07.05.2026

"Ən yaxşı təqdimat" müsabiqəsinin qalibləri mükafatlandırılıblar

Ümumi təhsil müəssisələrinin 9-11-ci sinif şagirdləri arasında keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mayın 7-də mükafatlandırılma mərasimi keçirilib. 

Müsabiqə ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunub və onun zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən daha dərindən öyrənilməsinə xidmət edir.

Əvvəlcə Dövlət Himni səsləndirilib, ardınca ulu öndər Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Çıxış edən Yeni Azərbaycan Partiyası sədrinin müavini, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov “Ən yaxşı təqdimat” müsabiqəsinin 20 ildən artıqdır ki Heydər Əliyev irsinin gənclərimiz arasında təbliğ edilməsində, öyrənilməsində xüsusi rol oynadığını vurğulayıb. Bildirib ki, Heydər Əliyevin siyasətini uğurla davam etdirən və Azərbaycan dövlətini böyük inkişaf mərhələsinə gətirib çatdıran Prezident İlham Əliyevin də gənclərimizə tövsiyəsi ulu öndərin vəsiyyətinə əməl edərək ən müasir biliklərə yiyələnməkdir.

Çıxış edən elm və təhsil naziri Emin Əmrullayev “Ən yaxşı təqdimat" müsabiqəsinin Azərbaycanın köklü, ənənəvi təhsil müsabiqələrindən birinə çevrildiyini söyləyib. Qeyd edib ki, müxtəlif istiqamətlər üzrə bir çox müsabiqələr keçirilsə də, bu müsabiqə öz mahiyyəti və Azərbaycanın gələcək nəslinin tərbiyəsindəki rolu ilə xüsusi əhəmiyyət daşıyır. Nazir bildirib ki,  təhsil sisteminin qarşısında duran əsas məqsədlərdən biri şagirdlərə bilik və bacarıqlar qazandırmaqdırsa, digər mühüm məqsəd onların milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda formalaşdırılmasıdır. Yeni nəslin milli ideoloji mühitdə inkişafına töhfə vermək baxımından ulu öndərin irsinin öyrənilməsi olduqca vacibdir. 

YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov çıxışında gənclərin yalnız rəqəmsal texnologiya istifadəçisi deyil, eyni zamanda milli maraqları daim üstün tutan, yüksək mənəvi dəyərlərə malik, vətənpərvər şəxsiyyətlər kimi formalaşmalı olduqlarını vurğulayıb. Bildirib ki, ənənəvi xarakter almış "Ən yaxşı təqdimat" müsabiqəsi Heydər Əliyev irsinin gənc nəsil tərəfindən daha dərindən öyrənilməsi, milli dəyərlərimizə sadiq, vətənpərvər gəncliyin yetişməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Sonda qaliblərə diplomlar və hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, builki müsabiqədə ölkə üzrə 3181 şagird iştirak edib, 33 nəfər müsabiqənin qalibi olub. Onlardan 6 nəfər 1-ci, 11 nəfər 2-ci, 16 nəfər isə 3-cü yerə layiq görülüb.

Müsabiqə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilib.