17.04.2017

Bakı məktəblisi: “Düşmən təmsilçisini 15 saniyəyə nokaut etdim”

Fərid Ağayev, dünya çempionu: “Erməni tatamiyə çıxmağına peşman oldu”

Ağayev Fərid Eldəniz oğlu 2002-ci ildə Bakıda anadan olub. 2009-cu ildən - 7 yaşından karate ilə məşğul olur. 2012-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilən və 35 ölkədən 1500-ə yaxın idmançının qatıldığı dünya çempionatının qalibidir. Bakıdakı 189-190 nömrəli tam orta məktəbin IX sinfində oxuyur. 

- 6 yaşımdan üzgüçülüklə, daha sonra cüdo, həndbol, yüngül atletika ilə məşğul oldum. Deyim ki, yüngül atletika çox çətin idi, amma ciddi şəkildə məşğul olurdum. 2-ci sinifdə oxuyurdum, məktəbdə indiki məşqçi müəllimlərim Gündüz Mahmudov və Namiq Pirverdiyev idmanın karate növünə marağı olan şagirdlərlə söhbətlər apardılar. Onlar mənim idmana olan marağımı bildikdən sonra, təbii ki, valideynlərimin razılığı ilə karate məşqlərinə dəvət etdilər. Həmin vaxtdan karateyə tükənməz sevgi ilə bağlandım. 

- Fərid, indiyə kimi hansı uğurlara imza atmısan və ilk yarışını necə xatırlayırsan?

-2009-cu ilin may ayında klublar arasında çempionat keçirilirdi. 200-ə yaxın karateçinin iştirak etdiyi çempionatda mən bütün rəqiblərimi verilən vaxtdan qabaq məğlub edərək I yeri tutdum. İlk yarışım olduğu üçün çox həyəcanlı idim. Ancaq müəllimlərimin və zalda olan dostlarımın dəstəyi ilə həyəcanımı boğa bildim və qalib oldum. Sonradan klublar və cəmiyyətlər arasında təşkil olunan turnirlərdə dəfələrlə yaxşı nəticələr göstərdim. İki ildən sonra Türkiyənin İstanbul şəhərində keçirilən dünya çempionatına hazırlaşdım. 2012-ci ilin yanvar ayında 9 yaşımda İstanbul şəhərində 35-ə yaxın ölkədən 1500 idmançının qatıldığı dünya çem-pionatında iştirak etdim. Bu çempionatda mən komanda və şəxsi hesabda 2 qızıl, 1 bürünc medal qazandım. Bu yarış mənim üçün çox yaddaqalan oldu.

 

“Müəllimlərimə dedim ki, düşmən ölkənin təmsilçisini məğlub etməliyəm”

 

Yarımfinal oyununda mən mənfur düşmənlərimizin nümayəndəsi olan erməni karateçisiylə qarşılaşdım. Erməni idmançısı uğurları və göstəriciləri ilə məndən üstün idi. Buna baxmayaraq, mən müəllimlərimə dedim ki, düşmən ölkənin nümayəndəsini məğlub etməliyəm. Tatamiyə çıxanda onunla qarşılaşdım, gözlərinə baxdım və pələngə döndüm. Müəllimlərim danışır ki, Fərid, sən erməniyə elə nifrətlə baxırdın ki, o, həmin anı və yarışı heç vaxt yadından çıxarmayacaq. İmkan verməzdim ki, erməninin bayrağı, uğrunda canımızı qurban verdiyimiz üçrəngli bayrağımızdan üstün olsun. Yarış başlayan kimi gözlərimin önünə Xocalı qətliamı gəldi. Balaca uşaqların, anaların, bacıların, yaşlıların faciəvi şəkildə qətlə yetirilməsi videolent kimi gözümdə canlandı. Erməni tatamiyə çıxmağına peşman oldu. Yarış normalda 2 dəqiqə olur, amma mən düşmən təmsilçisinin 15 saniyədə daban zərbəsi ilə başını əzdim, nokaut etdim. Həkimlər onu sürüyərək zaldan çıxardılar. 

Sonra 2012-ci ilin avqust ayında Yunanıstanda 26 ölkədən 1000-ə yaxın idmançının iştirak etdiyi Avropa çempionatında da gücümü sınadım və bürünc medal qazandım. Bundan başqa, 2013-cü ilin iyun ayının əvvəllərində Gürcüstanın Batumi şəhərində 10-a yaxın ölkədən 600-ə yaxın idmançının iştirakı ilə keçirilən prezidentlər kuboku uğrunda beynəlxalq turnirdə çempion oldum. Həmin ilin noyabrında Türkiyənin Trabzon şəhərində “Trabzon open” beynəlxalq turnirində 1 qızıl, 1 bürünc medala layiq görüldüm. 2014-cü ildə Polşada keçirilən dünya çempionatında 30-a yaxın ölkədən 1500-dən çox karateçi iştirak edirdi. Onların arasında mən fərqlənərək III yerə çıxdım. Sonra 2014-ci ilin ortalarında Xəzəryanı dövlətlər arasında keçirilən “Caspian cap” kuboku turnirində 45 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxdım. 
2016-cı ildə 14 yaşım tamam oldu. Mən respublika çempionatlarında iştirak etmək hüququ qazandım. 2016-cı ilin əvvəlində 14 yaşlı yeniyetmə karateçilər arasında Azərbaycan çempionatı keçirildi. Həmin çempionatda bütün rəqiblərimi tam qələbə ilə məğlub edərək ölkə çempionu oldum. Sonra milli komandanın tərkibində daha böyük yarışlara qatılmağa başladım. Belə ki, 2016-cı ilin aprel ayında Türkiyənin Konya şəhərində, avqustda isə milli komandanın tərkibində İran İslam Respublikasının Urmiya şəhərində yeniyetmələr arasında keçirilən beynəlxalq turnirlərdə iştirak edərək bürünc medala layiq görüldüm. Keçən ilin noyabrında İsveçrədə keçirilən Avropa çempionatında 2 qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxdım. 2017-ci ilin mart ayında milli komandaya yenidən üzv seçilmək üçün turnir keçirildi. Həmin turnirdə də rəqiblərimi tam qələbə ilə məğlub edərək I yerə yüksəldim.

 

“Ən böyük arzum olimpiya çempionunun keçirdiyi hissləri yaşamaqdır”

 

Fikrimcə, qələbə üçün birinci insanın özünə inamı olmalıdır. İkincisi, böyük əzm və zəhmət lazımdır. İdman gərginlikdir, idman zədədir. Birinci olmaq heç də asan deyil. Bunun üçün bütün çətinliklərə qatlaşdım və sonda istəyimə çatdım. Əldə etdiyim medallar mənim karyeramda ikinci ən böyük uğurumdur. Keçirdiyim hissləri sözlə ifadə edə bilmirəm. Qızıl mükafat uzun müddət çəkdiyim əziyyətin, tökdüyüm göz yaşlarının bəhrəsidir.

- Qidalanmaya necə fikir verirsən?

- İdmançı qidalanmasına fikir verməlidir. Bizim qidalar, yeməklər çox dadlıdır, ancaq insan üçün çox ziyanlıdır. Bədən də nə qədər təmiz olsa, həm mənəvi, həm fizioloji baxımdan sağlam olur. Mənim cəldliyim yediklərimlə əlaqədardır. Əsasən, ən çox balla qidalanıram, ildə 10-15 kiloqram bal yeyirəm. Dönər və “fəst food” yeməklərindən çox uzağam. Göyərtidən çox istifadə edirəm. Meyvələrə üstünlük verirəm. Düyü ən rahat həzm olunan qidadır, amma aş-qara ilə yeyəndə saatlarla həzm olunmur. Düyü bədəndəki çöküntüləri təmizləyir.

- Günün hansı saatları məşqə vaxt ayırırsan?

- Hər gün tezdən saat 6:00-da yuxudan dururam. 1 saat həyətdəki meydançada qaçıram. 8-in yarısına kimi məşqimi edib, sonra məktəbə gedirəm. Bir də saat 4-dən sonra yığma komandada məşqçi müəllimim Anar Allahverdiyevlə məşqlərimi edirəm. Şəxsi məşqçilərim Gündüz Mahmudov və Namiq Pirverdiyevin yanına isə axşam saat 8-dən sonra gedirəm. Fürsətdən istifadə edib mənim üzərimdə əziyyəti olan bütün müəllimlərimə minnətdarlığımı bildirirəm.

- Məktəbdə dərslərini necə oxuyursan?

- Baxmayaraq ki, idmanla məşğul oluram, ancaq dərslərimi də yaddan çıxarmıram. Düşünürəm ki, idmançı olsam da, savadlı olmaq vacibdir. Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyasına qəbul olmaq arzusundayam.

- Hər hansı mübahisəli məsələni necə həll edirsən?

- Davadan uzaq olmağa çalışıram. Bunun üçün bəzi şeyləri eşitməzliyə vurmaq lazım gəlir. Məsələn, bir dəfə küçədə mənə söz atıblar, bir hərəkət göstərmişəm, başa düşüblər ki, olmaz. Zarafatcılam. Sinif yoldaşlarımla dost münasibətlərimiz var. Dostlarım məni “sakit çempion” adlandırır. 

- Həmyaşıdlarına hər hansı məsləhətin varmı?

- Fikrimcə, idman sağlamlıqdır, idman rejim, mübarizədir. İdman həyata bir sağlam baxış formasıdır. Həmyaşıdlarıma bir sözüm var. Vaxtlarını səmərəli, dəyərli və mənalı keçirsinlər. Pis vərdişlərdən uzaq olsunlar. Uşaqlıqdan arzuladıqları hər hansı bir peşənin dalınca getsinlər. Əziyyət çəkməkdən qorxmasınlar. Unutmasınlar ki, istənilən bir uğuru əldə etmək üçün mübarizə və zəhmət lazımdır. 

Yeri gəlmişkən, bir hadisəni danışmaq istəyirəm. Qış vaxtı idi. Möhkəm qar yağmışdı. Hər yer buz içində idi. Mən də yarışa hazırlaşırdım. Səhərlər 2 saat kross qaçmalı idim. Həmin qaçış müddətində mən, bəlkə də 10-15 dəfə yerə yıxılırdım, əzilirdim. Bəlkə də mənim yerimə kim olsa idi, qaçışa ara verərdi. Amma mən bunu etmədim və bunun bəhrəsini yarışda gördüm, çempion oldum.
Ceyran Kuliyeva, Bakıdakı 189-190 nömrəli tam orta məktəbin direktoru:

- Fərid bizim məktəbimizin fəxridir. Biz bəzən onu məktəbimizdə digər idmançı şagirdlərə də nümunə göstəririk. O, nizam-intizamlı, müəllimlərinə və şagirdlərə qarşı olduqca nəzakətli, mədəni bir oğlandır. İstərdim ki, şagirdlərimiz Fəriddən nümunə götürsünlər. Onda əsl idmançı xarakteri var. Məktəbimizdə keçirilən tədbirlərdə Fəridin idmanla bağlı çıxışları olur. Rayon üzrə keçirilən tədbirlərdə də Fərid nəinki karatedə, həm də basketbol və futbol oyunlarında məktəbimizi layiqli təmsil edib. Bu yaxınlarda - aprelin 7-də məktəbimizdə IV İslam Həmrəyliyi Oyunları ilə bağlı idman tədbiri keçirdik. Tədbirimizdə fəxri qonağımız da var idi. “Bakı 2017” İslam Həmrəyliyi Oyunlarının əməliyyat komitəsinin sədri Elçin Səfərov tədbirimizdə Fəridin çıxışını bəyənərək ona xüsusi mükafat təqdim etdi. İstərdim ki, bugünkü yeniyetmə və gənclərimiz də Fərid kimi olsunlar, pis vərdişlərdən uzaq dursunlar, yaxşı işləri ilə seçilsinlər. Yaxşı oxusunlar, idmançı və yaxşı incəsənət adamı olsunlar. Sevindirici haldır ki, ölkəmizdə yeniyetmə və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün dövlətimiz tərəfindən yüksək səviyyədə şərait yaradılıb. Yeni, müasir standartlara cavab verən idman kompleksləri var. Ölkəmizdə idmana, idmançılara böyük dövlət qayğısı var, cənab Prezidentin dəstəyi ilə idman və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. 

Bütün Azərbaycan gəncliyinə səslənərək, onları Azərbaycan idmanının bugünkü uğurlarından bəhrələnməyə, sağlam həyat tərzi keçirməyə dəvət edirəm. Unutmaq olmaz ki, sağlam bədəndə sağlam ruh olar. 

 

Rəşad Ziyadov

Azərbaycan müəllimi