15.06.2017

Təhlükəsiz məktəb, arxayın valideyn

Məktəblinin dostları hamının dostu olur

 

2016-2017-ci tədris ili başa çatdı. “Məktəblinin dostları” bu tədris ilində start götürən ən uğurlu layihələrdən biri oldu. Hazırda layihə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 30 ümumi təhsil müəssisəsində pilot olaraq həyata keçirilir. Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə reallaşdırdığı layihənin məqsədi tədris prosesinin sağlam, təhlükəsiz, əlverişli psixoloji mühitdə təşkil edilməsi, valideynlərin övladlarının təhsil şəraiti barədə məlumatlılığının və məmnunluğunun artırılmasıdır. Qeyd edək ki, Azərbaycan təhsil sistemində ilk dəfə olaraq gerçəkləşdirilən “Məktəblinin dostu” layihəsi dünyanın müxtəlif ölkələrində müxtəlif adlarla uğurla sınaqdan çıxarılıb. Burada əsas hədəf məktəb-təhsilalan-valideyn üçbucağının tərəfləri arasında üfüqi ünsiyyətin qurulması və hədəf olaraq təhsilalana ahəngdar özünü gerçəkləşdirmə imkanları yaratmaqdır. “Məktəblinin dostu” layihəsinin 5 koordinatorundan biri Fərrux Hüseynovun sözlərinə görə, 6 ay ərzində çoxsaylı layihələr həyata keçiriblər. Hər biri də məktəbdə təhlükəsiz mühit yaratmağa xidmət edib. Layihələr çərçivəsində məktəblərin pedaqoji kollektivi ilə maarifləndirmə diaqnostik işlər aparılıb, şagirdlərin hər yaş mərhələsində şəxsi və intellektual inkişafına, həmçinin asudə vaxtlarının səmərəli təşkil edilməsinə kömək etməyə cəhd göstərilib. Nəticə göz qabağındadır. 30 məktəb bir ailəyə çevrilib.

 

Məktəblinin dostları kimlərdir?

 

Onlar 800 nəfərin arasından seçiliblər. Ən uyğun 370 nəfərin 200-ü təlimlərə cəlb edilib. Təlimləri uğurla başa vuranlar məktəblinin dostu təyin edilib.
Hazırda 50000 şagirdi əhatə edən layihədə 112 məktəblinin dostu iştirak edir. Əsasən pedaqoqlardan təşkil edilən bu komanda fəaliyyət göstərdiyi ilk 6 ay ərzində artıq öz sözünü deyib. Elə bunun nəticəsidir ki, məktəblinin dostlarını özünə dost sayan şagirdlərin sayı 50000-i çoxdan aşıb. Bunu demək və dediyinə inanmaq üçün təkcə 308 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən 4 məktəblinin dostu ilə söhbət kifayətdir. 

 

Bu qapı... bizim qapı...

 

Sizcə, gün ərzində məktəblinin dostlarına aid məktəb otağının qapısı neçə dəfə döyülür? Ümumiyyətlə, heç döyülürmü?

Reportaj əsnasında müşahidələrimiz göstərdi ki, istənilən şagird qapını açıb içəri girir.

Axı burda onların dostları var.

Bu etimad elə-belə yaranmayıb. Onun bir zəmini var. Belə ki, Dilarə Quluzadə, Mülayim Həmidova, Zülfüqar Nuriyev, Samirə Abbasova 6 aylıq fəaliyyət dövründə məktəblilərin tam güvənini qazanıblar.

 

Məktəblinin dostlarının bir iş günü 

 

Məktəblinin dostları hər gün səhər saat 7.30-dan iş başındadır. Şagirdləri onlar qarşılayıb, elə onlar da yola salırlar. 

Məktəblinin dostlarının iş günü onlara məxsus otaqdan başlayır. Ancaq onların hər birinin bu otaqda 40 dəqiqədən çox qaldığı görülməyib. Çünki məktəbdə ilk dərsin zəngi çalınan kimi məktəblinin dostlarından biri monitorun arxasına keçir, digər üçü isə məktəbin binasını və bütün ərazisini gəzir.
Beləliklə, bu otaqdan bir baxışdaca hər yeri görmək, binanın hər sinfini, hər dəhlizini izləmək mümkündür. Kameralaşmış sistem məktəblinin dostlarına bütövlükdə məktəbə nəinki nəzarət etmək, yaranan hər hansı problemi sonradan araşdırmağa da imkan verir. 

Kameraların görmədiyi yerlər də onların gözündən qaçmır. Belə ki, məktəblinin dostlarının hər biri tez-tez tualetlərə baxır, ağlagəlməz yerləri nəzərdən keçirir. Bununla gizli-gizli siqaret çəkən, dərsdən yayınan, məktəbliyə yaraşmayan niyyətlərə düşən, bir sözlə, zərərli vərdişlərə qurşanan azyaşlı dəcəlləri pis əməllərdən yayındırırlar. Onların güclü nəzarəti nəticəsində məktəbə daxil olmaq istəyən kənar şəxslərin də qarşısı alınır.
Sonuncu şagird məktəbi tərk edəndən sonra məktəblinin dostunun da iş vaxtı bitir. 

 

Məktəblinin dostu indiyədək...

 

Ötən 6 ayda 72 nömrəli tam orta məktəbdə yanğının, Sabunçu rayon ərazisindəki məktəblərdə uşaqların pulunun əlindən alınması faktlarının qarşısını alıb. Onlar məktəblərə daxil olandan məktəblilərin siqaret çəkməsi halları 80 faiz azalıb. Təsəvvür edin, məktəblinin dostunun gəlişinədək 308 nömrəli tam orta məktəbdə spirtli içki qəbul edib məktəbə gələnlər belə olub. 

Artıq onların qoyduğu qaydalar qüvvədədir

 

Məktəb ərazisində belə halların qarşısı tamamilə alınıb. Onlar əminliklə deyirlər ki, məktəblinin dostu olan məktəbdə artıq belə faktların qeydə alınması mümkün deyil. Məktəblinin dostları sadəcə şagirdlərin deyil, elə məktəb rəhbərliyi və müəllimlərin, hətta valideynlərin belə məktəb ərazisində siqaret çəkdiyini görərsə, irad bildirir və təkrarlanmasına yol vermirlər. Odur ki, övladını götürməyə gələn və məktəb ərazisində gözləyən valideynlər də bu qaydalara əməl edir.

 

Məktəblinin dostunun müşahidələri

 

Məktəblinin dostlarının 6 ay ərzində çox maraqlı müşahidələri var. Onların sözlərinə görə, məktəblilərin problemləri yaş qrupuna uyğun olaraq dəyişir. Tutaq ki, aşağı siniflərdə ən çox rast gəlinən adaptasiya problemidirsə, yuxarı siniflərdə ərgənliklə bağlı ortaya çıxan reaksiyalar, xüsusiyyətlər, konflikt və mübahisələrdir. 
Birinci siniflər və məktəbə hazırlığa qatılan uşaqlarda məktəbə adaptasiya prosesi ləng gedir. Ağlayan, müəllimlərə alışa bilməyən, anasını görmək və evə getmək istəyən uşaqlara tez-tez rast gəlirlər. Ancaq məktəblinin dostları bu problemi də yoluna qoyur. 
Şagirdlərlə səmimi münasibət onları gündəlik müşahidə etməyə imkan verir. Beləliklə, məktəblinin psixoloji problemləri onun dostunun nəzərindən yayınmır. Yaxşı oxuyan şagirdin qiymətlərinin düşməsindən tutmuş hər hansı müşahidə etdikləri qeyri-adi davranışa qədər heç bir problemə biganə qalmırlar. Sıxıntısının ailədən, yoxsa məktəbdən qaynaqlandığını araşdırırlar. Bəzən araşdırmağa heç ehtiyac qalmır. Dost hesab etdikləri üçün məktəblilərin özü onlara yaxınlaşıb problemlərini danışırlar. Yəni məktəblinin ilk psixoloqu, ilk yardım göstərəni elə dostlarıdır. 

 

Problem onların boyunu aşanda...

 

Ancaq məktəblinin dostunun əlindən gəlməyən, gücü çatmayan, səlahiyyəti imkan verməyən problemlər də ortaya çıxır. Bunun üçün də Psixoloji Mərkəz var. Burada 8-9-cu sinif şagirdlərinin karyera planlamasından tutmuş nisbətən ağır psixoloji problemlərini aradan qaldırmağa qədər hər məsələdə yardımçı olmağa çalışırlar. Layihənin həyata keçirildiyi ilk 6 ay ərzində 200-dən artıq şagird valideyninin razılığı ilə psixoloji mərkəzə cəlb edilib. Həmin şagirdlərin arasında adaptasiya problemi olanlar, hər hansı xəstəliyini kompleksə çevirənlər, danışmaq və ünsiyyət qurmaqda çətinlik çəkənlər, aqressivlik göstərənlər, əsəblərinə hakim ola bilməyənlər, tez-tez dava salan, ya da həddən artıq qapalı olanlar xüsusilə üstünlük təşkil edib. Həm valideyn, həm də müəllimləriylə problem yaşayan məktəblilərə də psixoloji dəstək verilib. Psixoloji Mərkəzə müraciət edənlər arasında hiperaktiv uşaqlar xüsusilə çox olub.

 

Bəs vəziyyətdən necə çıxırlar? 

 

Deyilənlərdən belə çıxır ki, məktəbdə məktəblinin dostlarının çətinliklərlə qarşılaşması qaçılmazdır. Yetkinlik yaşına çatanlarla münasibət qurmaqda evdə valideyninin belə çətinlik çəkdiyini nəzərə alsaq, özü hələ gənc olan məktəblinin dostları bu vəziyyətdən necə çıxış yolu tapır?

Məktəblinin dostu Dilarə Quluzadə deyir ki, şagirdlərin aqressiv reaksiyaları ilə yuxarı siniflərdə oxuyanlarla münasibətdə daha çox qarşılaşır: “Bu məsələyə psixoloji təlimlərdə xüsusi diqqət ayrılıb. Bizi buna qabaqcadan hazırlayıblar. 9-10-cu sinif şagirdi olan oğlan kobud ifadə səsləndirə və hər hansı xoşagəlməz davranış göstərə bilər. Biz o vəziyyəti yaratmamalıyıq. Bundan çıxış yolunu təlimlərdə öyrəndiklərimizdən, öz təcrübəmizdən bilirik. Üstəlik, hər birimiz ali təhsilliyik. Mən Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişəm, ixtisasca müəlliməm. Yəni, həmin uşaqlardan daha təcrübəli və hazırlıqlıyıq. Nə vaxt necə davranacaqlarını əvvəlcədən təxmin edə bilirik. Şagirdin nəyə cəhd etdiyini dərhal anlayır və onun istəyinin baş tutmasına imkan vermirik”. 

308 nömrəli tam orta məktəbdə qarşılaşdığı bir fakta toxunan M.Həmidova məktblilərdən birinin fobiyasından danışıb: “Sinifdən titrəyərək çıxdığını gördüm. Dərhal müdaxilə etməyə çalışdım. Amma şagird ona yaxınlaşmağa, toxunmağa imkan vermir, daha çox titrəyirdi. Məktəblinin dostlarından biri - Zülfüqar Nuriyev ixtisasca psixoloq olduğundan onun dilini tapdı. Sən demə, bu vəziyyətdə onu yalnız əl və saçlarına toxunmaqla sakitləşdirmək mümkün olur. Bədəninin istənilən başqa yerinə toxunmaq tutmalarını daha da intensivləşdirir. Ailəsi və uşaq özü bu barədə məlumatlı olsa da, belə bir probleminin olduğunu məktəbdə heç kimə deməmişdi. Hadisədən sonra sinif yoldaşlarına onunla davranış qaydası barədə məlumat verdik”.

 

Məktəblinin dostu - şagird 

 

Başqa bir faktda, məktəblinin dostları 308 nömrəli tam orta məktəbin xərçəng xəstəliyindən əziyyət çəkən bir şagirdini xoşbəxt ediblər. M.Həmidova: “Uzun müddətdir ki, həmin şagirdimiz məktəbə gələ bilmirdi. Beynindəki şiş onun ətraf orqanlarının iflicinə səbəb olub. Bir neçə dəfə əməliyyat olunsa da, hələlik ciddi bir dəyişiklik yoxdur. Ancaq yaxşılaşacağına ailəsinin ümidi var. 8-ci sinifdə oxuyan həmin uşağın valideyni onu yoldaşları ilə görüşməsi üçün məktəbə gətirəcəkdi. Sinif yoldaşları da onun üçün sürpriz hazırlamaq istədilər. Bunun üçün bizə müraciət etdilər. Təbii ki, nə lazımdırsa, etdik. Şagirdimiz və anası həmin gün bəlkə də dünyanın ən xoşbəxti idi. Bilmirdi ki, necə təşəkkür etsin”.

M.Həmidovanın sözlərinə görə, bu cür vəziyyətlər onların şagirdlərlə münasibətlərini daha da yaxınlaşdırıb. İndi tədbirlərini məktəblinin dostları olmadan təsəvvür etmirlər. Məsələn, öz hesablarına ekskursiya təşkil edən siniflərdən biri məktəblilərin dostlarına onlara qoşulmağı təklif edib: “Təbii ki, iş günü olduğundan bu, mümkün deyildi. Lakin həmin uşaqların bu arzusunu yayda reallaşdırmaq niyyətindəyik. Onlarla ekskursiya planlaşdırırıq. Artıq elə bir tədbirləri yoxdur ki, bizsiz olsun. Elza adlı bir şagird dostumuz var. Bizə yaxınlaşıb doğulduğu gün olduğunu, onu təbrk etməyimizi istədi. Ancaq şərti də vardı. Bunu elə etməliydik ki, guya onun üçün sürprizdir. Təbii ki, istəyini yerinə yetirdik. Sinfə daxil olub yoldaşlarının yanında onun doğum gününü qeyd etdik. O qədər sevindi ki... Ümumiyyətlə, məktəblilərin doğum günü təbriklərini məktəblinin dostu lövhəsində yerləşdiririk”.

 

Uşağı bəzən öz valideynindən də qoruyurlar

 

M.Həmidova danışır ki, məktəbdə ailə zorakılığına məruz qalan uşağa da kömək ediblər: “Şagirdlərimizdən birinin əllərində yanıq müşahidə etdim. Əvvəlcə, mənə əllərini göstərib qaynar su ilə yandırdığını söylədi. Ancaq sonradan söhbət əsnasında anasının onu dağladığını etiraf etdi. Oğurluq etdiyi üçün cəzalandırılmışdı. Əvvəlcə uşağa tibbi yardım göstərdik. Sonra uşağın valideynini məktəbə çağıraraq onunla söhbət apardıq. Özü də etiraf etdi ki, sonradan peşman olub. Barəsində danışdığım uşağın oğurluqdan savayı, ünsiyyət problemi də vardı. Çox nadinc idi. Yuxarı sinif şagirdlərinin yanında daha çox olurdu. Davranış pozuqluqları müşahidə olunurdu. Onunla mütəmadi söhbətlər apardıq. Artıq həmin problemləri yoxdur”.

 

Şiddətə meyilli müəllimlər məktəblinin dostunun hədəfində

 

Valideynin olduğu kimi, dərs prosesində müəllimin də əsəbləri gərilə bilir. Bəziləri bu vəziyyətdə şagirdlərə şiddət göstərir. Məktəblinin dostları 308 nömrəli tam orta məktəbdə də belə faktla qarşılaşıb. Lakin sayca az olan bu cür faktların qarşısı tamamilə alınıb. Belə müəllimlərə xəbərdarlıq olunub və onlar öz fəaliyyətində həmin iradı nəzərə alıb.

Ümumiyyətlə, indiyədək məktəblinin dostlarının sözlərinə görə, layihənin icra olunduğu məktəblərin hamısında 1-2 belə fakt olub. Bunu müşahidə edən məktəblinin dostu prosedura uyğun olaraq müəllimə zorakılığın tərbiyə üsulu olmadığını deyib.
Qeyd edək ki, məhəl qoymayanlara qarşı məktəblinin dostlarının hər hansı tədbir görməsi mümkün deyil. Belə səlahiyyəti olmayan məktəblinin dostu fakt barədə məktəb rəhbərliyinə müraciət və hadisəni aktlaşdırıb layihə rəhbərinə təqdim edə bilər. Bir sözlə, məktəblinin dostlarının səlahiyyətləri onlara yalnız müəllimə xəbərdarlıq etməyə və bu davranışın təkrarlanmasının qarşısını almağa yönəlik addımlar atmağa imkan verir. Belə ki, müəllimlər söhbət apara bilər, ancaq cəza tətbiq edə bilməzlər.

 

Məktəblinin dostu məktəbdən kənarda da...

 

Məktəblilər onlarla məktəbdən kənarda da münasibət qurmağa, danışmağa canfəşanlıq göstərirlər. Məktəblilər onlara tanış olan bu simalara küçədə, avtobusda, parkda da yaxınlaşa, kömək istəyə bilir. Hətta məktəbdən kənarda bir uşağın sevinclə valideyninə: “O, məktəblinin dostudur, onu tanıyıram” deməsi onlar üçün dünyanın ən böyük mükafatıdır. 

Dilarə Quluzadə onlara olan bu sevgini 112 icraçısından biri olduğu layihənin niyyəti ilə əlaqələndirib: “Niyyəti də gözəldir layihənin: “Təhlükəsiz məktəb, arxayın valideyn”. Biz uşaqların maksimum təhlükəsizliyini təmin etmək üçün burdayıq”.

 

Yay Məktəbi

 

Məktəblinin dostlarının 6 aylıq fəaliyyətindən göründüyü kimi, bu layihə daim yeniliklər gətirir. Məktəblinin həyatında məktəbin rolunu artırır, valideynin yükünü azaldır. Bu yay üçün nəzərdə tutduqları plan da məhz bu qəbildəndir. Belə ki, gələn aydan 30 məktəbin hər birində yay məktəbi təşkil ediləcək. “Məktəblinin dostu” layihəsi çərçivəsində tam ödənişsiz olacaq yay məktəblərinin qonaqlarının siyahısı artıq müəyyənləşib də. Məsələn, 308 nömrəli tam orta məktəbdə iyul ayı ərzində 5 və 6-cı sinif şagirdləri, avqustda isə 7 və 8-ci sinifdə oxuyan 116 şagird öyrənəcək və əylənəcək.

Məktəblərin hamısında eyni proqram tətbiq ediləcək. Məşğələlər hər səhər saat 9-dan günorta saat 2-yə qədər davam edəcək. Burada maarifləndirici və motivasiya təlimləri olacaq. 7-8-ci siniflər üçün karyera planlama təlimləri də nəzərdə tutulub. Həmin təlimlərdə onlara düzgün ixtisas seçimi öyrədiləcək və ali təhsil müəssisələrinə ekskursiyalar təşkil ediləcək. Uşaqlar hər hansı ixtisas və ya peşə üzrə tanınmış mütəxəssislərlə görüşəcək. Məsələn, yay ərzində riyaziyyatçı, aşpaz, pilot uşaqların qonağı ola bilər. 

Bundan başqa, yay məktəbində kino günləri olacaq. Seçilmiş filmlər onlar üçün maraqlı bir ortamda təqdim ediləcək. Kino seçimində də diqqətli olan məktəblinin dostları filmə əvvəlcə özləri baxır, sonra uşaqlara göstərir və onlarla birgə müzakirə edirlər: “Məsələn, narkotiklə bağlı film seçərək uşaqları narkotik əleyhinə maarifləndirdik. Yuxarı sinif şagirdlərini akt zalında toplayıb, əvvəlcə filmi göstərdik, sonra onlarla müzakirə etdik və həmin vərdişin insan həyatı üçün fəsadlarını şagirdlərə ətraflı izah etdik”. 

Yay məktəbində sadəcə kino deyil, futbol, intellektual oyunlar günü keçiriləcək. Mövsüm ərzində rəqs, musiqi festivalları, badminton və qızlar üçün voleybol yarışları təşkil olunacaq, məktəblilər fabrik və zavodlara, tarixi yerlərə ekskursiyalar edəcəklər.
Bir sözlə, yay məktəbi şagirdlərin istirahətinə maraq qatacaq. Ancaq ən çox valideynlərin işinə yarayacaq. Onlar arxayın olacaq ki, uşağı məktəblinin dostlarının nəzarətində öyrənir və əylənir. 

 

Bəs, layihə davam edəcəkmi?

 

Koordinatorun sözlərinə görə, məktəblinin dostunun fəaliyyətinin nəticəsidir ki, həm məktəblərdən, həm də valideynlərdən çoxsaylı müraciətlər daxil olur: “Artıq 12 ümumtəhsil müəssisəsindən müraciət almışıq. Həmin müraciətlərdən 6-sı yerli təhsil şöbələrinə, qalanı layihə rəhbərliyinə edilib. Bu onu göstərir ki, nəyə nail olmağa çalışdığımızı anlayır və bizi dəstəkləyirlər. Bizim fəaliyyətimiz məktəbin də, valideynin də işini yüngülləşdirib”. 

Ancaq layihənin genişləndirilməsi nəzərdə tutulsa da, hələlik gündəmdə deyil: “Vətəndaş rəyindən asılıdır. Tələbat yaranarsa, etimad olarsa, gündəmə gələ bilər. Hələlik hədəfimizə bu 30 məktəbdə nail olmağa çalışacağıq”. 
Əslində, tələbat da var. 57 nömrəli tam orta məktəbin təcrübəsi də bunun sübutudur: “Direktora valideynlərdən biri deyib ki, əslində, yaxınlığında məktəb var. Ancaq o, övladının “Məktəblinin dostları” layihəsinin həyata keçirildiyi məktəbdə təhsil almasını istəyir. Ona görə də seçim edərkən yaxınlığındakı deyil, 57 nömrəli tam orta məktəbi seçib”.

Elə isə tələbatı qarşılamaq lazımdır. Bunun üçün də layihə rəhbərinə müraciət edilməlidir. 

 

Şagirdlər nə düşünür?

 

Məktəbin foyesində Roza, Xavər, Səmra, Nurcan və Fatiməylə qarşılaşdıq. 6-cı sinif şagirdi Roza Qasımova ötən həftə “Məktəblinin dostları” layihəsinin təşkil etdiyi 19 nömrəli məktəbdə keçirilən rəqs yarışından danışdı: “Yarışa biz də qatıldıq. “Madagascar Flashmob” etdik. Çox maraqlı oldu. Məktəblinin dostları belə tədbirlər tez-tez təşkil edir. Onları çox sevirik”. 

 

Ruhiyyə DAŞSALAHLI


Açar sözlər: