12.05.2017

Qloballaşmadan doğan təhsil sistemi

Sərt Sinqapur modeli dünyanı təəccübləndirməkdə davam edir

 

Son illər ən çox eşitdiyimiz və işlətdiyimiz deyimlərdən biri budur: “Təhsil insanın əsas kapitalıdır”. Qlobal iqtisadi və maliyyə böhranı şəraitində bu sözlərin anlamını xüsusilə hiss etməyə başlamışıq. Əvvəl sovetlər dönəminin diqtə etdiyi sosial-iqtisadi formasiya, sonra isə bir sistemdən digərinə keçid mərhələsində bu reallığı dərk etməyimizə ya ehtiyac, ya şərait yox idi, ya da vaxt. Ancaq Qərb dünyası, daha dəqiq desək, Qərbin iqtisadi-maliyyə orbitində olan ölkələr bu gerçəkliyi az qala yarım əsr bundan əvvəl öz üzərlərində hiss və dərk etmişdilər. Bu gün onların sürətlə dünyanın digər hissəsini qabaqlamaları göstərir ki, həmin ölkələr bu reallığı nəinki dərk edib, eyni zamanda nəticə də çıxarıblar. 

Bu prosesin ən bariz təmsilçisi bugünkü Sinqapurdur. Ərazisini xaricdən valyuta ilə gətirilmiş torpaqla okean suyunu “zəbt” edib genişləndirən kiçik şəhər-dövlətin “Cənub-Şərqi Asiyanın pələngləri” birliyində təmsil olunmasının ən başlıca səbəbi yarım əsr bundan əvvəl həyata keçirilmiş mükəmməl təhsil islahatlarıdır. Sinqapurun təhsil sistemi dünyada Çin, Cənubi Koreya, Yaponiyanın sistemləri ilə eyni sırada olmaqla çox sərt və tələbkar kimi qiymətləndirilir. Finlandiya təhsili barəsində ötən yazıda qeyd etdik ki, ekspertlər fin uşaqlarının təhsil sahəsindəki uğurlarını sistemin rahat və yüngül olması ilə əlaqələndirirlər. Sinqapur təhsil sistemində isə tam əks bir mənzərədir. Di gəl ki, bu sistem də dünyada öz uğuru ilə məşhurdur. Nədir səbəb?
50 il əvvəl Sinqapurun təhsil sistemi yenidən qurularkən hökumət mövcud ictimai-siyasi, habelə iqtisadi amillərdən çıxış etməli oldu. Ölkənin hazırda mövcud olan təhsil modelində Britaniya təhsil ənənələrinin dərin izləri var və bu, tarixi-siyasi nöqteyi-nəzərdən anlaşılandır. Bu ərazi uzun müddət müstəmləkə olub. 
Ancaq islahatlara başlamazdan əvvəlki reallıq ondan ibarət idi ki, təhsilə vahid sistem şəklində baxmaq mümkün deyildi. Britaniya təhsil sisteminin elementləri ilə yanaşı, qonşu Çinin güclü təsiri nəticəsiz ötüşmürdü, məktəblərin böyük bir qismi Çindən maliyyələşirdi, çincə dominantlıq edirdi. 1950-ci illərin sonlarında Sinqapur üçüncü dünya dövlətlərinə xas parçalanmış cəmiyyəti, tam asılı iqtisadiyyatı və inkişaf etməmiş siyasi institutları olan sıradan bir ölkə idi. Müstəmləkə sistemi nə tam mövcud idi, nə də süqut etmişdi, qonşuluqdakı kommunist rejimlər getdikcə güclənirdilər, qaçılmaz qloballaşma haqqında isə siyasətçi və iqtisadçılardan daha çox Qərbmeyilli intellektuallar danışırdılar. Məhz belə bir gerçəklikdə meydana çıxan dünyaya yeni baxışlı idarəçilər komandası başda 35 yaşlı Li Kuan Yunun rəhbərliyi ilə inanılmaz sıçrayışa nail oldu. Qısa dövr ərzində Sinqapur üçüncü dünya dövlətlərindən aralanaraq “elita”ya qədər dəyişməyə nail oldu. 

 

İslahatların əsas təkanverici nöqtəsi

 

Bu tarixi transformasiyanın başlıca uğuru tətbiq edilən islahatlarda məcburiyyət faktorunun öncül mövqeyə çıxarılması idi. İslahatlar cəmiyyətin bütün sferalarını əhatə etmişdi, iqtisadiyyatdan tutmuş siyasətədək. Bu gün iqtisadi rifahı hədsiz yüksək, demokratik təsisatların isə inkişaf etmiş olmasına baxmayaraq, həmin o dəyişikliklərin məhsulu olan təhsil sistemindəki proses müəyyən mənada sərt xarakter daşımaqdadır. Li Kuanın tək bir deyimi bu islahatların fəlsəfəsini əks etdirir: “İngilis dilini hamı bilməlidir, ana dili isə ikinci dil olmalıdır”. Aydın məsələdir ki, onun bu sözləri tənqidsiz ötüşməyəcəkdi, ancaq bugünkü reallıq Yunun nə qədər gerçəkçi olduğunu sübut edir. 35 yaşlı novator yaxşı başa düşürdü ki, ingilis dilsiz tərəqqi etmiş iqtisadiyyatları olan dövlətlər birliyində təmsil olunmaq və güclənən Çinin kommunist təmayüllü cəmiyyət quruculuğu prosesinin təzyiqlərindən qurtulmaq mümkün olmayacaq. 
Təsadüfi deyil ki, islahatların əsas təkanverici nöqtəsi təhsil oldu. Sinqapur təbii ehtiyatlara malik olmayan kiçik şəhər-dövlətdir. Bu səbəbdən innovasiya müəllifləri anlayırdılar ki, irəliyə getmək üçün müasir və rəqabətə dözümlü təhsil institutları formalaşdırılmalıdır. Buna görə də intellektual modernləşmənin əsas missiyası peşəkarların yetişdirilməsinə yönəlmişdi. Savad millətin sosiomədəni birliyini təmin etməli idi. Təhsil sistemi bütünlüklə ingilis dilinə əsaslanan bilinqvizm (Sinqapurun müxtəlif etnik və mədəni qrupları üçün neytral ünsiyyət dili olaraq ingilis dilinin qəbul edilməsi) prinsiplərinin üzərində quruldu. Demək olmaz ki, bu xətt cəmiyyətdə narazılıqlara səbəb olmadı. İlkin mərhələdə islahatçıları kosmopolit adlandıranlar oldu, onları milli özünüdərkə zərbə vurmaqda, milli identikliyin itirilməsində günahlandıranlar çox idi. İllər sonra isə ittihamlara tam zidd mənzərə ortaya çıxdı: məcburi ingilis dilinin tətbiqi, sonra isə ədəbi çincənin inkişafı və milli azlıqların ana dillərinin mühafizəsi şərtilə təhsilin Sinqapur modeli.

 

Bilik və bacarıqları kənara qoyun. Dəyişməyə nə qədər hazırsınız? 

 

Sinqapurun təhsil modeli qabarıq formada göstərir ki, qlobal iqtisadiyyatın məktəbdən tələb etdikləri bizim təsəvvürlərimizdən köklü şəkildə fərqlidir. Bu gün əsas tələb bilik və bacarıqlar deyil, dəyişməyə nə qədər hazır olmağımızdır. İnsanların komanda halında effektiv işləmək bacarığı olduqca mühüm amilə çevrilib. Çağırışları düzgün dərk etmək, yeni ideyalar irəli sürmək bacarıqları bu kontekstdə prioritet amillərdir. Sinqapurda bütün bu dəyişikliklər Təhsil Nazirliyi tərəfindən mütəmadi monitorinq edilir. Nazirlik yeniliklərin başlıca təşəbbüskarıdır və hər iki ildən bir ölkənin təhsil siyasətinə yeni nəyisə əlavə, yaxud köhnə nəyisə aktuallığını itirməsi səbəbilə ixtisar edir. 

Sinqapurun Təhsil Nazirliyində məmur işləmir. Nazirliyin işçilərini üç kateqoriyaya bölürlər: siyasətçilər, inzibatçılar və pedaqoq-professionallar. Nazirliyin ştatı bizlər üçün böyük görünə bilər: 3 min nəfər! Bu kontingentin tən yarısı məktəblərlə işləyən psixoloqlardan ibarətdir. Ölkədə 40 min nəfər müəllim var. Onlar 360 məktəb, 15 kollec və 1,6 min özəl məktəbəqədər müəssisələrdə işləyirlər. Hazırda hökumət ayrıca Məktəbəqədər Təhsil Nazirliyini yaratmaq barədə düşünür. 
Nazirliyin sistemin bütün işçilərindən olduqca sərt tələbləri var və hamı onlara riayət etməlidir. Sistemin öz təsir agentləri var. Bunlar ilk növbədə məktəb direktorlarıdır. Onlar yüksək təhsil və mədəniyyətə sahib, dəyişikliklərin önündə dura biləcək, çoxmillətli Sinqapurun ənənələrinə hörmət edən və hər an öyrətməyə hazır olan liderlərdir. Nazirliyin siyasətinin əsas daşıyıcıları da məhz onlardır. 
İkinci xətdə müəllimlər gəlir. Dövlət müəllimin yetişdirilməsi və qayğısını xüsusi nəvazişlə həyata keçirir. Sinqapurda müəllim peşəsi böyük hörmətə malikdir, imtahanlarda iştirak edən müəllimlərin yalnız 30%-i təhsil ocaqlarında işləmək imkanı qazanır. Müəllimlərin karyera yüksəlişi 3 sadə qaydaya əsaslanır: pedaqoji, inzibati və metodiki. Hər il müəllim 100 saatlıq hazırlıq keçməli və sonda məcburi imtahan verməlidir. Nəticə onun gələcək aqibətini müəyyən edir. 

 

Valideyn: yaxında, amma kənarda

 

Valideynlər Sinqapur təhsil modelinin xüsusi kateqoriya təmsilçiləridirlər. Ekspertlər valideynləri “sistemdənkənar siyasi yardımçılar” kimi qiymətləndirirlər. Burada bir məqamı xüsusilə qeyd etmək lazımdır: Sinqapurda valideynlər həmişə məktəbin yanındadırlar, ancaq hər hansı müdaxilədən söhbət belə gedə bilməz. Yalnız dəstək və kömək! Etimad və məlumatlılıq! Hörmət və bərabərlik! Bir az konkretləşdirək: Sinqapur təhsil sistemi iştirakçıların ciddi riayət olunan iyerarxiyası və eyni zamanda tam bərabərliyinə əsaslanır. Şagirddən tutmuş nazirədək hamı özünü böyük təhsil layihəsinin tərkib hissəsi hesab edir və əmindir ki, “millətin və dövlətin həyatı”nda, uğurunda əvəzolunmaz xidmətlər göstərir. 

MƏKTƏB. Sinqapurda məktəbəqədər təhsil 3-6 yaşlarını əhatə edir. Uşaq bağçalarında uşaqlara ünsiyyəti, ana dilini və hesabı, habelə ingilis dilini öyrədirlər. Bütün uşaq bağçaları özəldir, onlardan bəziləri dini icmalar və fondların himayəsindədirlər. 

Edunews.ru-nun məlumatına görə, orta məktəb 6 yaşdan başlayır və iki mərhələyə bölünür: 1-4 cü (əsas) və 5-6-cı siniflər (təmayüllü). Orta təhsil almaq məcburi və pulsuzdur. Əsas mərhələnin proqramına ingilis və ana dili (tamil, malay və Çin dili), riyaziyyat, vətəndaşlığın əsasları, məcburi rəsm, bədən tərbiyəsi və musiqi dərsləri daxildir. 3-cü sinifdən texniki fənlərin keçilməsinə başlanılır. Təhsil başa çatdıqda növbəti mərhələyə keçmək üçün imtahan (PSLE) verilir. 
Orta məktəb bir neçə istiqamətə bölünür: xüsusi, “ekspress”, akademik və texniki. Uşaqlar məhz həmin PSLE imtahanlarının nəticələrindən asılı olaraq bu istiqamətlər üzrə paylaşdırılırlar. Orta məktəbdə təhsil adətən 4 il davam edir, ancaq onun akademik və inteqrə edilmiş profilliyi baxımından 5-6 il də çəkə bilər. Xüsusi və “ekspress” təhsili akademik və texnikidən fərqləndirən cəhətlər var. İlk iki istiqamət ana dilinin daha dərin tədrisini nəzərdə tutur. Bu istiqamətləri bitirən şagirdlər imtahan verib tam orta təhsil attestatını alırlar (O-Level). Akademik və texniki istiqaməti bitirənlər isə N-səviyyəli attestata (N-Level) yiyələnirlər. İkinci səviyyə birincidən aşağı hesab olunur. Ona görə də O-Level sahibləri kollec, institut və texnikumlara, N-Level alanlar isə texnoloji və mərkəzləşdirilmiş institutlara daxil olurlar. 

Orta məktəbi bitirəndən sonra məzunlar təhsillərini məktəbdən sonrakı təhsil müəssisələrində davam etdirə bilərlər. Bunlara natamam kolleclər, texnikumlar və texniki təhsil institutları aiddir.

Natamam kolleclərdə oxumaq üçün O-Level attestatı kifayət edir və 2 il çəkir.

Bitirdikdən sonra onlara A-Level attestatı verilir. 

Texnikumlarda isə təhsil O-Level attestatı ilə 3 il çəkir. Aldıqları diplom onların universitetlərə girməsinə yetərli sayılmır, ancaq xüsusi istedadlılara belə imkanlar yaradılır. 

Texniki təhsil institutları O-Level və N-Level attestatları olanları qəbul edirlər. Təhsil 1-2 il davam edir. Bitirdikdən sonra yaxşı oxumuş uşaqlara diplom almaq üçün texnikumlara daxil olmaq şansı verilir. 

ALİ TƏHSİL. Universitetlərə daxil olmaq üçün natamam kollecləri bitirənlər qəbul imtahanları verməli, əlavə dərs və seksiyalarda iştiraklarını təsdiq edən sənədlər təqdim etməli, lazım gələrsə, xüsusi sınaqlardan - müsahibələrdən keçməlidirlər. 
Texnikum məzunları O-Level attestatlarını və davamiyyət göstəricilərini təqdim etməli, müsahibə yolu ilə əlavə imtahan verməlidirlər. 

Sinqapur universitetlərində bakalavr təhsili 3-4, magistr pilləsi 1-3 ili əhatə edir. Elmlər doktoru olmağa 2,5 il sərf olunur. Ölkədə 3 dövlət universiteti var: Nyanyanq şəhərinin Texnoloji Universiteti, Sinqapurun Milli Universiteti və Sinqapur Menecment Universiteti. Son zamanlar Qərb universitetlərinin filialları da fəaliyyət göstərməyə başlayıblar. 

 

Tənqidsiz islahat?

 

Sinqapurun təhsil sistemi həddindən ziyadə sərt və elitarlığa hesablanmış model kimi tənqid olunur. Bildirilir ki, Qərbdəki sistemlərdən fərqli olaraq Sinqapurda kreativliyə imkan verilmir. Hazırkı sistemin müdafiəçiləri deyirlər ki, nə qədər tənqid etsəniz də, bizim şagird və tələbələr hər il dünya üzrə yüksək göstəricilərə sahib olurlar. Tənqidçilər isə buna cavab olaraq bildirirlər ki, bu göstəricilər düşüncə səviyyəsi deyil, uşaqların və gənclərin konkret beynəlxalq yarışlara hazılandıqlarının məhsuludur. 
Desək ki, Təhsil Nazirliyi bu tənqidləri qulaqardına vurur, yanlışlıq olar. Sinqapur modelinin özəlliyi budur ki, hökumət sərt xətti davam etdirir, ancaq tənqidləri nəzərə almaqla: şagird və tələbələrin yaradıcı və tənqidi dünyagörüşlərinin inkişaf etdirilməsi istiqamətində müxtəlif layihələr həyata keçirilir. 

Təhsilin Sinqapur modelini çox vaxt Cənubi-Şərqi Asiya xalqlarının mətbəxinə bənzədirlər: eyni zamanda turşməzə, acı və şirin, hərdən çox acı, amma hədsiz dadlı. Həm unudulmaz, həm də tanış. Sinqapur təhsil sisteminin də inqrediyentləri bu mətbəx kimidir - dünyanın dörd bir yanından toplanıb Sinqapura cəlb edilən ənənələrə söykənərək elə həmin dünyaya ixrac edilən unikal mütəxəssislər yetişdirən müəssisə. Sinqapurun “sərhədsiz təhsil”ini bundan yaxşı necə tərif etmək olar?

 

P.S. Sinqapur hökumətində dünyanın fərqli guşələrindən ağıllı adamları “oğurlayıb” onlardan yararlanmaq üçün ölkəyə cəlb edən xüsusi vəzifə də var...

 

Rüstəm QARAXANLI

Azərbaycan müəllimi