28.01.2023

“Gənc müəllimlərin III Şəbəkələşmə Forumu” keçirilib

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı və TutorLab.az-ın tərəfdaşlığı ilə “Gənc müəllimlərin III Şəbəkələşmə Forumu” keçirilib.

Forumda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev, TutorLab.az-ın rəhbəri Azad Manaflı, təhsil ictimaiyyətinin nümayəndələri və müəllimlər iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi, Vətən uğrunda canlarından keçən şəhidlərimizin və Azərbaycanın Tehrandakı səfirliyinə edilən terror hücumunun qarşısını alan zaman həlak olan baş leytenant Orxan Əsgərovun əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan AGMA-nın sədri Rüfət Əsədzadə Assosiasiyanın fəaliyyəti  barədə ətraflı məlumat verib.

BŞTİ-nin müdiri Mehriban Vəliyeva son illərdə gənc müəllimlərin peşəkarlıq səviyyəsindən, ölkəmizdə təhsil sahəsində həyata keçirilən mühüm təşəbbüslərdən söhbət açıb.

Digər çıxış edənlər hər il gənc müəllimlərin sayının daha da artmasının gənclərin müəllimlik peşəsinə olan marağından xəbər verdiyini bildiriblər. Bundan əlavə, Vətən Müharibəsində qəhrəmanlıq tariximizinin yeni salnaməsini yazanlar arasında gənc müəllimlərin, həmçinin onların yetirmələrinin də olmasının qürurverici olduğunu söyləyiblər.

Forumda musiqiçilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.

Daha sonra Forum spikerlərin çıxışları ilə davam edib.

“Məktəb-valideyn münasibətləri”, “Müəllimin insan mühəndisliyi”, “Medianın gözündə müəllim imici”, “Danlayaq, ya danlamayaq?” və digər maraqlı mövzular ətrafında müzakirələr aparılıb.

Sonda AGMA-nın kurslarında fəal iştirak edən müəllimlər təltif olunublar.