə doktoru: - Məlum olduğu kimi, artıq 5 gündür ki, Rusiya Təhsil Akademiyasının akademiki Şalva Amonaşvili humanist pedaqogikanın dərindən və əyani öyrənilməsi üzrə Azərbaycan müəllimləri üçün beynəlxalq konfrans keçirdi. Mən, ilk növbədə, bu imkanı bizə yaratdıqlarına görə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərova, ADPU nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru Qulu Novruzova kollektivimiz adından dərin minnətdarlığımı bildirirəm.

Bu beş gün ərzində biz humanist pedaqogikanın əsaslarını öyrənərək şagirdə yeni pedaqoji yanaşma üsulları və prinsipləri ilə tanış olduq. Onları dərsə necə həvəs göstərməyi, ruhlandırmağı və qiymətləndirməyi öyrəndik. Hər bir müəllim öz şagirdlərini şəxsiyyət kimi formalaşdırmalı və inkişaf etdirməlidir. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda insan resurslarının inkişafı prioritet məsələ kimi qarşıya qoyulmuşdur. Biz müəllimlər cəmiyyətimiz, vətənimiz üçün faydalı olan, bilikli, çevik, beynəlxalq standartlara cavab verən şəxsiyyətin yetişdirilməsində əlimizdən gələni əsirgəməməliyik. Ş.Amonaşvili hər bir insanı dəyər daşıyıcısı hesab edərək deyir ki, milli, dini, mənəvi dəyərlərimizi öz əməllərimizdə əks etdirərək gələcək nəsillərə ötürməliyik. Əxlaqi normalara riayət etməklə, insanlara sevgimizi, gözəllikləri bəxş etməklə humanistcəsinə yanaşaraq onlarda yüksək mənəvi keyfiyyətlər formalaşdırmalıyıq. Bu konfransda, eyni zamanda uşaqların həyatda azad böyümələrindən, onlarda yaradıcılığın, xeyirxahlığın inkişaf etdirilməsindən, öz seçimlərini müstəqil həyata keçirmələrindən, məsuliyyət, cavabdehlik hisslərindən danışıldı. Ümumiyyətlə, müəllim təhsilalanların dostu olmalıdır. Müəllim-şagird münasibətləri normal olarsa, təlimin keyfiyyəti də yüksək olar. Bunların hamısının önündə sevgi durur. Müəllim sənətini sevməlidir, şagird də müəllimini. O zaman fənnə maraq da yüksək olar. Şagirdlərin xalqımıza, vətənimizə gərəkli insana çevrilməsində müəllimin uşaqlarla səmimi münasibətdə, təmasda olması onların şəxsiyyət kimi formalaşmasına öz müsbət təsirini göstərməsi vacib amillərdir. Sonda çətin və şərəfli işində Azərbaycan müəllimlərinə uğurlar arzulayıram.

 

“Onun mühazirələri bütün müəllimlərdə yenilik yaratdı”

Şəlalə Həsənova, Ucar şəhər 3 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi, təlimçi: - Eşidəndə ki, Bakıda belə bir konfrans-seminar keçiriləcək, çox həvəslə tədbirdə iştirak etmək üçün gəldim. Buraya gəldiyimə görə peşiman deyiləm, əksinə çox qürur keçirirəm. Fəxr edirəm ki, belə bir əfsanəvi pedaqoqla şagird-müəllim təmasındayam. Demək istəyirəm ki, Ş.Amonaşvili ilə ünsiyyətdə olarkən bir anlığa özümü şagird kimi hiss edirəm. O, müəllimdir. Onun mühazirələrində iştirak etdiyimə görə həqiqətən də fəxr hissi keçirirəm. Mən özüm də yaradıcı bir müəllim kimi daim axtarışda olmuşam. Bu gün buradakı yenilikləri gördükdə bir daha fikirləşdim ki, həqiqətən də şagirdlərlə harmonik münasibət qurmalıyam, şagirdlərlə dost olmalıyıq. Yəni şagirdlərə necə yanaşmalıyam. Təkcə mənə yox, burada iştirak edən bütün müəllimlər üçün Ş.Amonaşvilinin böyük ruh yüksəkliyi ilə keçdiyi seminarlar təhsilalanların harmonik inkişafı baxımından çox mühümdür. Elə bilirəm ki, onun mühazirələri bütün müəllimlərdə yenilik yaratdı, danyagörüşümüzü artırdı.

 

“Təəssüratlarımız çox zəngindir”

Xamid Kərimov, Şamaxı rayonu Laləzar kənd ümumi orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi: - Biz bir neçə gündür kü, görkəmli pedaqoq Şalva Amonaşvilinin keçirdiyi konfrans-seminarlarda iştirak edirik. Təəssüratlarımız çox zəngindir. Əlbəttə ki, humanist pedaqogikanın əsaslarının dərindən öyrənilməsi şagirdlərimizin harmonik şəxsiyyət kimi formalaşmasında və inkişaf etməsində mühüm əhəmiyyət kəsb edir. Biz bu seminarlarda əldə etdiyimiz məlumatları, bilikləri məktəblərdə tətbiq edəcəyik. Biz şagirdlərimizə şəxsiyyət kimi yanaşmalıyıq ki, onlar öz xalqının və bəşəriyyətin əsrlərə söykənən dəyərlərini qorusunlar, qiymətləndirsinlər və inkişaf etdirsinlər. Bu isə yalnız müəllimin şagirdə olan münasibəti kimi yox, insanın insana olan sevgisinin, insanın insana verdiyi dəyərin ifadəsidir. Bu yüksək səviyyəli beynəlxalq tədbirin ölkəmizdə təşkil olunmasına görə təşkilatçılara dərin minnətdarlığımızı bildiririk. 

 

Oruc MUSTAFAYEV,

foto: Rəşad ZİYADOV,

Azərbaycan müəllimi