12.04.2023

Məktəblilərin xeyriyyə tamaşası maraqla qarşılanıb

Paytaxtdakı 220 nömrəli məktəb-lisey şagirdlərinin hazırladığı “Nağıllar aləminə səyahət” adlı xeyriyyə tamaşası nümayiş olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşəbbüsü ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş etdirilən tamaşa Azərbaycan xalq nağılları və dünya ədəbiyyatı nümunələri əsasında səhnələşdirilib.

Xeyriyyə tamaşasını Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Elm və Təhsil Nazirliyinin müvafiq struktur bölmə rəhbərləri, millət vəkilləri, paytaxtın Rayon İcra Hakimiyyəti başçısı müavinləri, “YAŞAT” Fondunun müdir müavini Rəbiyyə Cəfərova və digər rəsmi şəxslər, media qurumlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, məktəb direktorları, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, məktəblilər izləyiblər.

Humanizm və ümumbəşəri dəyərlərin təbliğ olunduğu tamaşanın əsas məqsədi nağıl qəhrəmanlarının dili ilə dünya uşaqlarının sülh, əmin-amanlıq şəraitində yaşamaq istəyini, dostluğa və sülhə çağırış mesajlarını çatdırmaqdan ibarətdir.

Məktəblilərin ilk təşəbbüsü olan xeyriyyə tamaşasının nümayişindən öncə 220 nömrəli məktəb-lisey ansamblı üzvlərinin skripka və tarda canlı ifaları və məktəb-liseydə təhsil alan 1 nömrəli uşaq evinin şagirdlərinin rəsm əsərlərindən ibarət sərgisi nümayiş olunub.

Tamaşa barədə təəssüratlarını bölüşən BŞTİ müdiri Mehriban Vəliyeva 220 nömrəli məktəb-liseyin uğurlarından danışıb, uşaqların intellektual inkişafı, istedad və qabiliyyətlərinin üzə çıxarılması, estetik tərbiyəsinin təmin edilməsi məqsədilə həyata keçirilən təşəbbüslərin önəmini vurğulayıb. İdarə müdiri  qeyd edib ki, Gənc Tamaşaçılar Teatrının böyük səhnəsində Bakının kiçik yaşlı məktəblilərinin nümayiş etdirdikləri xeyriyyə tamaşası onların Vətən üçün həmrəy olduqlarını göstərməklə bərabər, həm də xeyriyyəçilik, dostluq, sülhə çağırış, yardımlaşma ənənəsinin təlqin edilməsi baxımından əhəmiyyətlidir. M.Vəliyeva bildirib ki, məktəblilərin peşəkar teatr səhnəsindəki çıxışı onlara yaradıcılıq baxımından özünə inam hissi aşılayır.

Dövlətin yaratdığı təhsil imkanlarının uşaqların hərtərəfli inkişafına yol açdığını söyləyən İdarə müdiri bir təhsil müəssisəsinin yaradıcılıq nümunəsində məktəb və bağça teatrı ideyasının yeni layihə kimi reallaşdırılmasının mümkünlüyünü qeyd edib. Yaradıcı fəaliyyətlərin uşaqların öyrənmə marağını artırdığını vurğulayan M.Vəliyeva teatr səhnəsinin uşaqların püxtələşməsi baxımından mükəmməl laboratoriya olduğunu nəzərə çatdırıb.

BŞTİ müdiri maraqlı, yaddaqalan çıxışa görə məktəblilərə, müəllimlərə, məktəb rəhbərliyinə və məktəbin yanında olduqları, bu cür təşəbbüslərə dəstək verdikləri üçün valideynlərə öz təşəkkürünü bildirib,  

Qeyd edək ki, inklüziv sinif şagirdlərinin də iştirak etdiyi tamaşadan əldə olunan vəsait “YAŞAT” Fonduna köçürülüb.