10.04.2017

Birinci sinfə qəbulda mühüm yeniliklər

Elektron qəbul şagird sıxlığı probleminin də operativ həllinə imkan verir.

Birinci sinfə şagird qəbulu ilə bağlı elektron qeydiyyatdan keçmiş sənədlərin ümumi təhsil məktəblərində qəbulu prosesinə başlanıb. Qeyd edək ki, yeni qaydalara əsasən şagirdlər I sinfə müsahibədən keçmədən qəbul olunurlar. Bu mərhələdə əsas vəzifə proseslə bağlı maarifləndirmə işlərinin səmərəli aparılması və vətəndaş məmnunluğunun təmin edilməsidir.

Bu fikirlər aprelin 1-də Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən məktəb direktorları ilə keçirilən görüşdə səsləndirilib. Məlum olduğu kimi, Bakı şəhərinin ümumtəhsil məktəblərində və Təhsil Nazirliyinin bilavasitə tabeliyindəki lisey və gimnaziyalarda 2017-2018-ci dərs ili üçün I sinfə şagird qəbulu martın 15-dən başlayıb. Ötən illərdə olduğu kimi, bu il də həmin təhsil müəssisələrində I sinfə qəbul Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ərizələrin onlayn qeydiyyatı aparılmaqla elektron sistem vasitəsilə həyata keçirilir. İdeyası Təhsil Nazirliyinin rəhbərliyinə məxsus olan yeni sistemin tətbiqində məqsəd “Dövlət orqanlarının elekton xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin yerinə yetirilməsini təmin etmək, hamıya bərabər təhsil imkanı yaratmaq, sosial ədaləti bərqərar etməkdir.

I sinfə qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi cəmiyyətdə ümumi informasiya mədəniyyətinin formalaşması, bütövlükdə informasiya cəmiyyətinin reallaşdırılması, digər tərəfdən şəffaflığın təmin edilməsi və vaxt itkisinin aradan qaldırılması baxımından da olduqca əhəmiyyətlidir. Qəbulun bu qaydada təşkili həm də prosesin düzgün tənzimlənməsinə, şagird sıxlığı ilə əlaqədar problemin vaxtında müəyyənləşdirilib operativ həllinə imkan verir. 

 

Yenilik: valideynlərə məktəbi və müəllimi seçmək hüququ verilib

 

Əvvəlki illərdən fərqli olaraq bu il I sinfə qəbulda mühüm bir yenilik də edilib: valideynlərə məktəbi, təlim dilini, müəllimi seçmək hüququ verilib. Qəbulun elektron sistemlə aparılması kimi bu yenilik də ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb və təqdir olunub.

 

50 məktəbdə Alternativ Qeydiyyat Mərkəzi fəaliyyət göstərir 

 

Prosesin normal getməsi və daşıdığı məqsədləri tam reallaşdırması üçün istər Təhsil Nazirliyi, istərsə də Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən bir sıra təşkilati addımlar atılıb, ictimaiyyət arasında zəruri maarifləndirmə işləri aparılıb. Təhsil Nazirliyinin bu barədəki əmrindən sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həmin əmrin icrasının təmin edilməsi, I sinfə şagird qəbulunun aparılması qaydalarının təsdiqi, prosedur qaydalarının müəyyənləşdirilməsi barədə əmrlər verilib, elektron qeydiyyat məsələsində vətəndaşlara kömək məqsədilə paytaxt üzrə 50 məktəbdə Alternativ Qeydiyyat Mərkəzi yaradılıb. Qeydiyyat və sənəd qəbulu prosesində yarana biləcək mübahisəli məsələlərin operativ həlli məqsədilə hərəsi iki rayonu əhatə edən 6 ümumtəhsil müəssisəsində Apelyasiya Komissiyası təşkil olunub. 15-17 mart 2017-ci il tarixlərində paytaxt məktəblərində I sinfə qəbulla bağlı vətəndaşları ən çox düşündürən məsələlərə aydınlıq gətirmək üçün idarənin “Facebook” səhifəsində və saytında müvafiq suallara cavab verilib, mətbuat konfransı, görüşlər keçirilib, elektron sənəd qəbulu aparılan mektebeqebul.edu.az saytının istifadəçiləri üçün videotəlimat hazırlanıb.

 

Birinci sinfə qəbulu nəzərdə tutulan uşaqların 80 faizindən çoxu üçün artıq sorğu yerləşdirilib

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən son məlumata görə, indiyədək (07.04.2017 saat 18:00) 36532 valideyn elektron sorğu yerləşdirib ki, bu da Bakı şəhəri üzrə dövlət ümumi təhsil müəssisələrinin I sinfə şagird qəbulu proqnozunun, təxminən, 80 faizindən çoxunu təşkil edir. Qəbulun 15 mart - 15 sentyabr 2017-ci il tarixlərini əhatə etdiyini və başlanmasından qısa müddət keçməsini nəzərə alsaq, bu, çox böyük rəqəmdir və prosesin uğurlu təşkilindən xəbər verir.

 

Apelyasiya Komissiyalarına ən çox bölgələrdə qeydiyyatı olanlar müraciət edir

 

Bunu indiyədək apelyasiya komissiyalarına müraciət edənlərin sayının azlığı da sübut edir. Daxil olan müraciətlər isə ən çox başqa bölgələrdə qeydiyyatda olduğu halda lisey-məktəblərin mikroərazisində yaşayan uşaqların I sinfə müsabiqədən keçmək şərtiylə qəbul olunmaları ilə bağlı olub. Bundan başqa, bir çox məktəblərdə rus təlim dilində I sinfə vakant yerlərin olmaması ilə bağlı müraciət edənlər də çox olub. Ümumiyyətlə, müraciətlərin məzmunu ilə tanışlıq göstərir ki, onların çoxu məhz valideynlərin I sinfə şagird qəbulunun aparılması qaydaları ilə diqqətlə tanış olmalarının, burada irəli sürülən şərtləri nəzərə almamalarının nəticəsində yaranır.
Buna baxmayaraq müraciətlərə apelyasiya komissiyalarında diqqətlə və operativ baxılması, araşdırılması, onlarla bağlı təhsil haqqında normativ aktlara uyğun qərar qəbul olunması təmin edilir.

 

I sinfə qəbul zamanı məktəb seçimində təhsil müəssisəsinin layihə tutumu nəzərə alınır 

 

Qeyd edək ki, I sinfə qəbul zamanı məktəb seçimi, bir qayda olaraq, məktəblərin layihə tutumu nəzərə alınmaqla valideynlər tərəfindən həyata keçirilir. Lakin şagird axınının çox olduğu bəzi məktəblərdə şagird qəbulu, ilk növbədə, aşağıdakı prioritetlər nəzərə alınmaqla aparılır:

1) Məktəbin mikroərazisi;

2) Bacı və ya qardaşının həmin məktəbdə təhsil alması;

3) Valideynlərinin həmin məktəbdə işləməsi.

Müəllimlərin seçimi də valideynlər tərəfindən, müvafiq qaydalara uyğun olaraq aparılır.

I sinfə qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi zamanı şagird sıxlığı ilə əlaqədar yaranmış problemlərin mikroəraziyə uyğun olaraq vakant şagird yerlərinin mövcud olduğu digər məktəblərə yönləndirilməsi yolu ilə reallaşdırılır.

 

I sinfə kimlər qəbul olunur

 

Xatırladaq ki, ümumi təhsil məktəbinin I sinfinə 2017-ci il sentyabrın 15-nə kimi 6 yaşı tamam olan, fiziki və əqli cəhətdən normal inkişaf etmiş, eləcə də Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu üzrə müsabiqədən uğurla keçmiş 16.09.2011-ci il tarixindən 31.12.2011-ci il tarixinədək olan dövrdə anadan olan və dövlət ümumi təhsil müəssisələrində ödənişsiz məktəbəhazırlıq qrupunu bitirmiş uşaqlar qəbul edilir.

 

Bu müəssisələrə qəbul müsabiqə yolu ilə aparılır

 

Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 287 nömrəli “Zəkalar” liseyi, eləcə də 160 nömrəli Klassik Gimnaziyada 2017-2018-ci dərs ili üçün birinci sinfə, ilk növbədə həmin ümumi təhsil müəssisələrinin müəyyən edilmiş mikroərazisində yaşayan vətəndaşların ərizələrinin qeydiyyatı aparılır. Digər ərazilərdə yaşayan valideynlərin (qanuni nümayəndələrin) uşaqları qeyd olunan ümumi təhsil müəssisələrinə yalnız müsabiqə yolu ilə qəbul üçün qeydiyyatdan keçə bilərlər. Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər bu məqsədlə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər.

 

Valideynlər neçə məktəb seçə bilərlər

 

Qaydalara görə, valideynə yalnız bir məktəbi seçib sorğu yerləşdirmək hüququ verilir. Qəbul müsabiqə əsasında aparılan müəssisələrin, lisey və gimnaziyaların isə ikisinə sorğu yerləşdirmək mümkündür. Müsabiqənin nəticələrinə görə lisey və gimnaziyalara qəbul edilməyən uşaqların valideynləri elektron sistemdə yenidən ümumtəhsil məktəbi seçə bilərlər. Valideyn məktəbi seçdikdən sonra fikrini dəyişə bilər. Bunun üçün o, sistemə əvvəl yerləşdirdiyi sorğunu ləğv etməli, sonra yeni məktəb seçməlidir. Bakı şəhəri üzrə I sinfə qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara elektron qeydiyyat aprelin 5-də başa çatıb. Seçim üçün müsabiqələr isə aprelin 15-dən mayın 15-dək həyata keçiriləcək.

 

Sənədlər təhsil müəssisələrindəki işçi qrupları tərəfindən qəbul ediləcək

 

6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan xüsusi istedadı ilə fərqlənən uşaqların valideynlərinin elektron ərizələrinin qeydiyyatı qəbul müsabiqə əsasında keçirilən müəssisələrə martın 1-dən başlanıb və aprelin 5-də başa çatıb, ümumtəhsil məktəblərində isə iyulun 1-dən 31-dək aparılacaq.

Onu da diqqətə çatdıraq ki, valideynlər şagird qəbulu üzrə işçi qrupuna şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini, uşağın sağlamlığı haqqında 26U formalı arayışı, 3x4 sm. ölçüdə 2 fotoşəklı, əgər varsa məktəbəhazırlıq qrupunu bitirməsi haqqında arayışı, valideyn “Şəxsi kabinet”indən çap olunmuş ərizəni təqdim etməlidir. Şəxsiyyəti təsdiq edən sənədlərə uşağın doğum haqqında şəhadətnaməsi, Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi, Birləşmiş Millətlər Təşkilatı Qaçqınların İşləri üzrə Ali Komissarlığının himayə sənədi daxildir. Qeydiyyat valideynlərin və ya digər qanuni nümayəndənin özü tərəfindən onlayn və ya istəyi əsasında hər bir məktəbdə yaradılacaq qeydiyyat komissiyasında, ya da Bakı şəhərinin hər inzibati rayonunda fəaliyyət göstərəcək alternativ komissiya tərəfindən aparılacaq.

 

Yusif ƏLİYEV

Azərbaycan müəllimi