07.11.2025

Məktəblilərin Zəfər Günü təntənəsi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 241 nömrəli tam orta ümumtəhsil məktəbində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, millət vəkili Günay Əfəndiyeva, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin və yerli idarəetmə qurumlarının nümayəndələri, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xəzər Rayon Komitəsinin sədri Həzərxan Əbilov, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, şəhid ailələri, məktəbin müəllim, şagird kollektivi və digər qonaqlar iştirak ediblər.

Qonaqlar əvvəlcə təhsil müəssisəsinin həyətində salınmış Şəhidlər bağı ilə tanış olub, Zəfər Günü ilə bağlı şagirdlərin əl işlərindən ibarət sərgiyə və məktəbin tarix-diyarşünaslıq muzeyinə baxış keçiriblər.

Tədbir Fövqəladə Hallar Nazirliyinin nümunəvi hərbi orkestrinin ifasında Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

I Qarabağ müharibəsinin şəhidi Ziya Ağayevin adını daşıyan təhsil ocağının direktoru vəzifəsini müvəqqəti icra edən Şəlalə Əsgərova qonaqları salamlayıb və 8 Noyabr-Zəfər Gününü əzəli torpaqlarına qovuşan xalqımızın milli qürurunun, şərəfinin qələbəsi kimi dəyərləndirib.

Tədbirdə çıxış edən MÜTDA-nın direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova xalqımızı Zəfərə aparan yoldan, Vətən Müharibəsində Azərbaycan oğullarının göstərdiyi misilsiz qəhrəmanlıqlardan söz açıb. Bildirib ki, azad Qarabağda dalğalanan üçrəngli bayrağımıza görə Ali Baş Komandanımıza, Vətən şəhidlərinə və Vətən Müharibəsinin qazilərinə borcluyuq. Qəhrəmanlıq tarixinin yeni salnaməsini yazanlar arasında təhsil ocaqlarının məzunları, bu qəhrəmanları yetişdirən müəllimlərin də olduğunu qeyd edən N.Hüseynova vətənpərvər gəncliyin yetişdirilməsində məktəblərin üzərinə düşən vəzifələrdən söz açıb.

Millət vəkili G.Əfəndiyeva, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi G. Əkbərova, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xəzər Rayon Komitəsinin sədri H.Əbilov, şəhid Ziya Ağayevin ailə üzvü Ziyad Ağayev çıxış edərək Azərbaycan xalqının qəhrəmanlıq tarixində Zəfər Gününün xüsusi yeri olduğunu vurğulayıb, 8 noyabrı hərbi qələbə ilə yanaşı, həm də milli qürurun, Vətən sevgisinin, xalq-dövlət birliyinin təntənəsi kimi dəyərləndiriblər. Qeyd olunub ki, bu qələbə Azərbaycanın gücünü, mübarizə əzmini bütün dünyaya nümayiş etdirir. Gənc nəsillər şəhidlərimizin qanı ilə yazılmış bu tarixi unutmamalı, Azərbaycanın daim qalib, bayrağımızın hər zaman zirvələrdə dalğalanması üçün var gücü ilə çalışmalıdırlar.

Tədbir zamanı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xəzər Rayon Komitəsi tərəfindən məktəbin Vətən Müharibəsində iştirak etmiş fiziki tərbiyə müəllimi Fəyyaz İbişova Fəxri Fərman və hədiyyə təqdim olunub.

Daha sonra FHN-nin nümunəvi hərbi orkestrinin ifasında vətənpərvərlik mahnıları, məktəb şagirdlərinin ifasında Zəfərə, Vətənə həsr edilmiş ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.