Heydər Əliyev Fondu ilə Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində reallaşdırılan “Zəkaların mübarizəsi” olimpiadasının Bakı Şəhər Təhsil İdarəsi (BŞTİ) tərəfindən təşkil olunan paytaxt məktəbləri üzrə regional mərhələsi keçirilib.
Bu mərhələdə ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri olimpiadanın bilik yarışı kateqoriyasında mübarizə aparıblar.
Paytaxtdakı 6 nömrəli məktəb-liseydə təşkil olunan tədbirdə BŞTİ-nin müdir müavini Fəttah Fəttayev, Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Zinyət Əmirova, məktəb direktorları, müəllimlər və şagirdlərr iştirak ediblər.
Tədbir 6 nömrəli məktəb-liseyin xor qrupunun ifasında Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
İştirakçılara uğurlar arzulayan BŞTi-nin müdir müavi Fəttah Fəttayev olimpiadanın məqsədləri barədə ətraflı məlumat verib, istedadlı şagirdlərin aşkarlanması və onların gələcək inkişafına dəstək göstərilməsi baxımından mühüm əhəmiyyət daşıdığını söyləyib. Müdir müavini intellektual yarışların gənclərin analitik düşüncə qabiliyyətinin inkişafında mühüm rol oynadığını, innovativ yanaşmanı təşviq etdiyini və ölkənin gələcək kadr potensialının formalaşmasına töhfə verdiyini vurğulayıb.
Tədbir ədəbi-bədii kompozisiyalarla davam edib.
Daha sonra regional mərhələyə vəsiqə qazanmış 12 komanda riyaziyyat-məntiq, rəqəmsal texnologiyalar, təbiət, humanitar elmlər, mədəniyyət və incəsənət olmaqla 5 müxtəlif istiqamət üzrə 25 sualı cavablandırıblar.
Olimpiadanın regional mərhələsində uğur qazanan Nərimanov, Yasamal, Səbail, Nizami və Xəzər rayonlarının komandaları respublika mərhələsində iştirak hüququ qazanıb.
Qeyd edək ki, “Zəkaların mübarizəsi” olimpiadası regional və respublika mərhələlərindən, hər mərhələ isə bilik və şahmat üzrə yarışlardan ibarətdir. Olimpiadanın regional mərhələsinin şahmat üzrə yarışının yaxın günlərdə keçirilməsi nəzərdə tutulur.