Uşaq-Gənclər İnkişaf mərkəzlərinin dərnək üzvləri arasında keçirilmiş rəsm və əl işləri müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "Tikdim ki, izim qala" adlı müsabiqə "Şəhərsalma və Memarlıq İli"nə həsr olunub.
Mükafatlandırılma mərasimində BŞTİ-nin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutunun direktor müavini Elçin Umudov və institutun nümayəndələri, Bakı şəhərində fəaliyyət göstərən Uşaq-Gənclər İnkişaf mərkəzlərinin direktorları, qaliblər və digər qonaqlar iştirak ediblər.
Qonaqlar əvvəlcə rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.
Tədbirdə çıxış edən Günay Qurbanova Uşaq-Gənclər İnkişaf mərkəzlərinin dərnək üzvləri arasında bu cür müsabiqələrin keçirilməsində əsas məqsədin 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı uşaq və gənclərin milli memarlıq irsinə marağının artırılması, yaradıcı düşüncənin və bədii ifadə bacarıqlarının inkişaf etdirilməsindən ibarət olduğunu bildirib.
Bakı Dövlət Layihə İnstitutunun direktor müavini Elçin Umudov şagirdlərin Azərbaycanın zəngin memarlıq tarixi, klassik və müasir memarlıq nümunələri, görkəmli memarların irsi haqqında biliklərinin genişləndirilməsində əhəmiyyəti olan bu cür müsabiqələri yüksək dəyərləndirib, müsabiqə qaliblərini təbrik edib və onlara uğurlar arzulayıb.
Tədbir bədii hissə ilə davam edib.
Sonda qaliblərə diplom və hədiyyələr təqdim edilib.