06.02.2017

Təhsilalanın təlim keyfiyyətinin yüksəldilməsində qiymətləndirmənin rolu 

Millətin gələcəyini təhsilində, tərəqqisini bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılılığında görən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 15 iyun 1999-cu il tarixli 168 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” qəbul olundu. Bu sərəncamla ölkəmizin təhsil sistemində islahata başlanılmasının əsası qoyuldu. Sərəncamın icrasını təmin etmək üçün Dünya İnkişaf Assosiasiyasının təhsil üzrə ekspertləri Azərbaycana dəvət olundu. Yerli (milli) məsləhətçilər seçildi. Dünya təcrübəsinə uyğun olaraq təhsil sahəsində islahatın həyata keçirilməsini koordinasiya etmək üçün Təhsil Nazirliyində Layihəni Əlaqələndirmə Qrupu yaradıldı. Müvafiq Fəaliyyət Planına uyğun olaraq Azərbaycan Respublikasının təhsil sistemi haqqında zəruri statistik məlumatlar toplanıldı, aparılan tədqiqatlar nəticəsində ölkəmizin təhsil sisteminin, ümumi orta təhsilin spesifik xüsusiyyətləri öyrənildi, üstünlükləri və çatışmazlıqları müəyyən edildi. Beynəlxalq və milli məsləhətçilərin birgə səyi nəticəsində ilk olaraq “Pilot təhsil müəssisələrində təlim konsepsiyasının əsas istiqamətləri” hazırlandı. İslahatın həyata keçirilməsində risklərin daha az olmasını təmin etmək məqsədi ilə ölkənin milli xüsusiyyətləri, coğrafi relyefi nəzərə alınmaqla pilot rayonları (Şirvan şəhəri, Ucar və İsmayıllı rayonları) və pilot ümumi təhsil müəssisələri seçildi. Bu rayonların, həmçinin Bakı və Sumqayıt şəhərlərinin seçilmiş pilot ümumtəhsil məktəblərində ümumi təhsilin mövcud vəziyyətinin öyrənilməsi üçün pilot Milli Qiymətləndirmə keçirildi, müvafiq təkliflər paketi hazırlanaraq Təhsil Nazirliyinə və Azərbaycan hökümətinə təqdim olundu. Beynəlxalq və milli məsləhətçilərin müvafiq işçi qrupları ilə birgə fəaliyyətinin nəticəsi olaraq ölkəmizdə ilk dəfə “Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)” və “Ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün fənn kurikulumları” hazırlandı.

2008-2009-cu tədris ilindən ümumtəhsil məktəblərinin birinci siniflərində təhsil islahat proqramının tələblərinə uyğun olaraq hazırlanmış ilk milli dərslik komplektindən - şagirdlər üçün dərslik və iş dəftərlərindən, müəllimlər üçün metodik vəsaitlərdən istifadə olunmasına başlandı. Sonrakı illərdə təhsilalanlar üçün ancaq dərsliklərin və təhsilverənlər üçün metodik vəsaitlərin hazırlanması məqbul hesab edildi. Yeni təhsil proqramları tətbiq olunan siniflərdə təhsilalanların dərsdə təlim fəaliyyətinin izlənilməsi (cari qiymətləndirilməsi) və nailiyyət səviyyəsinin qiymətləndirilməsinin tənzimlənməsi üçün “Azərbaycan Respublikasının ümumi təhsil sistemində qiymətləndirmə konsepsiyası” qəbul olundu. Bu “Konsepsiya”nın icrasını təmin etmək məqsədi ilə “Ümumi təhsil məktəblərində və ilk-peşə ixtisas təhsili müəssisələrində məktəbdaxili qiymətləndirmənin aparılması Qaydaları” hazırlandı və bir neçə il tətbiq edildi. 
Təhsilalanların nailiyyət səviyyəsinin qiymətləndirilməsində səviyyələrarası fərqin bərabərliyini təmin etmək üçün Azərbaycan Respublikası təhsil nazirinin 23 sentyabr 2013-cü il tarixli 792 nömrəli əmri ilə “Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti Təlimat” qəbul olundu.
Ulu öndərin təhsil siyasətini uğurla inkişaf etdirən, ölkənin gələcəyini onun iqtisadiyyatı ilə yanaşı insan kapitalının inkişaf etdirilməsində görən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsil sisteminə diqqət və qayğısı nəticəsində təhsilalanların səriştəlilik, təhsilverənlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” qəbul olundu. 
Beş əsas strateji istiqaməti özündə ehtiva edən “Dövlət Strategiyası”nın ikinci strateji istiqaməti təhsil sahəsində insan resurslarının müasirləşdirilməsini, innovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsilverənin formalaşdırılmasını və özündə təhsilverənlərin peşəkarlığının yüksəldilməsi, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulmasını, ... nəzərdə tutur. “Strategiya”da təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin formalaşdırılmasının strateji hədəf kimi qəbul olunması bütün hallarda təhsilverənlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsini zəruri edir. Bu isə respublikamızın ümumtəhsil məktəblərində işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin, həmçinin müəllim hazırlığını həyata keçirən təhsil müəssisələrində təhsil alan gələcək müəllimlərin metodik hazırlığının yüksəldilməsi üçün tədris olunan fənlər üzrə metodik məqalələrin və vəsaitlərin yazılmasını günün tələbi olaraq irəli sürür.

Bu baxımdan ölkəmizin ümumtəhsil məktəblərində təhsilalanların təlim keyfiyyətinin yüksəldilməsini təmin etmək məqsədilə hazırlanmış bu məqalənin təhsilverənlərin, gələcək müəllimlərin peşəkarlıq səviyyəsinin artırılmasına, həmçinin təhsilalanların fəaliyyətinin izlənilməsinə, nailiyyət (müəyyən bölmə, tədris vahidi, yarımil üzrə) qiymətləndirilməsinə hazırlanmasına və nailiyyət səviyyəsinin qiymətləndirilməsi üçün yeni yanaşmanın tətbiqinə impuls verəcəyinə ümid edirik.

Bu məqalə “Təhsilalanın fəaliyyətinin izlənilməsi və bacarıq səviyyəsinin qiymətləndirilməsi” üçün rubriklərin hazırlanmasına həsr edilmişdir.

Aydındır ki, bu gün ümumi orta təhsil səviyyəsində təhsilalanlar Milli Kurikulum əsasında hazırlanmış dərsliklərdən, təhsilverənlər isə müvafiq metodik vəsaitlərdən istifadə edirlər.

Sirr deyil ki, son illər ölkə səviyyəsində təhsilverənlərin müxtəlif məzmunlu təlimlərdə iştirakı təmin edilmiş, onların peşəkarlıq səviyyəsi xeyli yüksəlmişdir. Təhsilverənlər dərs prosesində təhsilalanın fəaliyyətinin izlənilməsi və biliyinin bacarığa çevrilmə səviyyəsinin qiymətləndirilməsi sahəsində də müəyyən səriştələrə yiyələnmişlər. Təhsilverənlərin “Müəllimin formativ qiymətləndirmə dəftəri”ndən istifadə (müvafiq alt məzmun standartı üzrə təhsilalanın fəaliyyətini izləməsi və səviyyəsini müəyyən etməsi) etmələri onlarda qiymətləndirmə bacarıqlarının formalaşmasına səbəb olmuşdur. Bununla belə, hazırda ümumtəhsil məktəblərində işləyən, peşəkarlıq səviyyəsi aşağı olan, həmçinin yeni işə başlayan təcrübəsiz və ya az təcrübəli təhsilverənlərin dərsin gedişində müvafiq alt məzmun standartı üzrə təhsilalanların fəaliyyətinin izlənilməsi və biliyinin bacarığa çevrilmə səviyyəsinin qiymətləndirilməsi ilə əlaqədar metodik köməyə ehtiyac duyduqları hiss olunur. Bu ehtiyacların ödənilməsi üçün təhsilverənin aşağıdakı alqoritmi mənimsəməsini və təlim prosesində ona əməl etməsini təklif edirik:

(Cədvəl1)

Bu alqoritmə əsasən təhsilverən əvvəlcə alt məzmun standart(lar)ını seçir, uyğun təlim məqsəd (nəticə)lərini hazırlayır, açar sözləri müəyyənləşdirir, sonra rubrik və müvafiq səviyyələri təyin edəcək tapşırıqları (formativ test - indikator) tərtib edir. Təhsilverənin bu alqoritmdən istifadə etməsi onun təlim zamanı müsbət nəticələr əldə etməsini təmin edir.

Aşağıda təhsilverənin yeni təhsil proqramları (kurikulumları) tətbiq olunan siniflərdə müəyyən alt məzmun standartı üzrə təhsilalanın fəaliyyətini yuxarıda təklif olunan alqoritm əsasında izləməsi və bacarıq səviyyəsini qiymətləndirməsi üçün rubrik nümunələri verilir:

Nümunə 1. 1-ci sinif, riyaziyyat. 

Alt məzmun standartı: 1.1.3 - şagird 20 dairəsində ədədləri oxuyur və yazır. 

Təlim məqsədi: şagird 20 dairəsində ədədləri oxumağı və yazmağı nümayiş etdirir.

Açar sözlər: ədəd, 20 dairəsində ədəd, ədədi oxuma və yazma

Qiymətləndirmə səviyyələri (4 səviyyəli rubrik):

(Cədvəl2)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Nümunə 2. 3-cü sinif, riyaziyyat.

Alt məzmun standartı: 1.1.1 - şagird 1000 dairəsində ədədləri oxuyur və yazır.

Təlim məqsədi: şagird 1000 dairəsində ədədləri oxumağı və yazmağı nümayiş etdirir.

Açar sözlər: ədəd, 1000 dairəsində ədəd, ədədi oxuma və yazma

Qiymətləndirmə səviyyələri (4 səviyyəli rubrik):

(Cədvəl3)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Nümunə 3. 5-ci sinif, riyaziyyat.

Alt məzmun standartı: 1.1.1 - şagird natural ədədləri oxuyur və yazır. 

Təlim məqsədi: şagird natural ədədləri oxumağı və yazmağı nümayiş etdirir.

Açar sözlər: natural ədəd, natural ədədi oxuma və yazma

Qiymətləndirmə səviyyələri (4 səviyyəli rubrik):

(Cədvəl4)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Nümunə 4. 7-ci sinif, riyaziyyat.

Alt məzmun standartı: 1.1.1 - şagird rasional ədədləri oxuyur və yazır. 

Təlim məqsədi: şagird rasional ədədləri oxumağı və yazmağı nümayiş etdirir.

Açar sözlər: tam ədəd, rasional ədəd, rasional ədədi oxuma və yazma

Qiymətləndirmə səviyyələri (4 səviyyəli rubrik):

(Cədvəl5)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Nümunə 5. 9-cu sinif, riyaziyyat.

Alt məzmun standartı: 1.1.1 - şagird həqiqi ədədləri oxuyur və yazır. 

Təlim məqsədi: şagird həqiqi ədədləri oxumağı və yazmağı nümayiş etdirir.

Açar sözlər: həqiqi ədəd, həqiqi ədədi oxuma və yazma

Qiymətləndirmə səviyyələri (4 səviyyəli rubrik):

(Cədvəl6)

 

 

 

 

 

 

 

 

 

 

 

Yuxarıda təklif olunan rubriklərdən də göründüyü kimi, sinifdən-sinfə keçdikcə eyni məzmunlu alt məzmun standartları üzrə hazırlanan qiymətləndirmə səviyyələri arasında ciddi məntiqi əlaqə var. Bu əlaqə özünü həm üfüqi (genişlənmə), həm də şaquli (dərinləşmə) istiqamətdə göstərir. Təhsilverənin bu nümunələrdən yaradıcı şəkildə istifadə edərək rubrik hazırlamaq bacarığına yiyələnəcəyinə ümid edirik.
Təhsilalanın alt məzmun standartı üzrə yiyələnmiş olduğu bacarıq - əldə etdiyi biliyi tətbiqetmə səviyyəsini daha dəqiq müəyyən etmək üçün ona (praktik yerinə yetirilməsi mümkün olan) müvafiq qiymətləndirmə vasitələrinin - formativ testin (indikatorun) təqdim olunmasını təklif edirik. Bu zaman təhsilverənin təklif etdiyi indikator alt məzmun standartının qiymətləndirilmə səviyyələrinə uyğun gəlib təhsilalanın fəaliyyətinin bilik, anlama, tətbiqetmə, analiz, sintez və qiymətləndirmə, həmçinin yaradıcı tətbiqetmə üzrə bacarıq səviyyəsinin düzgün qiymətləndirilməsini təmin etməyə - təlimin keyfiyyətinin yüksəldilməsinə yönəlir.

 

Nəbi MAHMUDOV,

Bakı şəhəri 83 nömrəli məktəb-liseyin direktoru, 1999-2004-cü illərdə DİB-in riyaziyyat fənn kurikulumu və qiymətləndirmə üzrə milli məsləhətçisi, riyaziyyat üzrə fəlsəfə doktoru