27.05.2017

“Bakı-2017”nin döyünən ürəyi atletlər, oyunların geniş qəlbi könüllülər...

IV İslam Həmrəyliyi Oyunlarında tələbə-könüllülər hazırlıq səviyyələri və peşəkarlıqları ilə xüsusi rol oynayıblar

 

Ölkəmiz özünün daha bir mötəbər tədbirini uğurla başa çatdırdı. Mayın 12-dən 22-dək paytaxtımızda hər bir kəsə əsl bayram ab-havası yaşadan IV İslam Həmrəyliyi Oyunları möhtəşəmliyi ilə ölkəmizin tarixində növbəti yaddaqalan hadisəyə çevrildi. İslam dünyasının idman nəbzi 10 gün ərzində Bakıda döyündü. Paytaxtın bütün beynəlxalq standarlara cavab verən 16 idman arenası ötən on gün ərzində heç bir çətinlik yaratmadan fəaliyyət göstərdi. Burada yaradılan şərait həm idmançıların, həm də tamaşaçıların ürəyincə oldu. Qeyd edək ki, idmanın 24 növü üzrə keçirilən yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə apardılar. Hamıdan çox qızıl medal qazanan atletlərimiz bütövlükdə 162 medalla (75 qızıl, 50 gümüş və 37 bürünc) birinci olaraq xalqımızı parlaq qələbələri ilə sevindirdilər. Azərbaycan 54 İslamiada ölkəsinin birincisi oldu.

IV İslam Həmrəyliyi Oyunlarını stadionlarda birbaşa izləyənlər Azərbaycan idmançılarının qələbələrinin sevincini onlarla birlikdə yaşamaqla bərabər, yarışların necə mütəşəkkil və yüksək səviyyədə keçirilməsinin bir daha şahidi oldular. Oyunların keçirildiyi müddət ərzində, sözün yaxşı mənasında, diqqəti özünə çəkməyi bacaranlar isə yenə də tələbə-könüllülərimiz oldu. İslamiadanın iştirakçıları olan istər idmançılar, istərsə də yerli və əcnəbi tamaşaçılar, qonaqlar könüllülərimizin xoş münasibətindən, səmimi ünsiyyətindən, hazırlıq səviyyəsindən, peşəkar işindən olduqca məmnun qaldılar.

Elə mayın 23-də Təhsil Nazirliyində IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən könüllülərlə bağlı keçirilən brifinqdə də Azərbaycanın tələbə-könüllülərinin uğurlu fəaliyyəti xüsusi qeyd olundu.

“IV İslam Həmrəyliyi Oyunları şanlı tariximizə ən yaddaqalan tarixi qələbə kimi yazıldı. Dünyaya sülhsevərliyini nümayiş etdirən ölkəmiz yenə öz gücünü, qüdrətini və yüksək təşkilatçılıq qabiliyyətini göstərdi”, - deyən təhsil nazirinin müavini Firudin Qurbanov könüllülərin də iştirak etdiyi brifinqdə media nümayəndələri ilə təəssüratlarını bölüşdü. Qeyd etdi ki, IV İslam Həmrəyliyi Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi hər birimizdə böyük qürur hissi doğurdu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük diqqət və qayğısı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın yüksək təşkilatçılıq bacarığı nəticəsində tələb olunan infrastrukturun yaradılması, digər hazırlıq işlərinin görülməsi Oyunların yüksək səviyyədə keçirilməsinə zəmin yaradıb.

 

Təhsil Nazirliyinin idman müəssisələrinin 18 yetirməsinin 8 medalı

 

Nazir müavini bildirdi ki, oyunlarda iştirak edən idmançılar arasında Təhsil Nazirliyinin uşaq-gənclər idman məktəblərinin 18 idmançısı da var. Onlar 8 idman növü üzrə milli yığma komandaların tərkibində iştirak ediblər. Həmin idmançıların 6 nəfəri bu oyunların mükafatçısı olub və 4 qızıl, 4 bürünc olmaqla, ümumilikdə 8 medal qazanıb. 
IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliğatı da diqqətdə saxlanılıb. Belə ki, Təhsil Nazirliyi tərəfindən cari ilin mart-aprel aylarında IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri keçirilib. Nazir müavini bununla bağlı görülən işlər barədə də ətraflı məlumat verdi. Diqqətə çatdırıldı ki, kütləvi idman tədbirlərinin keçirilməsində məqsəd IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliği, onların idmana marağının artırılması, məktəblilərin sağlam həyat tərzinə cəlb edilməsidir.
Ötən müddət ərzində ölkənin 76 şəhər və rayonu əhatə olunmaqla sərbəst güləş, yunan-Roma güləşi, cüdo, taekvando, karate, boks, atletika, stolüstü tennis, basketbol, akrobatika gimnastikası, bədii gimnastika idman növləri üzrə 50 zona yarışları təşkil edilib. Həmin yarışlara 70 minə yaxın məktəbli qatılıb, 600-dən çox fiziki tərbiyə müəllimi cəlb olunub, oyunları 100-ə yaxın hakim idarə edib.

Bundan başqa, Dənizkənarı Milli Park ərazisində IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş məktəblilərin iştirakı ilə yürüş, fləşmob və konsert keçirilib. 1500 nəfərə yaxın məktəblinin qoşulduğu yürüşün ardınca 350 məktəblinin iştirakı ilə IV İslam Həmrəyliyi Oyunlarının loqotipi qurulub. Eyni zamanda yürüş zamanı oyunlarda iştirak edəcək islam dövlətlərinin bayraqları nümayiş olunub. Bundan başqa, IV İslam Həmrəyliyi Oyunlarının təbliği məqsədilə respublika təsviri sənət müsabiqəsi də keçirilib. 

 

“Siz dünyaya səmimiyyətinizi və iradənizi göstərdiniz”

 

“Bakı - 2017” IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsinin həm də böyük insan resursları hesabına başa gəldiyini söyləyən nazir müavini bu işdə tələbə-könüllülərin xüsusi rolu olduğunu vurğuladı. Bu könüllülər Azərbaycanın müxtəlif regionlarında təhsil alan yaşı 16-dan yuxarı olan məktəblilər, ali və orta ixtisas müəssisələrinin tələbələridir. Bakı, Sumqayıt, Gəncə, Şəki, Lənkəran, Mingəçevirdə təhsil alan könüllülər İslam Oyunlarının keçirilməsinə öz töhfəsini veriblər. Tələbə-könüllülər oyunların keçirildiyi müddətdə idmançılara və rəsmi şəxslərə kömək edib, tamaşaçılara, ictimaiyyətə, əcnəbi qonaqlara, turistlərə və media nümayəndələrinə xidmət göstəriblər.

Onu da qeyd edək ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılmış “BİR” Tələbə-Könüllü Proqramı könüllülərin məlumatlandırılmasında və toplanmasında çox mühüm rol oynayıb. İslam Oyunlarının keçirilməsi və bu tədbirdə könüllülük fəaliyyəti ilə bağlı Azərbaycanın 6 şəhərinin ali və orta ixtisas təhsili müəssisəsində 20 mindən çox tələbənin iştirakı ilə 100-dən artıq görüş keçirilib.

Ümumiyyətlə, könüllülər indiyədək ölkəmizdə keçirilmiş mötəbər tədbirlərdə hər zaman fəal iştirak ediblər. Belə ki, “Bakı-2015” Birinci Avropa Oyunlarına 12 min, “Bakı Marafonu-2017”-yə 350, “Formula 1” Avropa Qran-Prisinin təşkilinə 3000-dən artıq, IV İslam Həmrəyliyi Oyunlarına isə 11 mindən çox tələbə-könüllü cəlb olunub, onlardan 3600-ü açılış və bağlanış mərasimlərində iştirak edib. 23-25 iyun tarixlərində keçiriləcək “Formula 1” Azərbaycan Qran-Prisinə isə 3500-ə yaxın tələbə-könüllü qoşulacaq.
Könüllülər uğurlu fəaliyyətləri, nümayiş etdirdikləri peşəkarlıqları ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın növbəti dəfə rəğbətini qazandı. Mayın 22-də Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının təntənəli bağlanış mərasimindəki çıxışında Mehriban Əliyeva bildirib: “Əziz könüllülər, çox sağ olun: qonaqlarımız özlərini evlərindəki kimi hiss etdilər. Siz bu Oyunların uğurlu olmasında böyük rol oynadınız. Əgər atletlər “Bakı-2017”nin döyünən ürəyidirsə, siz bu Oyunların geniş qəlbi idiniz. Siz dünyaya səmimiyyətinizi və iradənizi göstərdiniz. Mən gördüyünüz işlərə görə hər birinizə olduqca minnətdaram”. Bütün varlığı ilə Vətəninə bağlı olan, doğma Azərbaycanın dünyada layiqincə tanınmasında xidmətləri olan, səmimiyyəti və üzügülərliyi ilə insanların qəlbində xoş izlər buraxan gənclər üçün bu gözəl sözlər bir stimuldur.

 

Tələbə-könüllülərə güzəştlər olunacaq

 

IV İslam Həmrəyliyi Oyunlarında daha çox Bakının ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri cəlb edilib. Yarışlarda Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universitetinin tələbə-könüllüləri üstünlük təşkil edib. Nazir müavini könüllülərin belə mötəbər tədbirlərdə iştirakını onlar üçün bir məktəb olduğunu , tələbələrin burada əldə etdiyi təcrübənin, müəyyən bilik və bacarıqlarının gələcək iş həyatlarına əhəmiyyətli təsir göstərəcəyinə əmindir.

Firudin Qurbanov İslamiadanın məşq proseslərində iştirak edən könüllülərin bəzi dərslərdə, tədris prosesində iştirak edə bilməməsi məsələsinə də toxunub. Nazir müavininin sözlərinə görə, bununla bağlı nazirliyin bütün təhsil ocaqlarına tapşırıq və tövsiyələri olub ki, könüllülərin dərslərdə iştirak etməmələri üzrlü hesab edilsin: “Kurs işi, diplom işinin müdafiəsində iştirak edə bilməyən könüllü-tələbələr üçün əlavə vaxt ayrılacaq. Bu çətinlik əsasən IV kursda olub, çünki İslamiadanın məşqləri onların imtahan sessiyası dövrünə düşüb. Bu proses tənzimlənəcək. Ali məktəb rəhbərlikləri bu barədə məlumatlıdırlar və lazımi işlər görüləcək. Ölkəmiz üçün siyasi, iqtisadi, mədəni əhəmiyyət daşıyan mötəbər yarışda iştirak edən tələbə-könüllülərə bütün zəruri güzəştlər göstəriləcək”.

 

Könüllülük sözlə ifadə olunmayan bir hissdir...

 

Tələbə-könüllülər bu fikirdədirlər. Azərbaycan Memarlıq və İnşaat Universitetinin inşaat fakültəsinin II kurs tələbəsi Səfər Məmmədov ölkəmizə gələn əcnəbilərin Azərbaycana valeh olduğunu deyir. Könüllü olmasından və ölkəsi üçün çalışmasından qürur duyduğunu söyləyən S.Məmmədov burada yeni dostlar da qazandığını bildirdi. 
Xədicə Xanlayeva Bakı Slavyan Universitetinin beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin II kurs tələbəsidir. Bu yarışmalara qatılmaqla böyük təcrübə keçdiyini , hər gün yeni-yeni, tam fərqli insanlara yardımçı, tamaşaçılarla ünsiyyətdə olmaqdan xüsusi zövq aldığını qeyd etdi. 

7 dil bilən Bakı Slavyan Universitetinin tərcümə fakültəsinin III kurs tələbəsi Məmmədəli Həsənov IV İslam Həmrəyliyi Oyunlarında könüllülük mədəniyyətinin artdığını, könüllülərin ictimaiyyət tərəfindən daha arzuolunan şəxslər kimi qəbul edildiyini, fərqli dilə, mədəniyyətlərə malik insanlarla tanışlığından məmnun olduğunu söylədi.

Həmsöhbətimiz olan digər tələbə-könüllülər də idman yarışları boyunca könüllülük fəaliyyətlərinin maraqlı keçdiyini, həyata pozitiv münasibətli insanlarla bir arada olmaqdan razı qaldıqlarını bildirdilər. “Könüllülük sözlə ifadə olunmayan bir hissdir” - deyən tələbələr bu hissi yaşadıqları üçün məhz onları seçən, rahat işləmələri üçün şərait yaradan hər bir kəsə könüllülər adından təşəkkür etməyi də unutmadılar.

 

Samirə KƏRİMOVA

Azərbaycan müəllimi