16.01.2017

Rus bölməsində oxuyan uşaqlara dilimizi mükəmməl öyrətməyə çalışıram

Dünya dilləri içərisində özünəməxsus mövqeyi və yeri olan Azərbaycan dili türk dilləri ailəsinə daxil olan dillərdən biri kimi özünün qrammatik quruluşu, fonetik, leksik, morfoloji və üslubi normalarının sabitliyi ilə seçilir. Əli Kərimin “Üçüncü atlı” əsərində rus şairi M.Lermontovun Qafqaz və Azərbaycana səfərindən söz açılır. Orada qeyd olunur ki, Lermontov Azərbaycanda olan zaman aşıq musiqilərini dinləyib, nağıllar barəsində ətraflı məlumat alandan sonra deyib: “Azərbaycan dili gözəlliyinə görə uşaq nəfəsidir. Gözəllik utanır bu incə dildə”. 

Bu dil dünyanın bir çox coğrafi ərazilərində insanlar arasında ünsiyyət vasitəsi kimi işlədilir. Bu gün Azərbaycan dilindən istifadə edənlərin daha çox hissəsi Cənubi Azərbaycanda yaşayır və bu dildən gündəlik ünsiyyət vasitəsi kimi faydalanırlar. Bununla yanaşı, Gürcüstan Respublikasında da Azərbaycan dili ünsiyyət vasitəsi kimi azərbaycanlıların kompakt şəkildə yaşadıqları ərazilərdə istifadə olunmaqdadır. Azərbaycan dilinin daha geniş şəkildə istifadə olunduğu və ünsiyyətə xidmət etdiyi bu ərazilərlə yanaşı, Türkiyədə, İraqda, Almaniyada və dünyanın digər bir çox coğrafi məkanlarında da bu dildə danışanlar vardır. Bütün bunlar isə Azərbaycan dilinin təkcə müstəqil Azərbaycan Respublikasında deyil, digər ölkələrdə də ünsiyyət vasitəsi funksiyasını yerinə yetirdiyini bir daha sübut edir.

Onu da xüsusi olaraq qeyd etməliyik ki, Azərbaycan dilinin saflığına, normalarının gözlənilməsinə, inkişaf etməsinə və öyrənilməsinə dövlətimiz tərəfindən qayğı göstərilir. Təsadüfi deyil ki, XXI əsrin ilk illərində Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin daha da yaxşılaşdırılması ilə bağlı ümummilli liderimiz Heydər Əliyev sərəncamlar imzalamış və qanun qəbul olunmuşdur. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev qloballaşma şəraitində dövlət dilinin tətbiqi və tədqiqi işinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzalamışdır ki, bu da dilimizin fəaliyyətinin daha da yaxşılaşdırılması istiqamətində atılan uğurlu addımlardandır. Bu sərəncamda Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, dövlətimizin müstəqilliyinin başlıca rəmzlərindən biri kimi xarakterizə olunur. Bununla yanaşı, həmin sənəddə dilimizin keçdiyi yola nəzər salınır, bu dilin indiki yüksək səviyyəsinə çatmasında xüsusi rolu olan işıqlı ziyalıların əməyi qiymətləndirilir.

Bu dövlət sənədində həm də ana dilimizin öz ifadə imkanlarının zənginliyi, səs quruluşunun səlisliyi və qrammatik strukturunun sabitliyi ilə səciyyələndiyi göstərilir. Bütün bunlar isə Azərbaycan dilinin respublikamızda daha uğurla tətbiq olunduğunu və ona gündəlik dövlət qayğısının olduğunu bir daha sübut edir.

Tədris rus dilində aparılan məktəblərimizdə Azərbaycan dilinin tədrisini gücləndirməkdən ötrü dərsliklərdən əlavə əyani vasitələrdən də istifadə etmək lazımdır. Belə ki, aşağı sinif şagirdləri arasında tez-tez viktorinalar keçirmək, onları şəhərimizdə olan muzeylərə, tarixi abidələrə ekskursiyalara aparmaq şagirdlərin bu dili mənimsəməsində xüsusi yer tuta bilər. Mən Azərbaycan dili dərsini tədris edən zaman Azərbaycan xalq nağılları, dastanları və ümumiyyətlə, şifahi xalq ədəbiyyatı haqqında məlumat verirəm. Çalışdığım 60 nömrəli tam orta məktəbin önündə Mehdi Hüseynzadənin heykəli qoyulub. Mən dərs zamanı Mehdi Hüseynzadənin Sovet İttifaqı Qəhrəmanı olması, onun döyüşlərdə göstərdiyi şücaətlərdən bəhs edirəm. Şagirdlərimə Dağlıq Qarabağ münaqişəsi barəsində ətraflı məlumat verirəm. Azərbaycan Respublikasının milli qəhrəmanları, onların keçdiyi döyüş yolu barəsində şagirdlərimi məlumatlandırıram. 

Azərbaycan dili və ədəbiyyatı arasında yaratdığım bu əlaqə şagirdlərdə Azərbaycan dilinə və ədəbiyyatına böyük maraq yaradır. “Kitabi-Dədə Qorqud” dastanı barəsində danışarkən dastanda yer alan qopuz barəsində ətraflı məlumat verirəm. Qopuzun ən qədim simli alət olması, onun mədəniyyətimizdə oynadığı rol barəsində şagirdləri maraqlandıran sualları cavablandırıram. Bütün bunlar şagirdlərin dastan barəsində daha ətraflı məlumat əldə etməsinə və dastanı daha yaxşı mənimsəməsinə şərait yaradır. 

Azərbaycan dilinə yeni daxil olan sözlər - neologizmlər və dilimizdəki arxaizmlər haqqında da onlara məlumat verirəm. Azərbaycan dilinin xalqımızın mənəvi dəyəri olduğunu, nənə və babalarımızın bu dildə danışdığını, onların bayatılarımızı, oxşamalarımızı bu dildə bizə ərmağan etdiyini əyani misallarla şagirdlərə başa salıram.

Ulu öndər Heydər Əliyevin dediyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” ifadəsini onlara xatırladır və bununla ümummilli liderimizin ölkəmizə və dilimizə olan böyük sevgisini ifadə etdiyini deyirəm.

Mən Azərbaycan dili dərsləri zamanı “Bizim ailə”, “Mənim şəhərim” və yaxud da onlara daha maraqlı olan mövzuları öyrədirəm. Dərslərimin daha maraqlı olması üçün şagirdlər arasında dialoqlar yaradıram. Bu dialoqlarda şagirdlər öz fikirlərini sərbəst ifadə edirlər. 

Azərbaycan dilini nisbətən yaxşı bilən şagirdlə dilimizi yeni öyrənən şagirdlər arasında mərhələli surətdə nitqlərini inkişaf etdirmək üçün xüsusi dialoqlar təşkil edirəm. Çalışıram ki, dərs boyu şagirdlər ancaq Azərbaycan dilində danışsınlar. 

 

Gülarə BUDAQOVA,

Bakı şəhəri 60 nömrəli tam orta məktəbin Azərbaycan dili müəllimi

"Azərbaycan müəllimi"