02.05.2017

Ümumi təhsilin yol xəritəsi

İnsan kapitalının inkişafına doğru

 

Artıq XXI əsrin ikinci onilliyini yaşayırıq. Müstəqil respublikamızda əldə olunan nailiyyətlərin fəaliyyətləri tənzimləyən, onun daha uğurla davam etdirilməsinə təminat verən strateji dövlət sənədlərinin meydana gəlməsi ilə şərtləndiyinin şahidi oluruq. Bu sənədlərdə Azərbaycanın bütün sahələrindəki perspektiv inkişafı göstərən cəhətlər əks olunur. Yaxın günlərdə ölkə Prezidentinin Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” tamamilə zamanında qəbul olunmuş, dövlətin əvvəlki hüquqi aktlarını tamamlayan və ölkəmizin iqtisadi inkişafının hüquqi əsasını müəyyən edən konseptual bir sənəddir. 
Ölkəmizin gələcək inkişafına yönəlmiş bu sənəd bütövlükdə özünün nailiyyət və məzmununa görə inkişafyönümlü əhəmiyyət daşıması ilə diqqəti cəlb edir. Müasir iqtisadi durumun analitik mənzərəsini əks etdirməklə onun perspektiv görüntülərinin şərhini verir. Qlobal dünya iqtisadiyyatının inkişafı fonunda milli potensiala istinad etməklə Azərbaycan üçün önəmli olan strateji istiqamətləri təqdim edir. Aparılan təhlillərə əsasən gəlinən qənaət ondan ibarətdir ki, üzən məzənnə rejiminin qurulması, özəlləşdirmənin həyata keçirilməsi yolu ilə dinamikliyin təmin olunması, insan kapitalının inkişaf etdirilməsi və biznes mühitinin daha da yaxşılaşdırılmasından ibarət olun bu istiqamətlərin hər biri özlüyündə Azərbaycanın güclü iqtisadi potensialının artmasının təmin olunmasına yönəlməklə onun dünya iqtisadi məkanında özünəməxsus yer tutmasına təminat verəcəkdir.

Bu istiqamətlərin içərisində bütün fəaliyyətlərin əsasında duracaq bir məsələ kimi insan kapitalının inkişaf etdirilməsi dayanır. Doğrudur, insanın formalaşdırılması ümumilikdə cəmiyyətin problemidir və bu problemin həll olunması cəmiyyətə xas olan əksər sosial xarakterli məsələlərin aradan qaldırılmasına öz töhfəsini verir. Təhsil isə öz növbəsində cəmiyyətin inkişafına təkan verməklə onun irəliləyişlərini təmin edir. Bu mənada təhsilin sosial fenomen kimi cəmiyyətin tərəqqisindəki dəstəkverici funksiyası hər kəsə məlum olan bir təsiri bağışlayır.

Bu gün Azərbaycanın müstəqillik yolunda uğurları onun inkişaf etmiş dünya ölkələri cərgəsində adının çəkilməsinə təminat verir. Ölkədə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində sürətli irəliləyişlərin olması inkaredilməz bir fakta çevrilmişdir. Bu barədə strateji yol xəritəsində danışılmışdır. Xüsusilə ümumi təhsillə bağlı xeyli işlərin görülməsi qeyd edilmişdir. Göstərilmişdir ki, 2003-2015-ci illərdə yeni məktəb binasının tikilməsi və mövcud məktəblərin əsaslı təmiri ilə bağlı ciddi işlər görülmüşdür. Bütün bunlarla yanaşı, həm də bildirilmişdir ki, “bu müddət ərzində maddi-texniki bazanın yaxşılaşdırılmasına baxmayaraq, tədrisin keyfiyyəti dövrün tələbinə uyğun tam inkişaf etməyib”.

 

Pedaqoji ümumiləşdirmələrin başlanğıc nöqtəsi

 

Ölkənin konseptual xarakter daşıyan və təhsil sahəsində siyasətin perspektivlərini müəyyənləşdirən bu sənəddə irəli sürülmüş fikrin strateji yükü istər-istəməz fəal düşünmə mənbəyinə çevrilməklə daha çox diqqəti cəlb edir. Təhsilşünaslığın inkişafı baxımından burada iki istiqamətdə olan pedaqoji ümumiləşdirmələrin başlanğıc nöqtəsi görünür. 

Onlardan birincisi, ölkəmizin təhsil sistemində təhsilin maddi-texniki bazasındakı irəliləyişlərlə bağlıdır. Son dövrlərdə ölkəmizdə təhsil müəssisələrinin inkişaf etdirilməsi, xüsusilə inteqrativ müstəvidə yeni təhsil müəssisələrinin yaradılması, təzə binaların inşa edilməsi, mövcud olan, lakin yararsız hala düşmüş təhsil ocaqlarının bərpa olunması, təmir edilərək müasir səviyyəyə çatdırılması ölkənin təhsil prioritetləri içərisində aparıcı bir kursa çevrilmişdir. Bu prosesdə maddi-texniki bazanın yaradılmasına sadəcə inşaedici bir fəaliyyət kimi deyil, təhsil prosesinin xüsusi motiv yaradan, öyrənmə resurslarını tamamlayan və onu davam etdirən bir vasitə kimi yanaşılmışdır. Belə ki, təhsil müəssisələrinin maddi-texniki və eləcə də tədris-metodik bazasının möhkəmləndirilməsi istiqamətində işlər yerinə yetirilmişdir. Yalnız 2015-ci ildə ümumilikdə Təhsil Nazirliyi tərəfindən 30 təhsil müəssisəsində əsaslı təmir işləri aparılmışdır ki, onlardan 17-si ümumtəhsil məktəbi olmuşdur. Eyni zamanda elektron dərslik portalı yaradılmış, 90-dan artıq dərslik bu portalda yerləşdirilmişdir. Bundan əlavə, www.e-test.edu.az elektron şagirdlərarası fənn müsabiqəsi yaradılmış və IV-IX sinifləri əhatə edən 30000 sual portalda yerləşdirilmişdir. Ümumtəhsil məktəbləri üçün nəzərdə tutulmuş dərslik komplekti zəruri resurs kimi vaxtında çap olunaraq yerlərə çatdırılmışdır. Bütün bunlar isə, öz növbəsində, təhsil müəssisələrini pedaqoji prosesin səmərəli qurulmasında zəruri komponentə çevirmişdir.

İkinci başlanğıc təhsilin keyfiyyətinin inkişaf etdirilməsi vəzifəsi ilə bağlıdır. Etiraf edək ki, təhsilin keyfiyyətinin yüksək olması müasir dünya ölkələrinin hər birini özünün milli səviyyəsində düşündürür. Həm də bu, qlobal bir düşüncənin mərkəzində dayanaraq beynəlxalq əhəmiyyət daşımaqla dünyəvi xarakterdə özünü göstərir. İstər milli və istərsə də beynəlxalq səviyyələrdə həmin cəhətləri nəzərə almaqla təhsilin keyfiyyətini inkişaf etdirmək, optimal təhsil mexanizmləri yaratmaq üçün daha səriştəli və diqqətli olmaq zəruri hesab edilir.

Burada başlıca məsələ milli və beynəlxalq səviyyələrdə şəxsiyyətin formalaşmasına yönəlmiş uyğun qiymətləndirmə mexanizmlərinin yaradılmasıdır. Belə qiymətləndirmə mexanizmlərinin yaradılması isə yerli və xarici təcrübələri öyrənən, istər ümumpedaqoji, istərsə də metodik xarakterdə araşdırmaların aparılmasına söykənən təhsilşünaslıq tədqiqatlarının təşkil olunmasını tələb edir. Artıq bir neçə ildir ki, belə tədqiqatların aparılmasına başlanılmışdır. İstər şagird nailiyyətlərinin məktəb səviyyəsində, istərsə də milli və beynəlxalq səviyyələrdə tətbiqi üzrə aparılan qimətləndirmələr təhsilin keyfiyyət səviyyəsinin izlənilməsinə yönəldilməklə humanist bir texnologiya kimi istifadə edilməkdədir. Bütün bunlarla yanaşı, hazırda bu təhsil texnologiyasının elmi-pedaqoji əsaslarının öyrənilməsinə, məzmun, forma və vasitələri hazırlamaqla onun sisteminin formalaşdırılmasına, təhsilin hər bir sahəsində tətbiqinin daha da genişləndirilməsinə ehtiyac vardır.

Təbii ki, bu tədqiqatlar xarakterinə görə həm fundamental, həm də tətbiqi ola bilər. Bütün hallarda bu tədqiqatlar ehtiyaclarımızdan doğan və tam mənasında tələbatlarımıza yönəlməklə praktik əhəmiyyət daşımalıdır. Təhsil islahatlarının daha uğurlu addımlarını təmin etməlidir. 

 

Ümumtəhsil məktəbinin yeni mənzərəsi

 

Hazırkı durumumuz məktəbin, müəllimin yeni məzmun və texnologiyalarla işləməsi zərurəti ilə səciyyələnir. Burada yeni məzmun və texnologiyaların yaradılması onun pedaqoji, psixoloji, fizioloji xüsusiyyətlərinin şərh edilməsi və müəllimlər, pedaqoji işçilər tərəfindən mənimsənilməsi prioritet hesab edilir. Bu prosesdə yaradıcı pedaqoji fəaliyyətin təmin olunması üçün həm də ölkənin təhsil siyasətindəki tendensiyaların dərk olunması və onun dəstəklənməsi, praktik fəaliyyətdə rəhbər tutulması da vacib hesab edilir.

Ölkəmizin təhsil sahəsindəki perspektiv addımlarını konkretləşdirən bu yol xəritəsində təhsilin pillə və səviyyələri üzrə fəaliyyətlərdən danışılır. Hər pillənin funksiyasına uyğun vəzifələrin xəritəsi cızılır. Onların maddi-texniki, tədris-metodik, eləcə də kadr potensialının gücləndirilməsi, istedadın erkən müəyyən olunaraq inkişaf etdirilməsi, yeni təhsilvermə və təhsilalma metodologiyasının tətbiq olunması və digər innovativ yanaşmalardan bəhs olunur.

Məlum olduğu kimi, şəxsiyyətin formalaşmasında ümumi təhsil baza rolunu oynayır. Bu pillədə şəxsiyyətin qazandığı bacarıq və qabiliyyətlər həyatı boyu göstərəcəyi fəaliyyətlərinin əsasında durmaqla onu daim stimullaşdırır. Odur ki, bu pillənin formalaşdırılmasında şəxsiyyətin inkişafı mühüm didaktik əhəmiyyət daşıyır. Bir proses olaraq onun təşkilində, digər pillələrdə olduğu kimi, bu pillədə də pedaqoji kadrlar əvəzsiz rolu ilə fərqlənir. Ona görə də ümumi təhsilin yol xəritəsində keyfiyyətin yüksəldilməsi üçün pedaqoji kadr hazırlığının, tədrisin, müasir təhsilvermə və təhsilalma metodlarının təkmilləşdirilməsi ilə bağlı tədbirlərin dəstəkləməsi barədə danışılır.
Yol xəritəsində göstərildiyi kimi, ümumi təhsilin sadəcə ümumi mənzərəsi deyil, eyni zamanda, onun mahiyyət və məzmununda ciddi dəyişikliklərin aparılmasından bəhs olunur. Qeyd edilir ki, “Ümumi təhsil sistemində “yaddaş” məktəbindən “təfəkkür” məktəbinə keçidin təmin edilməsi mütərəqqi dünya təcrübəsinə əsaslanan təhsil proqramlarının (kurikulumların) hazırlanması və səmərəli tətbiqi, məktəb rəhbərlərinin, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, cəmiyyətdə müəllimin nüfuzunun yüksəldilməsi istiqamətində tədbirlər görüləcək, daha keyfiyyətli insan kapitalının formalaşdırılması üçün mövcud resurslardan səmərəli istifadə edilməsi istiqamətində islahatlar davam etdiriləcəkdir”.

Yeni məktəbin mahiyyətinin əsasında onun koqnitiv xarakteri, kreativ bacarıqların formalaşmasına xidmət göstərməsi dayanır. Belə məktəbdə təhsilalanların düşüncəsinin inkişaf etməsi onların təlim uğurlarının xarakterini müəyyənləşdirir. Daha çox yaradıcı fəaliyyət şagird şəxsiyyətinin atributu kimi çıxış edir. Bütün hallarda müəllimin ölçü vahidi şagirdlərin yaradıcı təfəkkürünün hər hansı səviyyəsindən ibarət olur.

 

Müasir standart və kurikulumların hazırlanması

 

Bütün bu fəaliyyətlərin təmin olunması üçün, ilk növbədə, yeni təhsil proqramlarının (kurikulumların) yaradılmasının vacibliyi bildirilir. Doğrudan da, təhsilin tarixi boyu uzun illərin sınağından çıxmış bir həqiqət vardır ki, təhsilin məzmunu bütöv bir təhsil sisteminin əsasında duran komponentdir. Təhsilin daha uğurlu təşkili və həyata keçirilməsi onun necəliyindən çox asılıdır. Heç təsadüfi deyildir ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” (2013) sənədində beş istiqamətdən biri (birincisi) “Səriştə əsaslı yeni təhsil məzmununun yaradılması”dır. Orada yeni təhsil məzmunu kimi yeni standart və kurikulumların hazırlanması qeyd edilmişdir.

Ümumiyyətlə, təhsilin nəticəyönümlü məzmuna keçid məsələsinin ilk dəfə zəruri olaraq müəyyənləşdirilməsi Azərbaycanda XX əsrin sonu və XXI əsrin əvvələrindəki aralıq mərhələsinin payına düşür. Göründüyü kimi, onun ciddi pedaqoji məsələ kimi qoyuluşu təhsil islahatının zəruri istiqamətlərindən biri olsa da, onun həlli sahəsində xeyli vəzifələrimiz hələ də qarşıda dayanmaqdadır. Xüsusilə Dövlət Strategiyasında qeyd olunduğu kimi, səriştə əsaslı yeni təhsil məzmununun yaradılması kimi məsul bir təhsil vəzifəsinin həyata keçirilməsi tələb olunur. Yeni təhsil məzmunu kimi standart və kurikulumların hazırlanması qeyd edilir. 

Müasir standart və kurikulumların hazırlanmasına sadəcə pedaqoji məsələ kimi yanaşmaq olmaz. Onlar müxtəlif elm sahələrinin qovşağında dayanmaqla inteqrativ xarakter daşıyır. Bu sənədlərin hazırlanmasında müxtəlif elm sahələrinin ən yeni və bu gün daha çox praktik əhəmiyyət daşıyan müddəalarına istinad etmək zəruri hesab edilir. Eyni zamanda onların psixopedaqoji, fizioloji, məntiqi xüsusiyyətlərə əsasən dəyərləndirilməsi tələb olunur. Ən başlıcası standart və kurikulumların hazırlanması həm də sosial bir vəzifə kimi həyata keçirilməli, onların hazırlanmasına cəmiyyətin tələb və ehtiyaclarının yerinə yetirilməsi kimi yanaşılmalıdır. Bu gün biz bu vəzifələrin yerinə yetirilməsi istiqamətində cəhd göstərməklə ölkəmizin ikinci nəsil kurikulumlarının yaradılmasına başlamış oluruq. Təhsilin məzmununun yaradılması sahəsində qazandığımız təcrübələr göstərir ki, standart və kurikulumlardan ibarət olan yeni məzmunun yaradılması onu hazırlayanlardan tamamilə yeni bacarıqlar tələb edir. Elə bacarıqlar ki, onlar təhsilin məzmunu üzrə mütəxəssislərə cəmiyyətin milli və ümumbəşəri dəyərləri üzərində düşünməyə, onları ölkənin təhsil üzrə pillə və səviyyələrinə gətirməyə, səriştələrin tələbinə uyğun fənn və fənn bloklarını yaratmağa, optimal təklif və qiymətləndirmə, eləcə də idarəetmə strategiyaları hazırlamağa imkan verə bilsin. Həm də bir innovator kimi yenilikləri çeşidləmək, onların mahiyyət və məzmununu açıqlayan yanaşmalardan istifadə etmək işində optimal qərarlar qəbul edə bilsinlər.

12 illik təhsilə keçidin mühüm strateji məqsəd kimi qarşıda dayanması və ümumi təhsil sahəsində aparılan islahatların əsasını təşkil etməsi, ilk növbədə, onun strukturuna uyğun məzmununun yaradılmasını tələb edir. Təhsil naziri Mikayıl Cabbarovun qeyd etdiyi kimi, “Ən vacib məsələlərdən biri də 12 illik ümumi təhsilin yeni məzmun standartlarının və fənn kurikulumlarının hazırlanması və həmin sistemə keçid mexanizminin müəyyənləşdirilməsi və tətbiqi ilə bağlıdır”. Bu, təhsil innovasiyaları ilə bağlı biliklərə yiyələnməyi, yeni pedaqoji tendensiyaları mənimsəməyi bir vəzifə kimi qarşıya qoyur. Eyni zamanda zəruri potensial biliklərlə yanaşı, kifayət qədər peşəkarlığın olmasını tələb edir. Əldə olunmuş təcrübələr imkan verir ki, gələcəkdə bu sahədəki fəaliyyətimizi davam etdirək, yeni nəsil standart və kurikulumların hazırlanmasında uğurlar qazanaq.

Müasir Azərbaycan məktəbinin mənzərəsi qlobal dünyanın tələbləri qarşısında dəyişir. Koqnitiv bir xarakter alır. Eyni zamanda özünün sosial statusunu saxlamaq üçün informasiya dövrünün çağırışlarına, beynəlxalq əlaqələrin inkişafı ilə tənzimlənən təhsil ehtiyaclarına cavab verməli olur. Bu cəhət də öz növbəsində təhsil məzmununun yenidən qurulmasını tələb edir.

Ölkənin iqtisadi arenasında islahatların aparılması bilavasitə insan amili ilə şərtlənir. Yeni insanın formalaşdırılması zəruri şərt kimi cəmiyyətin inkişaf platformasının əsasında dayanır. İnsan kapitalının formalaşdırılması isə özünün tam ciddiyyəti ilə təhsilin üzərinə düşür. Xüsusilə ümumi təhsil bu prosesdə aparıcı rol oynamaqla əsas pillə kimi daha çox məsuliyyət daşıyır. Çünki təhsillənmə şəxsin məktəbəqədər təhsil pilləsindən başlayaraq özünü informal olaraq inkişaf etdirməsinə qədərki bütün zamanlarda əhəmiyyətli proses olsa da, ümumi təhsil şəxsiyyətin mühüm atributu hesab edilən dəyərlərin formalaşdırılması baxımından xüsusi olaraq fərqlənir. Bu pillədə hər kəsə həyatda yaşayıb yaratmaq üçün lazım olan zəruri bilik, bacarıq və dəyərləri mənimsəməyə şərait yaradılır. Ona görə də bu pillənin həm infrastruktur, həm də məzmun cəhətdən düzgün qurulması insan kapitalının inkişaf etdirilməsi baxımından həlledici bir mərhələ hesab edilir. Strateji yol xəritəsində ümumi təhsilin inkişaf dinamikasına uyğun olaraq onun məzmunu üçün xarakterik olan bir neçə cəhətin nəzərə alınması qlobal dünyanın zəruri tələblərindən irəli gələn vəzifə kimi əsas götürülmüşdür.

Əvvəla, təhsilalanların məntiqi və tənqidi düşüncə tərzinə əsaslanan kreativ bacarıqlara yiyələnməsi əsas şərtlərdən hesab edilir. Ümumtəhsil məktəbi şagirdlərin düşüncə mədəniyyətini formalaşdıran, onlara yaradıcı olmaq, yaradıcılıq nümunələrinə həssas yanaşmaq, həyatın iqtisadi amillərini dəyərləndirə bilmək bacarıqları verməlidir. 
İkinci, ümumtəhsil məktəbi bilik cəmiyyətinin ehtiyac və tələbatları qarşısında özünün vəzifələrini aydın və konkret müəyyənləşdirməli, məzmun komponentinin, eləcə də təlim prosesinin qurulmasında ona aparıcı tələb kimi yanaşılmalıdır. Müasir həyatın sosial, iqtisadi tələbatlarından irəli gələn insan amili üçün vacib səriştələri müəyyənləşdirməklə məzmununun əsasına gətirməli və fəaliyyətini həmin istiqamətlərə fokuslaşdırmalıdır. 
Üçüncü, ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi onun daha yaxşı, səriştəli qurulmasından asılıdır. Bu istiqamətdə son illərdə aparılan işlər hazırkı tələblər baxımından yüksək qiymətləndirilir. Müəllimlərin yeni qaydalarla işə qəbul olunması, onların diaqnostik qiymətləndirilməsi və bunun nəticəsində stimullaşdırılması, eləcə də məktəb rəhbərlərinin təlim kurslarından keçməsi və rəhbər vəzifələrə seçilməsi istiqamətində aparılan işlər təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan uğurlu addımlardır. Və bu proses yol xəritəsində müəyyən olunmuş vəzifələr baxımından davam etməkdədir.

Nəhayət, ümumi təhsilin üçüncü səviyyəsində təmayülləşmənin aparılması da yol xəritəsində qabarıq şəkildə qeyd olunur. Onun peşə-ixtisas təhsili, gələcəkdə əmək bazarına girən gənclərin işsizlik probleminin həll olunması, Azərbaycan təhsil sisteminin Avropa təhsil sisteminə inteqrasiya olunması baxımından əhəmiyyəti qeyd edilir.
Ümumi təhsildə təmayülləşmənin aparılması, öz növbəsində, onun infrastruktur dəyişiklikləri ilə izlənməsini tələb edir. Bu həm də tam orta təhsil məktəbinin təmayüllər üzrə qurulmasını və ən başlıcası onun təşkilini bir vəzifə olaraq qarşıya qoyur.
Biz bu gün sadaladığımız fəaliyyətlərin başlanğıc mərhələsindəyik. Gələcək uğurlarımız cidd-cəhdlə başladığımız işlərin keyfiyyətindən, ardıcıl və səmərəli qurulmasından asılıdır. Ümidvarıq ki, hər bir kəs Azərbaycanda ümumi təhsilin inkişaf etdirilməsində öz töhfəsini verəcəkdir.

 

Ənvər ABBASOV,

Təhsil İnstitutunun direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, əməkdar müəllim

Azərbaycan müəllimi